“Əməllər bəyanatlarla uyğun gəlmir”
İran parlamentinin (Məclis) sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, ABŞ bir tərəfdən müharibənin dayandırılmasını istədiyini bəyan edir, digər tərəfdən isə Qərbi Asiyaya yeni hərbi texnika və qüvvələr göndərməyə davam edir.
Onun sözlərinə görə, sülhə dair açıqlamalar real addımlarla təsdiqlənməli, əks halda bu bəyanatlar inandırıcı görünmür.
“İran ABŞ-ın siyasətini yaxşı anlayır”
Qalibaf qeyd edib ki, Vaşinqton İranın mövqeyini düzgün qiymətləndirmir.
O bildirib ki, Tehran illər ərzində ABŞ-ın siyasətini və yanaşmasını dərindən öyrənib və buna uyğun hazırlıq görüb.
Birlik çağırışı
İran parlamentinin sədri son günlər etdiyi digər çıxışını da xatırladaraq, hərbi və diplomatik fəaliyyətin koordinasiyasının milli maraqların qorunması üçün vacib olduğunu vurğulayıb.
O, İran xalqını ölkə daxilində birliyi qorumağa və xarici təhdidlər qarşısında həmrəy olmağa çağırıb.
Gərginlik davam edir
Son günlər ABŞ-ın İranın cənub bölgələrində yerləşən limanlara, sahil obyektlərinə və mülki infrastruktur elementlərinə zərbələr endirdiyi barədə məlumatlar yayılıb.
Bu gün səhər saatlarında da İranın cənubunda yerləşən bir neçə şəhərin hücuma məruz qaldığı bildirilib.

