ABŞ və İran arasında müvəqqəti anlaşma müzakirə olunur
“Reuters” agentliyinin məlumatına görə, ABŞ və İran müharibənin dayandırılması məqsədilə məhdud və müvəqqəti razılaşmaya yaxınlaşıb.
Agentlik mənbələrə və rəsmilərə istinadən bildirib ki, tərəflər hazırda hərbi əməliyyatların dayandırılmasına yönəlmiş qısamüddətli çərçivə sənədi üzərində işləyirlər.
Məlumata əsasən, bu sənəd tammiqyaslı sülh sazişi deyil, tərəflər arasında gərginliyi azaltmağa hesablanmış müvəqqəti anlaşma formatı daşıyır.
Əsas fikir ayrılıqları qalır
“Reuters” yazır ki, Vaşinqton və Tehran hərtərəfli razılaşma ilə bağlı gözləntilərini aşağı salıb.
Bildirilib ki, tərəflər arasında İranın nüvə proqramı, yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının taleyi və nüvə fəaliyyətinin dayandırılma müddəti kimi əsas məsələlər üzrə fikir ayrılıqları davam edir.
Buna baxmayaraq, tərəflərin bölgədə yeni eskalasiyanın qarşısını almaq və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti mexanizm üzərində çalışdığı qeyd olunur.
Razılaşmanın üç mərhələli planı var
Mənbələrin sözlərinə görə, nəzərdə tutulan çərçivə razılaşması üç mərhələdən ibarətdir.
İlk mərhələdə müharibənin rəsmi şəkildə dayandırılması planlaşdırılır. Daha sonra Hörmüz boğazı ilə bağlı böhranın həlli istiqamətində addımların atılması nəzərdə tutulur.
Son mərhələdə isə tərəflər arasında daha geniş razılaşmanın əldə olunması üçün 30 günlük danışıqlar pəncərəsinin açılması planlaşdırılır.
Pakistan vasitəçilik edir
“Reuters”ə danışan və vasitəçilik prosesində iştirak edən pakistanlı rəsmi bildirib ki, hazırkı əsas məqsəd müharibənin tam dayandırılması ilə bağlı davamlı razılaşmanın əldə edilməsidir.
Onun sözlərinə görə, digər mübahisəli məsələlər daha sonra birbaşa danışıqlar çərçivəsində müzakirə ediləcək.
Tehran müvəqqəti atəşkəs istəmir
Məlumata görə, İran tərəfi yalnız qısamüddətli atəşkəs deyil, həm İran daxilində, həm də regionda müharibəni tam dayandıracaq razılaşma əldə olunmasını istəyir.
ABŞ prezidenti Donald Tramp isə İranla müharibənin yaxın vaxtlarda başa çatacağını gözlədiyini bildirib. O, həmçinin Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün razılaşmaya nail olunmasının vacibliyini vurğulayıb.
Tehran ABŞ mediasının iddialarını təkzib edir
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzai daha əvvəl “Axios” saytında yayılan oxşar məlumatları “ABŞ-ın arzu siyahısı” adlandırıb.
O bildirib ki, Vaşinqton danışıqlarda əldə edə bilmədiyini müharibə yolu ilə də əldə edə bilməyəcək.
“Təsnim” agentliyi isə məlumatlı mənbəyə istinadən yazıb ki, İran ABŞ tərəfindən göndərilən son mətnə hələ rəsmi cavab verməyib.
