İraq Kəşfiyyatı Hərbi Zərbə İddialarını Təkzib Etdi

2 Dəq Oxuma Müddəti

Xəbər mətni

İraq Milli Kəşfiyyat Xidməti ölkənin yaxın zamanda hərbi zərbəyə məruz qalacağı ilə bağlı yayılan iddiaları rəsmən təkzib edib. Qurum bu barədə bazar günü yaydığı açıqlamada hökumətə hər hansı xarici mənbədən xəbərdarlıq məktubu daxil olmadığı­nı bildirib.

Açıqlamada qeyd olunub ki, İraq Milli Kəşfiyyat Xidməti 20 dekabr 2025-ci il tarixində Əş-Şərq əl-Əvsət qəzeti tərəfindən dərc edilən materialda səsləndirilən iddiaları tam və qəti şəkildə inkar edir. Həmin yazıda guya İraq hökumətinin bir ərəb dövləti və bir Qərb kəşfiyyat qurumundan ölkənin yaxın zamanda hərbi zərbəyə məruz qalacağı ilə bağlı iki xəbərdarlıq məktubu aldığı irəli sürülmüşdü.

Kəşfiyyat Xidmətinin bəyanatında vurğulanıb ki, bu məlumatlar reallığı əks etdirmir və hökumətə bu məzmunda heç bir rəsmi mesaj daxil olmayıb. Qurum iddiaların əsassız olduğunu bildirərək, onların ölkənin təhlükəsizliyi ilə bağlı yanlış təsəvvürlər yaratdığını qeyd edib.

“Milli təhlükəsizliyə həssas yanaşılmalıdır”

Açıqlamada media qurumlarına da çağırış edilib. Bildirilib ki, milli təhlükəsizlik kimi həssas mövzularla bağlı məlumatların yayımında yüksək dəqiqlik və məsuliyyət nümayiş etdirilməlidir. Kəşfiyyat Xidməti vurğulayıb ki, təsdiqlənməmiş və ya yanlış məlumatlar ictimai narahatlığa səbəb olmaqla yanaşı, ölkənin daxili sabitliyinə də mənfi təsir göstərə bilər.

Rəsmi qurum əlavə edib ki, İraq hökuməti təhlükəsizlik məsələlərini daim nəzarətdə saxlayır və real təhdidlər olduğu təqdirdə bu barədə ictimaiyyətə şəffaf şəkildə məlumat veriləcək. Hazırkı mərhələdə isə hərbi zərbə təhlükəsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur.

Qeyd edək ki, regionda gərginliyin artdığı dövrlərdə İraqla bağlı bu tip iddialar zaman-zaman mediada yer alır. Rəsmi Bağdad isə bu kimi məlumatların yoxlanılmadan yayılmasının qarşısının alınmasının vacibliyini dəfələrlə bəyan edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş