Ölkənin Suyu Hara Yox Olur? İtki 3,8 Milyard Kubmetrə Çatıb

9 Dəq Oxuma Müddəti

Su itkiləri 2020-ci ildən bəri ən yüksək həddə çatıb

Azərbaycan dünyada su çatışmazlığından ən çox əziyyət çəkən ölkələrdən biri olsa da, mövcud su ehtiyatlarının səmərəli idarə edilmədiyi müşahidə olunur.

Ötən il ölkədəki şirin su mənbələrindən götürülən suyun 27,6 faizi itkiyə gedib. Dövlət Statistika Komitəsinin “Ətraf mühit” statistik məcmuəsinin göstəricilərinə əsasən, bu, 2020-ci ildən bəri qeydə alınan ən yüksək səviyyədir.

Halbuki 2020-ci ildə ölkədə su böhranı dərinləşdiyi zaman su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə Dövlət Komissiyası yaradılmışdı.

Komissiyanın əsas vəzifələrindən biri səmərəliliyin artırılması üçün monitorinqlərin aparılması, müvafiq tədbirlərin həyata keçirilməsi və fəaliyyət proqramının hazırlanması idi.

Lakin statistik göstəricilər görülən tədbirlərdən sonra bu sahədə vəziyyətin daha da pisləşdiyini göstərir. Prezidentin bu sahə ilə bağlı sərəncamından sonra su itkilərinin 16 faiz artdığı görünür.

Su itkisi 3,8 milyard kubmetrə çatıb

Hazırda içməli su problemi yalnız regionlarda deyil, paytaxt Bakıda da hiss olunmağa başlayıb.

Bakının fasiləsiz su ilə təmin olunması məqsədilə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilərkən paytaxtda su təchizatının fasiləsiz olacağı bildirilirdi.

Lakin zaman keçdikcə bu alternativin də yeni problemlər yaratdığı üzə çıxıb. Sözügedən boru kəməri suyu Oğuz rayonunun yeraltı su mənbələrindən götürdüyünə görə həmin ərazidə meşə təsərrüfatına susuzluq səbəbindən ciddi ziyan dəyib.

Digər tərəfdən, su itkilərinin qarşısının alınması üçün səmərəli tədbirlərin həyata keçirildiyini demək də çətindir.

İtki iki ildə 800 milyon kubmetr artıb

2023-cü ildə 3 milyard kubmetr olan su itkisi 2024-cü ildə birdən-birə 19 faiz artaraq 3,6 milyard kubmetrə yüksəlib.

2025-ci ildə isə su itkisinin həcmi 3,8 milyard kubmetrə çatıb.

Statistik təhlil göstərir ki, bu itkinin böyük hissəsi – 3,5 milyard kubmetri kənd təsərrüfatı və balıqçılıq sahələrinin payına düşür.

Çay, göl, dəniz və yeraltı sulara yeni tariflər

Cari il sentyabrın 1-dən etibarən sudan istifadə ilə bağlı yeni qaydalara əsasən ödənişlərin tətbiqinə başlanması bu sahədə səmərəliliyin necə artırılacağı ilə bağlı müzakirələrə səbəb olub.

Yeni qaydalara görə, sənaye məqsədilə Xəzər dənizindən götürülən hər 100 kubmetr su üçün 4 qəpik ödəniş müəyyənləşdirilib.

Çay və göllərdən götürülən hər 100 kubmetr suya görə 4 manat, yeraltı sulardan götürülən hər 100 kubmetr suya görə isə 40 manat ödəniləcək.

Çirkab sularının axıdılması da ödənişli olacaq

Tullantı sularının su obyektlərinə axıdılmasına görə də ayrıca ödənişlər müəyyən edilib.

Xəzər dənizinə axıdılan hər 100 kubmetr çirkab su üçün 1 manat, çay və göllərə axıdılan eyni həcmdə su üçün isə 4 manat tarif tətbiq olunacaq.

Bununla yanaşı, əhali və enerji istehsalı üçün güzəştlər saxlanılıb.

Əhalinin içməli su təchizatı üçün götürülən sular, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən emal edilməmiş su ilə təminat, eləcə də “Azərenerji” ASC tərəfindən elektrik enerjisinin istehsalında istifadə olunan sular bu ödənişlərdən azad edilib.

13,8 milyard kubmetr su götürülüb, 9,9 milyardı çatdırılıb

2025-ci ildə təbii mənbələrdən ümumilikdə 13,8 milyard kubmetr su götürülüb.

Bu həcmin 9,9 milyard kubmetri istehlakçılara çatdırılıb. İstifadə edilən suyun cəmi 5,3 faizi məişət və içməli su məqsədlərinə sərf olunub.

Azərbaycanda suyun böyük hissəsi – təxminən 7 milyard kubmetri suvarma, kənd təsərrüfatı və istehsal sahələrində istifadə edilir.

Ən böyük itkilər də məhz bu istiqamətlərdə qeydə alınır.

Yeni qaydalar əsasən kimlərə şamil ediləcək?

Nazirlər Kabinetinin qərarı əsasən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin istifadə etdiyi suya şamil olunacaq.

Hazırda Sudan İstifadəedənlər Birliyi müəyyən qədər bu funksiyanı həyata keçirir. Lakin indiyədək dövlətə ödənilən vəsaitlərlə bağlı şəffaf hesabatlılıq olmayıb.

Bu birliklər əvvəllər “Meliorasiya və Su Təsərrüfatı” ASC, hazırda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə müqavilələr bağlayaraq aldıqları suyu kənd təsərrüfatı subyektləri arasında bölüşdürürlər.

Yeni qaydalarla ödəniş tətbiq ediləcək su obyektlərinin əhatə dairəsi genişlənəcək və proses daha mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.

Çay və kanallardan qanunsuz su götürülməsi problemi

Bu sahənin ekspertləri bildirirlər ki, Azərbaycanda müxtəlif məqsədlərlə su götürülməsi ilə bağlı çoxsaylı problemlər mövcuddur.

Xüsusilə çay və göl sularından istifadə zamanı özbaşınalıqlara rast gəlinir.

Böyük balıqçılıq təsərrüfatlarına sahib olan bəzi şəxslərin istifadə etdikləri suya görə ödənişdən yayındığı bildirilir. Nəticədə həmin təsərrüfatlarda istifadə edilən su itki kimi hesablanır və dövlət büdcəsinə birbaşa və dolayı şəkildə böyük zərər dəyir.

Çayların və kanalların qarşısının kəsildiyi bildirilir

Şirin su hövzələrində aparılan monitorinqlər bəzi balıqçılıq təsərrüfatları və aqroparkların çayların və kanalların qarşısını qanunsuz şəkildə kəsərək suyu öz təsərrüfatlarına yönəltdiyini göstərir.

Qeyri-səmərəli istifadə nəticəsində kiçik təsərrüfatlar və əhali su çatışmazlığından əziyyət çəkir, dövlət büdcəsi isə milyonlarla manat vəsait itirir.

Sadiq Həsənov: Əsas problemlərdən biri torpaq kanallarıdır

Ekoloq Sadiq Həsənov ölkədə su itkilərinin əsas səbəblərindən biri kimi torpaq kanallarının çoxluğunu göstərir.

Onun sözlərinə görə, Azərbaycanda Şirvan və Qarabağ kanalları Mingəçevir su anbarından qidalanır və həmin sudan suvarma məqsədilə istifadə olunur.

“Buradakı kanalların əksəriyyəti torpaq kanalları olduğuna görə suyun bir hissəsi torpağa hopur və nəticədə kifayət qədər böyük itki yaranır”, – deyə ekoloq bildirib.

Damcılı suvarma 10 faizi belə əhatə etmir

Sadiq Həsənov ikinci əsas səbəb kimi suya qənaət etməyə imkan verən damcılı suvarma üsulunun ölkə üzrə geniş tətbiq edilməməsini göstərir.

