Qalibaf ABŞ-a açıq xəbərdarlıq etdi
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-a qarşı sərt bəyanatla çıxış edib.
O bildirib ki, Vaşinqton indiyədək təzyiq və öhdəliklərin pozulmasının nəticəsiz qalmadığını anlamayıb. Qalibaf ABŞ rəhbərliyinə müraciət edərək istənilən yeni hücumun cavabsız qalmayacağını vurğulayıb.
“Bunu açıq deyirəm: Əgər siz zərbə endirsəniz, cavab zərbəsi alacaqsınız. Mənasız addımlar atmayın, əks halda daha ağır nəticələrlə üzləşəcəksiniz.”
Hörmüz boğazı ilə bağlı mesaj
İran parlamentinin sədri Hörmüz boğazındakı vəziyyətə də toxunub.
Onun sözlərinə görə, boğazda gəmiçiliyin bərpası və hərəkətin davamı yalnız İranın müəyyən edəcəyi qaydalar çərçivəsində mümkün olacaq və bu məsələ ABŞ-ın təzyiqləri ilə həll edilməyəcək.
Gərginlik hərbi əməliyyatlardan sonra artıb
Qalibafın açıqlamaları İranın son günlər ABŞ-ın bölgədəki hərbi bazalarına qarşı həyata keçirdiyini bildirdiyi raket və pilotsuz uçuş aparatları ilə hücumlardan sonra səsləndirilib.
İran rəsmiləri bu əməliyyatların ABŞ-ın ölkə ərazisinə endirdiyi hava zərbələrinə cavab olduğunu bildirirlər.
İran ABŞ bazalarının hədəfə alındığını iddia edir
İran İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl açıqlamışdı ki, Küveyt və Bəhreyndə yerləşən dörd ABŞ hərbi bazası raket və pilotsuz uçuş aparatları ilə vurulub.
Bəyanata əsasən, Küveytdəki Ərifcan hərbi düşərgəsi və Əli əs-Salim Hərbi Hava Bazası, eləcə də Bəhreyndə yerləşən Əl-Cufeyr və Şeyx İsa hərbi bazaları hədəfə alınıb.
İran tərəfi xəbərdarlıq edib ki, ABŞ tərəfindən yeni hərbi əməliyyat həyata keçirilərsə, bölgədə yerləşən digər Amerika hərbi bazaları da hücumların hədəfinə çevriləcək.
Qarşılıqlı ittihamlar davam edir
Son günlər Vaşinqton və Tehran arasında qarşılıqlı hərbi əməliyyatlar və sərt bəyanatlar Yaxın Şərqdə gərginliyi daha da artırıb. Qeyd edək ki, İranın hərbi əməliyyatlarla bağlı irəli sürdüyü iddialar müstəqil mənbələr tərəfindən tam şəkildə təsdiqlənməyib.

