Şuşadakı layihə milyonlarla manatlıq sual doğurdu
Şuşa Rayon Mərkəzi Xəstəxanasının tikintisini həyata keçirən “Fərid İnşaat” Firması yenidən diqqət mərkəzinə düşüb. Hesablama Palatasının audit yoxlamaları zamanı layihədə 11 milyon manatdan artıq maliyyə və qanun pozuntusu müəyyən edilib.
- Şuşadakı layihə milyonlarla manatlıq sual doğurdu
- Hesablama Palatası hansı pozuntuları aşkarlayıb?
- Müqavilə dəyəri süni şəkildə artırılıb
- Görülməyən işlərə görə ödəniş edilib
- 7,9 milyon manatlıq iş tam icra edilməyib
- Şirkət əvvəlki layihələrdə də eyni ittihamlarla gündəmə gəlib
- Şirkət rəhbəri ittihamları nazirliyin üzərinə yönəltdi
- “Müəyyən iradlar olub”
- Buna baxmayaraq Qarabağda yeni tenderlər qazanılır
- İqtisadçı: “Bu artıq sistemli korrupsiyadır”
- “Tender sistemi ciddi nəzarətdən kənardadır”
2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə təməli qoyulan xəstəxana 2025-ci ildə istifadəyə verilib. Təxminən 17 min kvadratmetr sahəni əhatə edən və 90 çarpayılıq nəzərdə tutulan tibb müəssisəsinin tikintisinə ümumilikdə 62 milyon 232 min manat vəsait xərclənib.
Hesablama Palatası hansı pozuntuları aşkarlayıb?
Audit materiallarına əsasən, layihənin ilkin mərhələsində xəstəxananın 90 çarpayılıq olmasına dair əsaslandırılmış təkliflər təqdim edilməyib. Əhalinin sayı, tibbi kadr təminatı və regionun səhiyyə ehtiyacları əvvəlcədən düzgün qiymətləndirilməyib.
Müqavilə dəyəri süni şəkildə artırılıb
Hesabatda qeyd olunur ki, torpaq seçimi və geoloji göstəricilərlə bağlı yanlışlıqlar nəticəsində layihənin dəyəri təxminən 15 faiz artırılıb. İlkin mərhələdə müqavilə məbləğinin 3,5 milyon manat şişirdildiyi bildirilib.
Görülməyən işlərə görə ödəniş edilib
Audit zamanı müəyyən olunub ki, bəzi işlər ümumiyyətlə yerinə yetirilmədiyi halda qəbul aktlarına daxil edilib və podratçı şirkətə əlavə ödənişlər həyata keçirilib.
7,9 milyon manatlıq iş tam icra edilməyib
Sənədlərdə quraşdırıldığı göstərilən bəzi avadanlıqların yerində olmadığı aşkarlanıb. Hesablama Palatası 7,9 milyon manat dəyərində işin tam yerinə yetirilmədiyini qeyd edib.
Bundan başqa:
- Müqavilə dəyəri 393 min manat artırılıb;
- 341 min manatdan çox artıq ödəniş müəyyən olunub;
- Görülməyən işlərə görə 113 min manat ödənilib;
- Təkrar daxil edilən avadanlıq və xidmətlər səbəbindən qiymətlər 2,5 milyon manatdan çox şişirdilib.
Şirkət əvvəlki layihələrdə də eyni ittihamlarla gündəmə gəlib
“Fərid İnşaat” Firması daha əvvəl də Qəbələ, Şəmkir və Qazax rayon mərkəzi xəstəxanalarının tikintisi zamanı oxşar maliyyə pozuntuları ilə bağlı audit hesabatlarında yer alıb.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi zamanı 1,5 milyon manat artıq ödəniş edildiyi qeyd olunub. Şəmkir layihəsində isə 630 min manatdan çox mənimsəmə faktı aşkarlanıb.
Şirkət rəhbəri ittihamları nazirliyin üzərinə yönəltdi
Şirkətin rəhbəri Sübhan Həsənov Meydan TV-yə açıqlamasında məsuliyyətin əsasən Səhiyyə Nazirliyinin üzərində olduğunu bildirib.
O qeyd edib ki, Hesablama Palatası birbaşa podratçı şirkəti deyil, sifarişçi qurumu yoxlayır:
“Müəyyən iradlar olub”
Sübhan Həsənov bildirib ki, audit zamanı bəzi iradlar səsləndirilib və həmin çatışmazlıqlar aradan qaldırılıb.
Lakin o, layihələrdəki maliyyə şişirtmələri ilə bağlı konkret açıqlama verməyib.
Buna baxmayaraq Qarabağda yeni tenderlər qazanılır
Bütün bu qalmaqallara rəğmən, “Fərid İnşaat” işğaldan azad olunmuş ərazilərdə yeni dövlət sifarişləri almağa davam edir.
Şirkət:
- Ağdərənin Heyvalı kəndində fərdi yaşayış evlərinin təmiri;
- Xankəndidə yaşayış və qeyri-yaşayış obyektlərinin təmiri üzrə satınalmaların qalibi olub.
Bu satınalmaların bir hissəsi tender keçirilmədən, bir mənbədən həyata keçirilib.
İqtisadçı: “Bu artıq sistemli korrupsiyadır”
Azad İqtisadiyyata Yardım İB-nin sədri Zöhrab İsmayıl bildirib ki, eyni şirkətlərin təkrar tender qazanması dövlət satınalmalarının qeyri-şəffaf olduğunu göstərir.
Onun sözlərinə görə, milyonlarla manatlıq pozuntular aşkarlanmasına baxmayaraq şirkətlərin məsuliyyətə cəlb edilməməsi siyasi himayədən xəbər verir.
“Tender sistemi ciddi nəzarətdən kənardadır”
İqtisadçı qeyd edib ki, belə hallarda şirkətlər “qara siyahı”ya salınmalı və dövlət sifarişlərindən uzaqlaşdırılmalıdır:
“Əgər şirkət dövlət layihəsində ciddi maliyyə pozuntusuna yol veribsə, ona yenidən tender verilməsi düzgün deyil. Bu, sistemli korrupsiya görüntüsü yaradır”.