Ekspert bildirir ki, kənd təsərrüfatında sahələrin əksəriyyəti selləmə üsulu ilə suvarılır. Bununla yanaşı, əkin sahələrinin hamısını su ilə tam təmin etmək mümkün olmur.

Onun sözlərinə görə, yuxarı hissədə yerləşən əkin sahələri suyu götürdüyü üçün aşağı hissələrdəki ərazilərə su çatmır.

Damcılı və digər müasir suvarma sistemlərinin tətbiq edilməməsi, kanalların əksəriyyətinin torpaqdan olması su itkilərinin yüksək səviyyədə qalmasına səbəb olur.

Həsənovun fikrincə, kanallar betonlaşdırılsa və kənd təsərrüfatında damcılı suvarma sistemi geniş tətbiq edilsə, itkiləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.

Hazırda ölkə üzrə damcılı suvarma sistemi kənd təsərrüfatı sektorunun 10 faizini belə əhatə etmir. Bununla bağlı Dövlət Proqramı qəbul olunub və göstəricinin təxminən 30 faizə çatdırılması planlaşdırılır. Hazırda bu istiqamətdə işlər görülür.

İçməli su borularda və anbarlarda itirilir

Sadiq Həsənov içməli su itkilərinin isə əsasən boru xətləri və su anbarlarında baş verdiyini bildirir.

Ekspertin sözlərinə görə, boru xətləri və su saxlama anbarları köhnəlib. Su anbardan çıxdıqdan sonra boru xətlərində sızmalar yaranır, nasoslar yaxşı işləmir və avadanlıqlar köhnəlib.

İçməli sudan sənayedə də istifadə edilir

Ekoloq içməli sudan sənayedə, o cümlədən avtomobillərin yuyulmasında istifadə olunduğunu da qeyd edir.

Onun fikrincə, belə sahələrdə daha çox texniki sudan istifadə edilməsi məqsədəuyğundur.

Həsənov bildirir ki, bu sistem tam işləmədiyinə görə içməli suyun da itkisi baş verir.

Yeni tariflər su itkisini azaldacaqmı?

Sadiq Həsənov yeni tarif sisteminin su itkilərini ciddi şəkildə azaldacağını düşünmür.

“Su istifadəçiləri ödəniş edəcəkləri üçün sudan istifadə müəyyən qədər azala bilər. Amma ümumi itkiləri azaltmaq üçün infrastrukturda dəyişikliklər aparılmalı, su anbarları təmizlənməli, nasos stansiyaları yenilənməli, boru xətləri dəyişdirilməlidir”, – deyə ekspert bildirib.

“Mövcud su ehtiyatları ilə özümüzü tam təmin edə bilərik”

Ekoloqun fikrincə, əsas məsələ yalnız sudan istifadəyə görə ödəniş tətbiq etmək deyil, mövcud infrastrukturda yaranan itkilərin qarşısını almaqdır.

“Əgər bu cür itkilərin qarşısı alınsa, mövcud su ehtiyatları ilə özümüzü tam təmin edə bilərik”, – deyə Sadiq Həsənov vurğulayıb.

Statistik göstəricilər su itkilərinin 2023-cü ildəki 3 milyard kubmetrdən 2025-ci ildə 3,8 milyard kubmetrə yüksəldiyini göstərir. İtkinin 3,5 milyard kubmetri kənd təsərrüfatı və balıqçılıq sahələrinin payına düşür.

Yeni tarif sistemi sudan istifadənin müəyyən qədər azalmasına səbəb ola bilər. Lakin ekspertin qənaətinə görə, əsas itkilərin qarşısını almaq üçün kanalların betonlaşdırılması, müasir suvarma üsullarının genişləndirilməsi, su anbarlarının təmizlənməsi, nasos stansiyalarının yenilənməsi və köhnəlmiş boru xətlərinin dəyişdirilməsi tələb olunur.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş