Şeyx Rizvanda mülki avtomobil hədəfə alınıb
Qəzza şəhərinin qərbində yerləşən Şeyx Rizvan məhəlləsində sionist rejimə məxsus pilotsuz uçuş aparatının mülki avtomobili vurması nəticəsində şəhid və yaralananların olduğu bildirilir.
Məlumata görə, avtomobil Şeyx Rizvan məhəlləsinin Birinci küçəsində hədəfə alınıb.
Fələstin Qızıl Aypara Cəmiyyətinin təcili tibbi yardım briqadaları hücum nəticəsində yaralanan 7 nəfərə yardım göstərib. Yaralılardan 5-i cəmiyyətə məxsus Əs-Səraya səhra xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır qiymətləndirilən daha iki yaralı isə Əş-Şifa xəstəxanasına aparılıb.
Avtomobildən üç nəfərin meyiti çıxarılıb
Qəzzanın Mülki Müdafiə Xidmətinin məlumatına görə, Qəzza şəhərinin şimalında vurulan avtomobildə olan üç fələstinlinin yanmış meyiti çıxarılıb.
Bundan başqa, Qəzza şəhərinin şərqindəki Ət-Tuffah məhəlləsində, Əl-Həcər küçəsinin yaxınlığında bir gəncin sionist hərbçilərinin açdığı atəş nəticəsində yaralandığı bildirilir.
Cəbaliya düşərgəsinə PUA hücumu
Qəzza zolağının şimalında yerləşən Cəbaliya düşərgəsində də işğalçı İsrailə məxsus pilotsuz uçuş aparatının hava hücumu həyata keçirdiyi bildirilir.
Məlumata görə, hücum Cəbaliya düşərgəsinin qərbində, Mülki Müdafiə Xidmətinin qərargahının yaxınlığında baş verib.
Hücum nəticəsində bir nəfərin həyatını itirdiyi, bir neçə nəfərin isə yaralandığı qeyd olunur. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Xan Yunisin şərqi artilleriya atəşinə tutulub
Qəzza zolağının cənubunda isə rejim artilleriyasının Xan Yunis şəhərinin şərqində yerləşən Bəni Süheyla dairəsinin ətrafını hədəfə aldığı bildirilir.
Hücumun nəticələri ilə bağlı əlavə məlumat təqdim edilməyib.
Uşaq və qadınların da yaralandığı bildirilir
Qəzza zolağının mərkəzi hissəsində yerləşən Əl-Bureyc düşərgəsinin 6-cı məhəlləsində bir uşağın sionist rejim hərbçilərinin açdığı atəş nəticəsində yaralandığı qeyd olunur.
Əl-Məğazi düşərgəsinin şərqində isə rejim qüvvələrinin açdığı atəş nəticəsində bir qadının ağır yaralandığı bildirilir. Həmin ərazidə bir gəncin də ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı qeyd edilir.
Əş-Şücaiyyə istiqamətində intensiv atəş
Qəzza şəhərinin şərqində yerləşən Əş-Şücaiyyə məhəlləsinin şərq hissəsində rejim hərbi texnikasının intensiv atəş açdığı bildirilir.
Məlumata görə, Qəzza zolağının müxtəlif bölgələrində hücumlar davam edib və ayrı-ayrı ərazilərdə şəhid və yaralananlar qeydə alınıb.
Qəzzada şəhidlərin sayının 73 min 910-a çatdığı açıqlanıb
Qəzza zolağındakı Fələstin Səhiyyə Nazirliyi gündəlik statistik hesabatında son 48 saat ərzində xəstəxanalara 4 nəfərin meyitinin və 17 yaralının gətirildiyini açıqlayıb.
Nazirliyin məlumatına görə, 7 oktyabr 2023-cü ildən bəri sionsit rejimin Qəzzaya hücumları nəticəsində həyatını itirənlərin ümumi sayı 73 min 910-a, yaralananların sayı isə 174 min 914-ə çatıb.
Atəşkəsdən sonrakı itkilər də açıqlanıb
Səhiyyə Nazirliyi 11 oktyabr 2025-ci ildə atəşkəsin elan edilməsindən indiyədək 1390 nəfərin həyatını itirdiyini bildirib.
Eyni dövrdə yaralananların sayının 4 min 801 olduğu açıqlanıb.
Nazirliyin məlumatına görə, həmin tarixdən indiyədək dağıntılar altından ümumilikdə 831 nəfərin meyiti çıxarılıb.
