Hizbullaha dəstək mesajı verildi
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasimin və təşkilatın döyüşçülərinin məktubuna cavab olaraq mesaj yayımlayıb.
Mesajda Hizbullahın göstərdiyi müqavimətin yüksək qiymətləndirildiyi, təşkilatın fəaliyyətinin region xalqları üçün nümunə olduğu vurğulanıb.
“Müqavimət yeganə yoldur”
İslam İnqilabı lideri bildirib ki, ABŞ və İsrailin siyasətindən narazı olan xalqlar üçün mübarizə və müqavimət əsas çıxış yolu olaraq qalır.
Onun sözlərinə görə, Hizbullahın İsrailə qarşı nümayiş etdirdiyi müqavimət dünya xalqları üçün ilham mənbəyidir və bu mübarizədə Livan xalqının, xüsusilə ölkənin cənub bölgələrinin sakinlərinin dəstəyi mühüm rol oynayıb.
İranın strateji siyasəti açıqlanıb
Mesajda qeyd olunub ki, İran İslam Respublikası Hizbullah döyüşçülərinin müdafiəsini özünün strateji siyasəti kimi müəyyənləşdirib.
Ayətullah Seyid Müctəba Xamenei vurğulayıb ki, Livanın ərazi bütövlüyünün qorunması və İsrailin ölkəyə qarşı hücumlarının tam və qeyd-şərtsiz dayandırılması ABŞ ilə aparılan müharibənin başa çatmasına dair istənilən razılaşmanın əsas şərti hesab olunur.
Şəhidlər anılıb
İnqilab lideri müraciətində Hizbullahın şəhid olmuş döyüşçülərini, yaralılarını və onların ailələrini yad edib.
O, həmçinin təşkilatın keçmiş baş katibi Həsən Nəsrullah və digər müqavimət komandirlərinin fəaliyyətini yüksək qiymətləndirərək onların Hizbullahın güclənməsində mühüm rol oynadığını bildirib.
Mesajın sonunda müqavimət qüvvələri, onların ailələri və Livan xalqı üçün uğurlar və əmin-amanlıq arzulanıb.

