Bin Salman və Tramp regional vəziyyəti müzakirə ediblər
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinin məlumatına görə, tərəflər regiondakı son hadisələri, onların regional və beynəlxalq təhlükəsizliyə mümkün təsirlərini, eləcə də ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Riyad gərginliyin azaldılmasına çağırıb
Telefon danışığı zamanı Məhəmməd bin Salman gərginliyin azaldılması üçün dialoqun əsas vasitə olduğunu vurğulayıb.
O bildirib ki, diplomatik həll yollarına şərait yaradacaq bütün səylər dəstəklənməli, regionun daha geniş silahlı qarşıdurmaya sürüklənməsinin qarşısı alınmalıdır.
Tramp İranla bağlı qərarını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl İrana qarşı planlaşdırılan hücumun dayandırılmasına razılıq verdiyini açıqlayıb.
Onun sözlərinə görə, bu qərar İranla qısa müddətdə razılıq əldə olunacağı təqdirdə qüvvədə qalacaq.
“Axios”: Riyad Vaşinqtonu hücumdan çəkindirməyə çalışır
“Axios” nəşrinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Məhəmməd bin Salman telefon danışığında Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlardan çəkinməyə çağırıb.
Məlumata əsasən, vəliəhd Vaşinqtonun planları ilə bağlı izahat istəyib və bölgədə vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Nəşr həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı ilə yanaşı Qətər, BƏƏ, Türkiyə və Pakistan da ABŞ ilə İran arasında gərginliyin diplomatik yollarla azaldılmasını dəstəkləyir.

