Sakinlər Nəbatiyyə əl-Fövqaya daxil oldular
Livanın cənubunda təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır. Nəbatiyyə əl-Fövqa sakinlərindən bir qrup cümə günü yaşayış məntəqəsinə daxil olub və müharibənin yaratdığı dağıntıları yerində görüb.
Yerli mənbələrin məlumatına görə, sakinlərin hərəkəti Livanın Baş naziri Nəvvaf Salamın Nəbatiyyə bölgəsinə səfəri ilə eyni vaxta təsadüf edib. Nəbatiyyə əl-Fövqa hələ də təhlükəli ərazilərdən biri hesab olunur və sakinlərin sərbəst qayıdışı təhlükəsizlik şəraiti ilə məhdudlaşır.
Nəbatiyyə əl-Fövqa bələdiyyəsinin nümayəndəsi bildirib ki, yerli əhali dövlətin bölgədə tam nəzarəti təmin etməsini, təhlükəsizlik zəmanəti yaratmasını və insanların evlərinə qayıtmasına şərait yaratmasını istəyir.
Onun sözlərinə görə, şəhərin mərkəzinə çatan sakinlər genişmiqyaslı dağıntılarla qarşılaşıblar.
Livan ordusu sakinlərin geri çəkilməsini istədi
Bir müddət yaşayış məntəqəsində qalan sakinlər daha sonra Livan ordusunun göstərişi ilə ərazidən çıxıblar.
Buna səbəb kimi mövcud təhlükəsizlik vəziyyəti göstərilib.
Bölgədəki risklərin ciddiliyini Livan ordusunun sentyabrın 30-da yaydığı məlumat da göstərir. Ordu həmin gün Nəbatiyyə əl-Fövqada sakinlərin öz əmlaklarına baxması üçün onları müşayiət etdiyi zaman şübhəli cismin partladığını açıqlayıb. Hadisədə bir hərbçi və üç mülki şəxs yaralanıb.
Nəvvaf Salam Nəbatiyyəyə getdi
Hadisələr Livanın Baş naziri Nəvvaf Salamın cənub bölgəsinə səfəri fonunda baş verib.
Salam Nəbatiyyəyə səfəri zamanı hökumətin əsas məqsədlərindən birinin dövlət qurumlarının bölgədə normal fəaliyyətinin bərpası və sakinlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtması olduğunu bildirib.
Baş nazir müharibənin yaratdığı dağıntıların miqyasının Livan dövlətinin hazırkı maliyyə imkanlarını aşdığını da etiraf edib.
Salam cənub bölgəsinin bərpası üçün böyük maliyyə vəsaitinə ehtiyac olduğunu, hökumətin mümkün olan bütün imkanlardan istifadə etməyə çalışacağını deyib.
“Əzablarınızı başa düşürəm”
Baş nazir çıxışında evini, işini və gəlir mənbəyini itirən cənub sakinlərinin vəziyyətinə toxunub.
O, insanların evlərini bərpa etmək, doğma yaşayış məntəqələrinə qayıtmaq və əvvəlki həyatlarını yenidən qurmaq istədiklərini bildiyini vurğulayıb.
Salamın sözlərinə görə, təhlükəsizlik sakinlərin qayıdışı və cənubun yenidən qurulması üçün əsas şərtdir. Baş nazir bölgənin ehtiyaclarını xarici tərəfdaşlarla keçirdiyi görüşlərdə də gündəmə gətirdiyini bildirib.
Livan hökuməti dövlət nəzarətini genişləndirmək istəyir
Baş nazirlə birlikdə bölgəyə səfər edən Livanın daxili işlər və bələdiyyələr naziri Əhməd əl-Həccar da hökumətin cənubla bağlı prioritetlərini açıqlayıb.
Nazir dövlətin məqsədinin Livan ordusu və təhlükəsizlik qüvvələri vasitəsilə ölkənin bütün ərazisində hakimiyyətini təmin etmək olduğunu bildirib.
Livan hakimiyyəti son həftələrdə Nəbatiyyə və ətrafında ordu və təhlükəsizlik qüvvələrinin mövcudluğunu artırmaq üçün bir sıra addımlar atıb. Bölgədə dövlət qurumlarının fəaliyyətinin bərpası istiqamətində də tədbirlər görülür.
İşğalçı İsrailin zərbələri davam edir
Bu proseslə paralel olaraq Livanın cənubunda işğalçı İsrail ordusunun hərbi əməliyyatları davam edir.
Oktyabrın 2-də yayılan məlumatlarda işğalçı İsrail qüvvələrinin Vadi əs-Suluqi, Beyt Yahun, əl-Mənsuri və Zibqin ərazilərinə artilleriya zərbələri endirdiyi bildirilir. Bundan əvvəl Nəbatiyyə əl-Fövqa, Meyfadun və digər ərazilərdə də atəş və partlayışların qeydə alındığı xəbər verilmişdi.
Livan ordusu daha əvvəl işğalçı İsrailin cənubdakı hücumlarının ordunun yerləşdirilməsini, məcburi köçkünlərin yaşayış məntəqələrinə qayıtmasını və bölgədə sabitliyin yaradılmasını çətinləşdirdiyini bildirmişdi.
İşğalçı İsrail-Livan danışıqları da davam edir
Cənubdakı hərbi gərginlik Livan və işğlaçı İsrail arasında aparılan danışıqlar fonunda yaşanır.
Tərəflər ABŞ-ın vasitəçiliyi ilə 2026-cı ilin iyununda çərçivə razılaşmasına gəlmişdilər. Razılaşmanın həyata keçirilməsi isə təhlükəsizlik məsələləri və tərəflər arasındakı fikir ayrılıqları səbəbindən tam başa çatmayıb.
Yeni hərbi danışıqların oktyabrın ortalarında ABŞ-da keçirilməsi planlaşdırılır. Görüşlərdə əsas diqqətin əməliyyat və təhlükəsizlik məsələlərinə yönələcəyi bildirilir.
Sakinlər təhlükəsiz qayıdış gözləyir
Nəbatiyyə əl-Fövqada baş verənlər cənubi Livanın qarşılaşdığı əsas problemin miqyasını göstərir.
Sakinlər evlərinə və torpaqlarına qayıtmaq istəyirlər, lakin partlamamış sursatlar, davam edən hərbi əməliyyatlar və ümumi təhlükəsizlik vəziyyəti bu prosesi çətinləşdirir.
Nəvvaf Salam hökuməti dövlətin cənubda mövcudluğunu gücləndirmək, ordunun nəzarətini genişləndirmək və bərpa prosesini sürətləndirmək niyyətində olduğunu bildirir.
Nəbatiyyə əl-Fövqa sakinlərinin yaşayış məntəqəsinə daxil olub daha sonra ordunun göstərişi ilə geri çəkilməsi isə təhlükəsiz və daimi qayıdış üçün şəraitin hələ tam formalaşmadığını göstərir.
