Trampa sədaqətin siyasi bədəli
ABŞ-nin “Aksios” nəşrinə istinadən yaydığı məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubionun Donald Trampa sədaqəti onların gələcək siyasi karyeraları üçün müəyyən risklər yaradır.
- Trampa sədaqətin siyasi bədəli
- Vensin İranla müharibəyə qarşı mövqeyi Trampı narazı salıb
- Vens müharibə ilə bağlı suala birbaşa cavab verməyib
- Rubio İranla müharibənin əsas tərəfdarlarından olub
- “Nvidia” qalmaqalı fikir ayrılıqlarını dərinləşdirib
- Rubionun administrasiyadan ayrılması təklif edilib
- 2028-ci il prezident seçkiləri: Vens və Rubio nə edəcək?
Respublikaçılar Partiyasının aparıcı simalarından olan hər iki siyasətçinin adı 2028-ci il prezident seçkilərində Trampın mümkün varisləri sırasında hallanır.
“Aksios”un yazdığına görə, Trampın nüfuzunun azalması, respublikaçıların aralıq seçkilərində məğlub olması və Konqresdə çoxluğu itirməsi, İranla müharibənin nəticələri və “Nvidia” şirkətinin rəhbəri Censen Huanqla bağlı qalmaqal Vens və Rubionu çətin vəziyyətə salıb.
Hər iki siyasətçinin müstəqil siyasi mövqe nümayiş etdirmək istəyi ilə Tramp administrasiyasındakı vəzifələri arasında ziddiyyətlər yaranıb.
Vensin İranla müharibəyə qarşı mövqeyi Trampı narazı salıb
Cey Di Vens özünü ABŞ-nin xarici ölkələrə hərbi müdaxiləsinə qarşı çıxan yeni nəsil respublikaçıların nümayəndəsi kimi təqdim edir.
Onun siyasi mövqeyi ABŞ-nin beynəlxalq problemləri hərbi müdaxilə yolu ilə həll etməsinə şübhə ilə yanaşması və Respublikaçılar Partiyasının İsrailə ənənəvi qeyd-şərtsiz dəstək siyasətindən uzaqlaşması ilə fərqlənir.
Vens əvvəllər ABŞ-nin İranla müharibəyə başlamasına qarşı çıxıb. Respublikaçıların aralıq seçkilərindəki məğlubiyyətindən sonra isə müharibəni uğursuz nəticənin əsas səbəblərindən biri kimi göstərib.
Mətbuatda yayılan məlumatlara görə, vitse-prezidentin bu açıqlamaları Trampın narazılığına səbəb olub.
Tramp müharibə nəticəsində qiymətlərin artmasının seçicilərin narazılığına gətirib çıxarması barədə Vensin fikri ilə razılaşsa da, vitse-prezidentin müharibə qərarını müdafiə etməməsindən narazı qalıb.
Vens müharibə ilə bağlı suala birbaşa cavab verməyib
Ötən həftə Trampın iştirakı ilə keçirilən görüşdə Vensdən İranla müharibənin respublikaçıların Konqresdəki çoxluğu itirməsinə dəyib-dəymədiyi soruşulub.
Vitse-prezident suala birbaşa cavab verməkdən yayınıb:
“Düşünürəm ki, qərarı prezident verir. Prezident bildirib ki, yenidən eyni şəraitlə üzləşsəydi, eyni qərarı qəbul edərdi. Mənim məqsədim və vəzifəm isə ABŞ prezidentini dəstəkləməkdir”.
Rubio İranla müharibənin əsas tərəfdarlarından olub
Marko Rubio isə xarici siyasətdə Vensdən fərqli mövqeyi ilə tanınır.
Senatdakı fəaliyyəti dövründə sərt xarici siyasət tərəfdarı olan Rubio Rusiya və Çinin əsas tənqidçilərindən biri kimi çıxış edib. Çin 2020-ci ildə ona qarşı sanksiya tətbiq edib.
Bu ilin mayında Tramp prezident təyyarəsi ilə Çinə səfər edərkən Rubio “Nvidia” şirkətinin baş direktoru Censen Huanqın Çin üçün casusluqda şübhəli bilinən şəxslə əlaqələri barədə prezidentə xəbərdarlıq edib.
İranla müharibə məsələsində isə Rubio Vensdən fərqli olaraq Trampın hücuma başlamaq qərarının əsas müdafiəçilərindən biri olub və hazırda da həmin mövqeyini qoruyur.
“Aksios”un qiymətləndirməsinə görə, ABŞ ictimaiyyətində müharibəyə qarşı narazılığın davam etməsi Rubionun mümkün prezidentlik kampaniyası üçün siyasi çətinlik yarada bilər.
“Nvidia” qalmaqalı fikir ayrılıqlarını dərinləşdirib
Censen Huanq və “Nvidia” şirkəti ətrafındakı qalmaqal Tramp administrasiyasının iki yüksək vəzifəli nümayəndəsi arasındakı fikir ayrılıqlarını üzə çıxaran digər məsələyə çevrilib.
“Aksios”un məlumatına görə, Vens Huanqın şirkət rəhbərliyinə qayıtmasına şərait yaradılması məsələsində Trampa kömək edib.
Rubio isə bundan əvvəl Huanqla bağlı təhlükəsizlik narahatlıqlarını prezidentin diqqətinə çatdırmışdı.
Son həftələrdə jurnalistlər Huanqın “Nvidia” şirkətinin rəhbərliyinə qayıtması barədə Rubiodan münasibət öyrənməyə çalışsalar da, dövlət katibi sualları cavablandırmadan ərazini tərk edib.
Rubionun administrasiyadan ayrılması təklif edilib
ABŞ-nin “Uoll Strit Cornel” nəşrinin aparıcı redaktorlarından Cerri Beyker məqaləsində Rubionu Tramp administrasiyasından ayrılmağa çağırıb.
Beykerin fikrincə, Trampın siyasətinin ABŞ-nin beynəlxalq mövqeyinə təsirləri üzə çıxdıqca Rubio bir tərəfdən həmin qərarları açıq şəkildə müdafiə etmək, digər tərəfdən isə tənqidçiləri bu qərarlarda iştirak etmədiyinə inandırmaq məcburiyyətində qalır.
2028-ci il prezident seçkiləri: Vens və Rubio nə edəcək?
Hazırda nə Cey Di Vens, nə də Marko Rubio 2028-ci il prezident seçkilərində namizədliyini irəli sürəcəyini rəsmən açıqlayıb.
Məlumata görə, Vens qərarını 2027-ci ilin başlanmasından sonraya saxlamaq niyyətindədir. Onun yekun mövqeyini yazın sonlarınadək açıqlamaması da mümkündür.
Rubio isə əvvəllər Vensin prezidentlik yarışına qatılacağı təqdirdə namizədliyini irəli sürməyəcəyinə işarə edib.
Hər iki siyasətçinin Senatda və Tramp administrasiyasında birgə fəaliyyəti dövründə yaxın dostluq münasibətləri qurduğu bildirilir.
“Aksios”un təhlilinə əsasən, yüksək dövlət vəzifələri Vens və Rubioya mühüm siyasi imkanlar qazandırsa da, İranla müharibənin nəticələri və “Nvidia” qalmaqalı onların gələcək siyasi planlarına təsir göstərə biləcək amillərdir.
