“New York Times”: Tramp İran Təklifini Sərtləşdirdi

3 Dəq Oxuma Müddəti

Vaşinqtondan Tehrana yeni düzəlişlər göndərildi

ABŞ-nin “New York Times” qəzeti amerikalı rəsmilərə istinadən yazıb ki, prezident Donald Tramp İranla mümkün razılaşmanın çərçivə şərtlərini daha da sərtləşdirib və yeni dəyişiklikləri Tehrana göndərib.

Məlumata görə, düzəlişlərin hazırlanması prosesində müxtəlif vasitəçilər iştirak edib. Onların arasında Pakistanın da olduğu bildirilir. Qəzetin məlumatına əsasən, tərəflər arasında müzakirə edilən ilkin çərçivə bölgədəki gərginliyin azaldılması və Hörmüz boğazındakı böhranın həllinə yönəlib.

Mənbələr iddia edir ki, təklif olunan modelə əsasən, hərbi qarşıdurmanın dayandırılması müqabilində İran Hörmüz boğazındakı blokadanı aradan qaldırmalıdır.

Nüvə proqramı ilə bağlı mübahisələr təxirə salınır

“New York Times” yazır ki, tərəflər arasında əsas fikir ayrılığı yaradan məsələlərin, xüsusilə İranın nüvə proqramının gələcək danışıqlara saxlanılması nəzərdə tutulur.

Məlumatda qeyd edilir ki, ilkin mərhələdə əsas diqqət təhlükəsizlik və gəmiçilik marşrutlarının bərpasına yönəlib. Daha mürəkkəb siyasi və nüvə məsələlərinin isə sonrakı mərhələlərdə müzakirə olunacağı bildirilir.

İran mediası “İslamabad anlaşması”nın detalları açıqladı

İran dövlət televiziyası isə “İslamabad anlaşması” adlandırılan və hələ yekunlaşmadığı bildirilən qeyri-rəsmi mətnin bəzi detallarını yayımlayıb.

Televiziyanın məlumatına görə, sənəddə Hörmüz boğazında təhlükəsizlik mexanizmləri və İranın dondurulmuş maliyyə vəsaitlərinin taleyi ilə bağlı müddəalar yer alır.

Mətnə əsasən, yükü İran üçün təhlükə hesab olunan və ya son istifadəçisi İranla düşmən münasibətdə olan ölkələrlə əlaqəli gəmilər adi ticarət gəmisi kimi qəbul edilməyəcək və onların müəyyən edilmiş marşrutlardan keçməsinə icazə verilməyəcək.

Bununla yanaşı, İranın gəmi marşrutlarının müəyyənləşdirilməsi, təhlükəsizlik xidmətləri, naviqasiya xərcləri və ekoloji zərərlərin kompensasiyası ilə bağlı qərarvermə səlahiyyətlərini özündə saxlayacağı bildirilir.

İran gəmilər üzərində nəzarəti artırmaq istəyir

Qeyri-rəsmi sənəddə qeyd olunur ki, Hörmüz boğazından keçən bütün gəmilər məlumatlarını İran Hərbi Dəniz Qüvvələrinin aidiyyəti mərkəzinə təqdim etməli olacaq. Buraya yükün məzmunu, mülkiyyət hüququ və təyinat nöqtəsi barədə məlumatlar daxildir.

Bu məlumatların əsasında gəmilərin təhlükə yaradıb-yaratmadığı müəyyən ediləcək və zərurət yarandıqda yerində yoxlamalar aparılacaq.

12 milyard dollarlıq aktiv məsələsi

İran televiziyası bildirib ki, qeyri-rəsmi çərçivə sənədinin ən vacib bəndlərindən biri İranın dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsidir.

Məlumata əsasən, ABŞ 60 gün ərzində İranın 12 milyard dollar həcmində aktivinə tam çıxış imkanı yaratmağı öhdəsinə götürüb. Bildirilir ki, Tehran həmin vəsaiti seçdiyi banklarda məhdudiyyətsiz istifadə edə biləcək.

Trampın açıqlamaları Tehranda təkzib edildi

Donald Tramp bir neçə gün əvvəl sosial şəbəkə hesabında İranla mümkün anlaşma barədə paylaşım etmişdi. O, Hörmüz boğazının dərhal və rüsum olmadan açılmalı olduğunu bildirmişdi.

Tramp həmçinin İranın heç vaxt nüvə silahı əldə etməməli olduğunu vurğulamış və zənginləşdirilmiş nüvə materiallarının ABŞ, İran və Beynəlxalq Atom Enerjisi Agentliyinin əməkdaşlığı ilə məhv ediləcəyini iddia etmişdi.

Lakin İranın “Fars” agentliyinə danışan məlumatlı mənbələr Trampın səsləndirdiyi bəyanatların həqiqəti əks etdirmədiyini bildiriblər. Tehran nüvə materiallarının məhv ediləcəyi barədə iddiaları tamamilə rədd edib.

İran tərəfi əlavə edib ki, Hörmüz boğazının açılması İranın müəyyən etdiyi təhlükəsizlik qaydaları çərçivəsində həyata keçiriləcək və bu prosesə nəzarət tam şəkildə Tehranın əlində qalacaq.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş