Naxçıvanda Ölən Hərbçinin Atası: “İynədən Sonra Oğlum Şok Keçirdi”

2 Dəq Oxuma Müddəti

DSX hərbçisinin müəmmalı ölümü

İyunun 1-də Naxçıvanda Dövlət Sərhəd Xidmətinin hərbçisi Natiq Məmmədovun müəmmalı şəkildə vəfat etdiyi bildirilib.

Hərbçinin atası Namiq Məmmədov Meydan TV-yə açıqlamasında oğlunun ölüm səbəbi barədə ailəyə rəsmi məlumat verilmədiyini deyib.

Onun sözlərinə görə, oğlunun vəziyyəti hərarət səbəbilə tibb məntəqəsinə aparıldıqdan sonra ağırlaşıb.

“İynədən sonra şok keçirdi”

Ata bildirib ki, oğlunun hərarəti 37,5 dərəcə olub və bu səbəbdən ona tibbi müdaxilə edilib.

Namiq Məmmədovun sözlərinə görə, vurulan iynədən sonra hərbçi şok keçirib:

“Oğlumu tibb məntəqəsinə aparıblar, orada iynə vurublar. Çox güman ki, iynə şok verib. Sonra hospitala aparıblar, amma xilas etmək mümkün olmayıb”.

“Bədənində heç bir iz olmayıb”

Ata bildirib ki, oğlu hərbi xidmətə göndərilməzdən əvvəl bütün tibbi müayinələrdən keçib və səhhətində problem olmayıb.

Onun sözlərinə görə, meyitdə zorakılıq və ya güllə izi görünməyib:

“Bədənində heç nə olmayıb. Sadəcə ekspertiza üçün analiz götürüblər. Mənə elə gəlir ki, məsələ həkim səhlənkarlığı ola bilər”.

Dəfn zamanı çəkilişə icazə verilmədiyi bildirilir.

Namiq Məmmədov bildirib ki, cənazə gətirilən gün çəkiliş aparılmasına icazə verilməyib.

Onun sözlərinə görə, dəfn mərasimi zamanı insanların telefonları da toplanıb.

Hərbçinin atası oğlunun ölümü barədə “TikTok” hesabında video paylaşdığını, lakin həmin videonun bir neçə saat sonra silindiyini də deyib.

Son bir ayda DSX-də beşinci ölüm

Məlumata görə, bu hadisə son bir ay ərzində Dövlət Sərhəd Xidmətində qeydə alınan beşinci hərbçi ölümü hadisəsidir.

DSX hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədovun araşdırmasına əsasən, 2026-cı ilin may ayına qədər Azərbaycanda azı 20 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.

Bildirilir ki, həmin halların heç biri ilə bağlı DSX tərəfindən ictimaiyyətə ətraflı məlumat verilməyib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş