Hesab bağlanıb, xəbərdarlıq edilməyib
OpenAI Kanadada baş verən qanlı məktəb hücumunun icraçısı Jesse Van Rootselaarın hesabının aylar əvvəl dayandırıldığını etiraf edib.
Şirkətin açıqlamasına görə, 18 yaşlı şəxsin hesabı ötən ilin iyun ayında “zorakı fəaliyyətləri təşviq etmə” əlamətlərinə görə bağlanıb. Lakin həmin vaxt məlumatın polisə ötürülməsi məsələsi dəyərləndirilsə də, “təcili və konkret fiziki təhlükə” meyarının tam ödənmədiyi qənaətinə gəlinib.
OpenAI bildirib ki, hücumun yaxın vaxtda baş verəcəyinə dair konkret sübut aşkarlanmadığı üçün hüquq-mühafizə orqanlarına rəsmi məlumat verilməyib.
Britaniya Kolumbiyasında qanlı hadisə
Hadisə Kanadanın Britaniya Kolumbiyası əyalətində baş verib. Jesse Van Rootselaar əvvəlcə anasını və ögey qardaşını öldürüb, daha sonra məktəbə hücum edərək bir müəllim köməkçisini və yaşı 12-13 arasında olan 5 şagirdi qətlə yetirib. O, daha sonra intihar edib.
Faciədən sonra OpenAI hücumçunun platformadakı istifadə tarixçəsini istintaq orqanları ilə paylaşdığını və araşdırmaya dəstək verdiyini açıqlayıb.
Texnologiya şirkətlərinin məsuliyyəti müzakirədə
Məlumata görə, hücumçunun əvvəllər də psixoloji problemlərlə bağlı polis ilə təması olub. Onun platformadakı fəaliyyətinin vaxtında hüquq-mühafizə orqanlarına bildirilməməsi isə texnologiya şirkətlərinin məsuliyyəti ilə bağlı ciddi suallar doğurub.
2020-ci ildən bəri Kanadada ən çox insan itkisi ilə nəticələnən hücum kimi qeydə alınan bu hadisənin motivləri hələ də araşdırılır.
