“Atəşkəs”dən sonra yüzlərlə itki
Livan Səhiyyə Nazirliyinin açıqlamasına görə, aprelin 17-də elan edilən “atəşkəs”dən sonra sionist rejim hücumları nəticəsində azı 380 nəfər şəhid olub. Ölənlər arasında 22 uşaq və 39 qadının olduğu bildirilib.
Nazirlik rəsmisinin məlumatına əsasən, martın 2-də başlayan müharibədən bu günədək ümumi itki sayı təxminən 2900 nəfərə çatıb.
Rəsmi Beyrut bildirir ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən elan olunan atəşkəsə baxmayaraq, sionist rejim ordusu Livanın cənubunda hava hücumları, partlayışlar və yaşayış evlərinin dağıdılması əməliyyatlarını davam etdirir.
Livanın cənubunda intensiv bombardman
Bu gün səhər saatlarında işğalçı rejimə məxsus pilotsuz uçuş aparatı Sur bölgəsinin Teyr Dəbba qəsəbəsində motosikleti hədəfə alıb. Hücum nəticəsində bir Suriya vətəndaşı həyatını itirib, onun həyat yoldaşı isə yaralanıb.
Bundan başqa, sionist rejim dronu Mənsuri qəsəbəsində “pikap” tipli avtomobilə bomba atıb və nəticədə yaralananların olduğu bildirilib.
Sur və Bint Cubeyl bölgələrinə hava zərbələri
Sionist rejim döyüş təyyarələri Sur bölgəsində yerləşən Srifa qəsəbəsinə iki dəfə hava zərbəsi endirib. Eyni zamanda Litani çayı ətrafında sionist rejim dronlarının intensiv uçuşları müşahidə olunub.
Hücumlar Batuliya, Rəs əl-Ayn, Dəbal və Hənniyyə bölgələrini də əhatə edib. Qəsibə və Cəbşit qəsəbələri də pilotsuz aparatların hücumuna məruz qalıb.
Məlumata görə, Cəbşitdə ardıcıl dörd hava hücumu həyata keçirilib, daha sonra artilleriya atəşi açılıb.
Tarixi ərazilər də zərər görüb
İşğalçı rejim təyyarələrinin Sur şəhərinin cənubundakı Rəs əl-Ayn bölgəsinə endirdiyi zərbə nəticəsində tarixi ərazilərə ziyan dəyib. Livan mediası bildirib ki, hücum qədim Finikiya dövrünə aid suvarma kanallarının yerləşdiyi əraziyə yaxın olub.
Bint Cubeyl rayonunda Xərbə Səlim və Haris qəsəbələri də bombardmana məruz qalıb. Kəfra qəsəbəsinə isə pilotsuz aparat hücumu təşkil edilib.
Yaşayış evləri partladılıb
Sionist rejim qüvvələrinin Bint Cubeyldə bir sıra yaşayış evlərini partlatdığı bildirilir. Qərbi Biqa bölgəsində yerləşən Səhmər qəsəbəsi də hava zərbəsinə məruz qalıb. Hücumdan bir neçə saat əvvəl sionist rejim ordusunun əhalini bölgəni tərk etməyə çağırdığı qeyd olunub.
Marcəyun rayonunun Deyr Miməs bölgəsində isə sionist rejim xüsusi qüvvələrinin içməli su stansiyasını partlatdığı bildirilib.
Bir neçə saat ərzində 9 nəfər şəhid olub
Düveyr qəsəbəsində avtomobilə endirilən dron zərbəsi nəticəsində üç nəfər şəhid olub. Onların yaralını xəstəxanaya apardıqları vaxt hücuma məruz qaldığı bildirilib.
Kəfərdunin bölgəsində yaşayış evinə endirilən hava zərbəsi nəticəsində isə altı nəfər şəhid olub, yeddi nəfər yaralanıb.
Sionist rejim ordusu eyni zamanda Ərzun, Teyr Dəbba, Bəzuriyyə və Hovş qəsəbələrinin sakinlərinə bölgələri boşaltmaq barədə xəbərdarlıq edib.
