Qəzzada İşğalçı İsrailin Gizli Planı Pozuldu: Xüsusi qüvvələr Döyüşə Cəlb Edildi

4 Dəq Oxuma Müddəti

Qəzzada xüsusi əməliyyatın qarşısının alındığı bildirilib

Qəzza zolağında Fələstin müqavimətinin təhlükəsizlik strukturlarına bağlı “Əl-Haris” platforması çərşənbə axşamı səhər saatlarında işğalçı İsrail qüvvələrinin həyata keçirdiyi irimiqyaslı xüsusi əməliyyatın qarşısının alındığını açıqlayıb.

Məlumata görə, əməliyyatın əsas hədəfi Fələstin müqavimətinin yüksək səviyyəli rəhbər şəxslərindən biri olub.

Açıqlamada sionist rejim xüsusi qüvvələrinin aşkarlandığı, bundan sonra tərəflər arasında silahlı qarşıdurmanın başladığı bildirilib.

Fələstin tərəfinin məlumatına görə, əməliyyatda iştirak edən sionist rejim qüvvələrinə itkilər verdirilib. Bununla yanaşı, onların üzərində olan bəzi silah və avadanlıqların ələ keçirildiyi qeyd olunub.

Təhlükəsizlik əməkdaşının aparıldığı açıqlanıb

Fələstin müqavimətinin təhlükəsizlik qurumu əməliyyat zamanı ərazidə olan təhlükəsizlik rəsmilərindən birinin sionist rejim qüvvələri tərəfindən aparıldığını da bildirib.

Açıqlamada rejim üçün məlumat toplamaq və əməliyyata dəstək göstərməkdə şübhəli bilinən üç nəfərin saxlanıldığı qeyd olunub.

Qəzza sakinlərindən hadisə ilə bağlı malik olduqları məlumatları təhlükəsizlik strukturlarına çatdırmaları istənilib.

HƏMAS işğalçı İsrailin əməliyyatını pislədi

HƏMAS Qəzza şəhərinin qərbində yerləşən Əl-Kətibə bölgəsində sionist rejim xüsusi qüvvələrinin həyata keçirdiyi əməliyyatla bağlı ayrıca açıqlama yayıb.

Hərəkat bildirib ki, əməliyyat əhalinin və məcburi köçkünlərin sıx yaşadığı ərazidə həyata keçirilib.

HƏMAS-ın açıqlamasına görə, xüsusi qüvvələrin əraziyə daxil olması və sonradan geri çəkilməsi zamanı intensiv atəş açılıb, eyni zamanda havadan çoxsaylı zərbələr endirilib.

Əməliyyata havadan dəstək verilib

HƏMAS sionist rejim hərbi aviasiyasının əraziyə daxil olan xüsusi qüvvələrə havadan dəstək verdiyini bildirib.

Rejim mənbələrinin məlumatına görə, Qəzza şəhərinin qərbindəki Əl-Kətibə bölgəsinə ən azı 12 hava zərbəsi endirilib.

Yerli mənbələr isə hadisə zamanı ərazidən uzaqlaşmağa çalışan mülki şəxslərə məxsus iki avtomobilin də vurulduğunu bildiriblər.

HƏMAS baş verənləri atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirərək ABŞ və vasitəçi ölkələri işğalçı İsrailə təzyiq göstərməyə çağırıb.

Əl-Kətibədə şiddətli döyüşlər başlayıb

Məlumata görə, əsas qarşıdurma Qəzza şəhərinin qərbində, Amerika xəstəxanasının yaxınlığındakı Əl-Kətibə bölgəsində yaşanıb.

Sionist rejimin xüsusi qüvvələrinin əraziyə sızmağa çalışdığı, daha sonra Fələstin müqavimət qüvvələri tərəfindən mühasirəyə alındığı bildirilir.

Bundan sonra bölgədə şiddətli silahlı toqquşmalar başlayıb.

İşğalçlı İsrail aviasiyası ən azı 12 zərbə endirib

Rejim mənbələrinin məlumatına əsasən, xüsusi əməliyyat davam etdiyi müddətdə hərbi hava qüvvələri Əl-Kətibə və Qəzza şəhərinin qərbindəki ərazilərə ən azı 12 zərbə endirib.

Fələstin tərəfi bu hava hücumlarının əraziyə daxil olmuş xüsusi qüvvələrin geri çəkilməsini təmin etmək məqsədi daşıdığını bildirir.

Əməliyyatın bütün detalları və sionist rejim qüvvələrinin itkiləri ilə bağlı rəqəmlər hələ açıqlanmayıb.

4 nəfərin şəhid olduğu, 8 nəfərin yaralandığı bildirilib

Qəzzadakı Əş-Şifa xəstəxanasının direktoru Məhəmməd Əbu Səlmiyyə hadisələr nəticəsində ilkin olaraq dörd nəfərin şəhid olduğu açıqlayıb.

Onun sözlərinə görə, həyatını itirənlər arasında üç uşaq və bir qadın var.

Daha səkkiz nəfərin yaralandığı bildirilib.

Şəhidlərin sayının arta biləcəyi xəbərdarlığı

Əbu Səlmiyyə açıqlanan rəqəmlərin yekun olmadığını və ölənlərin sayının arta biləcəyini qeyd edib.

HƏMAS əməliyyat zamanı intensiv atəş və hava hücumlarının mülki əhalinin həyatını təhlükəyə atdığını bildirərək beynəlxalq ictimaiyyəti müdaxiləyə çağırıb.

Hərəkat BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq qurumlardan Qəzzada mülki şəxslərə qarşı hücumların dayandırılması istiqamətində tədbirlər görülməsini tələb edib.

Qəzzadakı Fələstin müqavimətinin təhlükəsizlik qurumunun açıqlamasına əsasən, işğalçı İsrailin əsas hədəfi olan yüksək səviyyəli şəxslə bağlı plan baş tutmayıb. Bununla belə, əməliyyat zamanı bir təhlükəsizlik rəsmisinin işğalçı İsrail qüvvələri tərəfindən aparıldığı bildirilib. Hadisənin hərbi nəticələri və tərəflərin itkiləri barədə məlumatların dəqiqləşdirilməsi davam edir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş