Putin Ukrayna ordusuna qarşı “tam məğlubiyyət” çağırışı etdi
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunu xüsusi hərbi əməliyyat çərçivəsində “tam məğlubiyyətə uğratmalıdır”.
Putin qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi ona 9 May – “Qələbə Günü” tədbirləri zamanı Kiyev tərəfindən hər hansı ciddi təxribat barədə məlumat verməyib.
O əlavə edib ki, bu il keçirilən hərbi paradda texnikanın az nümayiş olunması yalnız təhlükəsizlik səbəbi ilə deyil, həm də diqqətin Rusiya ordusunun şəxsi heyətinə yönəldilməsi məqsədi daşıyıb.
Moskva müxtəlif ölkələrlə təhlükəsizlik məsələlərini müzakirə edib
Rusiya lideri bildirib ki, Moskva Çin, Hindistan, ABŞ və digər ölkələrlə Ukraynanın 9 May tarixində mümkün hücumları və Rusiyanın cavab addımları barədə müzakirələr aparıb.
Putin həmçinin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş məsələsinə də toxunub. O deyib ki, belə görüş təşəbbüsü irəli sürmür, lakin onu tam şəkildə rədd də etmir.
Putin İran-ABŞ qarşıdurmasını “mürəkkəb münaqişə” adlandırdı
İran və ABŞ arasında gərginliyə münasibət bildirən Putin qeyd edib ki, bu qarşıdurmanın davam etməsində maraqlı tərəflərin olduğunu düşünmür.
Rusiya prezidenti münaqişəni “çox mürəkkəb və təhlükəli” adlandıraraq bildirib ki, bu vəziyyət Moskvanı da çətin vəziyyətə salır. O, böhranın ən qısa zamanda həll olunacağına ümid etdiyini vurğulayıb.
Rusiya İran uranının daşınmasına yenidən hazırdır
Putin açıqlamasında İranın zənginləşdirilmiş uranı ilə bağlı diqqətçəkən məlumatlar da verib. O bildirib ki, Rusiya 2005-ci ildə olduğu kimi, İran uranının ölkədən çıxarılması prosesini yenidən həyata keçirməyə hazırdır.
Onun sözlərinə görə, Moskva daha əvvəl İran uranının Rusiya ərazisinə daşınmasını təklif etmişdi və ilkin mərhələdə bütün tərəflər buna razılıq vermişdi.
Lakin Putin iddia edib ki, sonradan ABŞ mövqeyini dəyişərək uranın öz ərazisinə göndərilməsini tələb edib. Bundan sonra isə İran tərəfi uranın ölkədən çıxarılmasına razılıq verməyib.
Rusiya prezidenti bildirib ki, İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricani həmin dövrdə Moskvaya Tehranın artıq uranı xaricə göndərməyə hazır olmadığını çatdırıb.
