Kırçın vadisində başlayan böyük yol
Qırğızıstanın İssık-Kul vilayətində yerləşən Kırçın vadisi bir müddət əvvəl VI Dünya Köçəri Oyunlarına hazırlığın əsas ünvanlarından biri idi. Burada ənənəvi qırğız yurtaları qurulur, yarış meydançaları hazırlanır, ölkənin müxtəlif bölgələrinin mədəniyyətini nümayiş etdirmək üçün xüsusi sahələr yaradılırdı.
- Kırçın vadisində başlayan böyük yol
- “Salburun” köçəri həyatının izlərini yaşadır
- Azərbaycanla “Salburun” arasında əlaqələr genişlənir
- Azərbaycanlı idmançılar yarışlarda iştirak edir
- Kırçın etnoşəhərciyə çevrildi
- Qədim köçəri irsinin qorunduğu məkan
- Azərbaycan milli güləşi əsas proqrama daxil edilib
- Azərbaycan bütün oyunlarda iştirak edib
- Kırçından “Bişkek Arena”ya
- Azərbaycan 9 idman növündə mübarizə aparır
- İdmançılarımızı geniş proqram gözləyir
- Kırçın artıq dünyanın köçəri mədəniyyət mərkəzidir
Azərbaycanlı jurnalistlər media turu çərçivəsində həmin hazırlıq prosesini yerində izləyərək Kırçında yaradılan etnoşəhərciklə tanış olublar.
Vadidə səslənən qırğız xalq musiqisi, atların nal səsləri, şahinlə ov və oxatma nümayişləri qarşıdan gələn böyük idman və mədəniyyət tədbirinin ab-havasını hələ açılışdan əvvəl hiss etdirirdi.
“Salburun” köçəri həyatının izlərini yaşadır
Media nümayəndələri səfər zamanı “Salburun” təşkilatının üzvlərinin təqdimatında qırğız xalq musiqisini dinləyib, ənənəvi atüstü yarışları, şahinlə ov və oxatma nümayişlərini izləyiblər.
Təşkilatın rəhbəri Almazbek Akunov bildirib ki, əsas məqsəd qırğız xalqının köçəri həyat tərzini və ənənəvi mədəniyyətini qoruyaraq gələcək nəsillərə çatdırmaqdır.
Onun sözlərinə görə, “Salburun” ovçu quşlardan, yaydan və xüsusi yetişdirilmiş ov itlərindən istifadəni birləşdirən ənənəvi ov mədəniyyətidir.
Bu ənənə yalnız yarış deyil, köçəri insanın təbiət, at və ovçuluqla əsrlər ərzində formalaşdırdığı münasibətin bütöv bir mədəni ifadəsidir.
Azərbaycanla “Salburun” arasında əlaqələr genişlənir
Akunovun sözlərinə görə, “Salburun” 2012-ci ildən Qırğızıstanda milli idman növü kimi tanınır və dövlət tərəfindən dəstəklənir.
Bu ənənə artıq Qırğızıstan sərhədlərini aşaraq Qazaxıstan, Türkmənistan, Özbəkistan, Monqolustan, Azərbaycan və Avropa ölkələrində də maraq doğurur.
Azərbaycanlı idmançılar yarışlarda iştirak edir
“Salburun” rəhbəri Azərbaycanda ənənəvi oxatmanın son illərdə sürətlə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan idmançıları Qırğızıstandakı yarışlarda iştirak edir, qırğız nümayəndələri də Azərbaycana səfərlər həyata keçirirlər.
Təxminən iki il əvvəl Azərbaycanda “Salburun” və ənənəvi oxatma sənətinin təqdimatı da keçirilib.
Kırçın etnoşəhərciyə çevrildi
Media turunun əsas dayanacaqlarından biri Kırçın vadisində yaradılan etnoşəhərcik olub.
Burada jurnalistlər ənənəvi qırğız yurtalarına baş çəkərək yerli əhalinin köçəri həyat tərzi, milli mətbəxi, sənətkarlıq nümunələri və əl işləri ilə yaxından tanış olublar.
Səfər zamanı ərazidə hazırlıq davam edirdi. Yurtalar qurulur, mədəni proqramlar üçün sahələr yaradılır, yarış və nümayiş meydançaları hazırlanırdı.
