ABŞ yeni ölüm faktını qeydə aldı
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatlarına əsasən, İrana qarşı həyata keçirilən hərbi əməliyyat zamanı ölən amerikalı hərbçilərin sayı 14 nəfərə yüksəlib.
Bundan əvvəl nazirlik rəsmi şəkildə “Epik Qəzəb” əməliyyatı çərçivəsində 13 hərbçinin öldüyünü açıqlamışdı. ABŞ Prezidenti Donald Tramp İrana qarşı son zərbələrdən sonra Konqresi məlumatlandıraraq əməliyyatın başa çatdığını elan etmişdi.
Vaşinqton vaxtı ilə çərşənbə axşamı günü Pentaqonun Müdafiə İtkilərinin Təhlili Sistemi əlavə bir ölüm hadisəsini qeydə alıb və bununla da ümumi say 14-ə çatıb.
Ölüm “döyüş əməliyyatlarından kənar” kimi qeydə alınıb
Məlumatlara görə, son ölüm hadisəsi “döyüş əməliyyatlarından kənar” kateqoriyaya aid edilib.
Açıqlamada bildirilir ki, həlak olan hərbçi quru qoşunlarında xidmət edib və onun ölümü 2026-cı ilin may ayı üzrə qeydiyyata alınıb. Hadisənin dəqiq səbəbi və başvermə şəraiti açıqlanmayıb.
İran–ABŞ təmasları fonunda yeni məlumat
Bu məlumat Tehran və Vaşinqton arasında diplomatik təmasların davam etdiyi bir dövrdə yayılıb.
Məlumata görə, Pakistanın vasitəçiliyi ilə gərginliyin azaldılması və müharibənin dayandırılmasına yönəlmiş çərçivə razılaşması üzrə danışıqlar davam edir.
