Çempionlar Liqasının qalibi penaltilərlə müəyyənləşdi
UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün qalibi bəlli olub. Final qarşılaşmasında Fransanın PSJ klubu İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gəlib.
Oyunun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalibi penaltilər seriyası müəyyən edib. Penaltilərdə rəqibinə 4:3 hesabı ilə qalib gələn Paris təmsilçisi kuboku muzeyinə aparıb.
Finalın qolları Haverts və Dembeledən gəldi
Matçın əsas vaxtında “Arsenal”ın qolunu Kai Haverts vurub. PSJ-nin cavab qoluna isə Usman Dembele imza atıb.
Hər iki komanda əlavə vaxtda da qalibiyyət qolunu tapa bilməyib və final penaltilərə qədər uzanıb.
Penaltilərdə dramatik sonluq
Penaltilər seriyası böyük həyəcanla keçib. PSJ-də Qonsalu Ramuş və Due ilk iki zərbəni dəqiq yerinə yetirib.
“Arsenal”da isə ilk penaltini Viktor Gökeres qola çevirsə də, ikinci zərbəni vuran Eze topu qapıdan kənara göndərib.
PSJ-də üçüncü penaltini yerinə yetirən Nunu Mendeşin zərbəsini qapıçı David Raya dəf edib. Ardınca “Arsenal”ın futbolçusu Dəklan Rays hesabı bərabərləşdirib.
Dördüncü penaltilərdə Əşrəf Hakimi PSJ-ni yenidən önə keçirib, Qabriel Martinelli isə cavab qolunu vuraraq tarazlığı qoruyub.
Həlledici anda PSJ futbolçusu Beraldu səhv etməyib. “Arsenal”ın son penaltisini yerinə yetirən Qabriel isə topu qapının üzərindən auta göndərərək komandasını böyük məyusluqla üz-üzə qoyub.
10 ildən sonra ilk dəfə final penaltilərə getdi
UEFA Çempionlar Liqasının finalı sonuncu dəfə 10 il əvvəl penaltilərlə nəticələnmişdi. Bu final həm də uzun illər sonra bir neçə maraqlı statistik göstərici ilə yadda qalıb.
2018-ci ildən bəri ilk dəfə Çempionlar Liqasının finalında hər iki komanda qol vurmağı bacarıb.
Bundan əlavə, son 11 finalda ilk qolu vuran komanda kuboku qazanırdı. Bu dəfə isə həmin ənənə pozulub və geridönüş edən tərəf PSJ olub.
“Arsenal” yenə arzusuna çata bilmədi
“Arsenal” klubunun Çempionlar Liqasındakı ilk titul arzusu yenə reallaşmayıb.
İngiltərə təmsilçisi bundan əvvəl yalnız bir dəfə – 2006-cı ildə finala yüksəlmiş və “Barselona”ya məğlub olmuşdu. 20 ildən sonra yenidən final oynayan London klubu ikinci cəhdində də kuboku qazana bilməyib.
Fransa futbolu üçün tarixi uğur
PSJ-nin qələbəsi Fransa futbolu üçün də xüsusi əhəmiyyət daşıyır. Bununla Fransa klubları tarixdə üçüncü dəfə Çempionlar Liqasının qalibi olub.
Turnirdə ən çox çempionluq İspaniya klublarına məxsusdur. İspaniya təmsilçiləri indiyədək 20 dəfə kuboku qazanıb. İngiltərə klubları 15, İtaliya 12, Almaniya isə 8 dəfə Avropanın ən böyük klub turnirində zəfər əldə edib.