İndi isə həmin hazırlıq prosesi başa çatıb və Kırçın vadisi yarış iştirakçıları ilə qonaqları qəbul edən böyük etnomədəni mərkəzə çevrilib.
Qədim köçəri irsinin qorunduğu məkan
Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Askaralı Madaminov Kırçının seçilməsinin təsadüfi olmadığını bildirib.
Onun sözlərinə görə, bu ərazi 2014-cü ildə keçirilən ilk Dünya Köçəri Oyunlarından etibarən əsas məkanlardan biri olub.
Vadidə saka dövrünə aid kurqanların yerləşdiyi və arxeoloqların həmin abidələr üzərində araşdırmalar apardığı qeyd edilib.
Beləliklə, Kırçın yalnız müasir yarış meydançası deyil, qədim köçəri sivilizasiyasının izlərini qoruyan mühüm mədəni məkan kimi təqdim olunur.
Azərbaycan milli güləşi əsas proqrama daxil edilib
Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri unudulmaq təhlükəsi ilə üzləşən milli idman növlərinin və köçəri xalqların mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasıdır.
Madaminov Azərbaycanın Dünya Köçəri Oyunlarının daimi iştirakçılarından olduğunu xüsusi vurğulayıb.
Azərbaycan bütün oyunlarda iştirak edib
Onun sözlərinə görə, Azərbaycan indiyədək keçirilən Dünya Köçəri Oyunlarının heç birini buraxmayıb.
Azərbaycanın milli güləş növü olan “Güləş” də artıq Dünya Köçəri Oyunlarının əsas idman proqramına daxil edilib.
Hazırlıq mərhələsində Azərbaycanın növbəti oyunlarda iştirakı gözlənti kimi səsləndirilirdisə, artıq bu iştirak rəsmiləşib.
Kırçından “Bişkek Arena”ya
Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə VI Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi keçirilib.
Yeni istifadəyə verilmiş “Bişkek Arena”da keçirilən mərasimin diqqətçəkən məqamlarından biri iştirakçı ölkələrin nümayəndə heyətlərinin paradı olub.
Azərbaycan nümayəndə heyəti də üçrəngli dövlət bayrağı altında arenadan keçib.
Azərbaycan 9 idman növündə mübarizə aparır
VI Dünya Köçəri Oyunları avqustun 31-dən sentyabrın 6-dək davam edəcək.
Əsas yarışlar İssık-Kul vilayətində, xüsusilə Çolpon-Ata şəhərində və Kırçın vadisində keçiriləcək.
Azərbaycan yarışlarda 17 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Heyətə 10 idmançı, altı məşqçi və bir nümayəndə daxildir.
İdmançılarımızı geniş proqram gözləyir
Azərbaycan idmançıları doqquz idman növü üzrə mübarizə aparacaqlar.
İssık-Kulda qarşıdakı günlərdə at yarışları, milli güləş növləri, ənənəvi oxatma, intellektual oyunlar və köçəri xalqların həyat tərzini nümayiş etdirən müxtəlif mədəni tədbirlər keçiriləcək.
Azərbaycanın oyunlarda növbəti dəfə iştirakı milli idman ənənələrinin beynəlxalq səviyyədə təqdim edilməsi ilə yanaşı, ortaq mədəni irsə əsaslanan əlaqələrin genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır.
Kırçın artıq dünyanın köçəri mədəniyyət mərkəzidir
Bir neçə həftə əvvəl tikinti və hazırlıq işlərinin aparıldığı Kırçın vadisində indi tamamilə fərqli mənzərə hökm sürür.
Yurtalar, milli mətbəx, sənətkarlıq nümunələri, atüstü yarışlar, oxatma və ənənəvi ov səhnələri ərazini köçəri həyatının canlı nümayiş məkanına çevirib.
Kırçın vadisində hazırlıqla başlayan proses “Bişkek Arena”dakı təntənəli açılışla yeni mərhələyə qədəm qoyub. İndi diqqətlər yenidən İssık-Kula yönəlib.
Sentyabrın 6-dək Qırğızıstan dünyanın müxtəlif ölkələrindən gələn idmançıları, mədəniyyət nümayəndələrini və qonaqları qəbul edərək köçəri xalqların ortaq irsinin əsas görüş məkanlarından biri olacaq.
