İranın Bəhreyndə “Patriot”un Gözünü Kor Etməsi Niyə Əhəmiyyətlidir?

4 Dəq Oxuma Müddəti

Hərbi ekspertlər Bəhreyndə ABŞ-yə məxsus iki “Patriot” radarının hədəfə alınmasını bu ölkənin hava hücumundan müdafiə şəbəkəsinin əsas komponentlərindən birinə vurulan zərbə kimi qiymətləndirirlər. Onların fikrincə, bu əməliyyat ABŞ-nin regiondakı hava hücumundan müdafiə imkanlarına təsir göstərəcək.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin birgə raket və pilotsuz uçuş aparatı əməliyyatı zamanı Bəhreynin Ər-Rifaa və Əvali bazalarında yerləşən ABŞ-nin “Patriot” hava hücumundan müdafiə sistemlərinə məxsus iki radarın hədəfə alınması regiondakı Amerika hərbi mövqelərinə qarşı son əməliyyatların mühüm hadisələrindən biri hesab olunur.

SEPAH-ın açıqlamasına görə, əməliyyat İranın hava məkanının pozulmasına və ABŞ tərəfindən hücumların davam etdirilməsinə cavab olaraq həyata keçirilib.

Bir neçə saat əvvəl SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi bildirmişdi ki, Aerokosmik Qüvvələrin döyüşçüləri “Ya Ümmül-Bənin (s.ə.)” şüarı ilə həyata keçirilən birgə əməliyyatda Bəhreyndəki iki bazada ABŞ ordusunun mövqelərini raket və pilotsuz uçuş aparatları ilə atəşə tutublar.

Açıqlamada əməliyyat zamanı həmin bazalarda yerləşdirilmiş “Patriot” hava hücumundan müdafiə sistemlərinə məxsus iki radarın hədəfə alındığı bildirilib.

Bəhreyndə ABŞ-nin hava müdafiə zəncirinin əsas komponentlərinə zərbə

Hərbi məsələlər üzrə ekspert Əhməd Yarməhəmmədi açıqlamasında bildirib ki, bu əməliyyatın əhəmiyyəti yalnız iki hərbi avadanlığın hədəfə alınması ilə məhdudlaşmır.

Onun sözlərinə görə, radar “Patriot” sistemində hava təhdidlərinin aşkarlanması və izlənilməsini təmin edən əsas komponentdir. Radar hava hədəflərinə qarşı mübarizə aparmaq və döyüş prosesini idarə etmək üçün zəruri məlumatları hava hücumundan müdafiə sisteminə ötürür.

Bu səbəbdən həmin sistemlərin radarlarının hədəfə alınması ABŞ-nin hava hücumundan müdafiə zəncirinin əsas komponentlərindən birinə vurulan zərbə hesab olunur.

Radar niyə raket buraxılış qurğusundan daha vacibdir?

“Patriot” sistemi hava hədəflərini aşkarlamaq, izləmək və onlara qarşı mübarizə aparmaq üçün bir-biri ilə əlaqəli müxtəlif avadanlıqlardan istifadə edir. Radar isə bu sistemin mərkəzində dayanır.

Radar hədəfləri müəyyənləşdirərək onların mövqeyi barədə məlumatları daim yeniləyir. Bununla da təhdidlərin qiymətləndirilməsinə və hava hücumundan müdafiə qüvvələrinin müvafiq reaksiya verməsinə imkan yaradır.

Yarməhəmmədi vurğulayıb ki, geniş yayılmış təsəvvürün əksinə olaraq, “Patriot” sadəcə raket buraxılış qurğusundan ibarət deyil.

Bu sistem radar, idarəetmə mərkəzi, rabitə avadanlıqları və hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raketlərdən ibarətdir. Onun fəaliyyəti müxtəlif komponentlər arasında koordinasiyadan asılıdır.

Buna görə də radarın zədələnməsi xüsusi əhəmiyyət daşıyır. Çünki məhz bu avadanlıq hədəflərin aşkarlanması və izlənilməsi prosesində əsas rol oynayır.

ABŞ ordusunun daimi problemi

Müasir hava hücumundan müdafiə sistemlərinin əsas problemlərindən biri avadanlıqların və hədəfləri məhv etmək üçün istifadə olunan raketlərin yüksək qiyməti, eləcə də onların daim döyüş hazırlığında saxlanılması zərurətidir.

Hava təhdidlərinin müxtəlif vasitələrlə həyata keçirilə bildiyi şəraitdə müdafiə zonasının qorunması işlək avadanlıqlar, radar şəbəkəsi və şəxsi heyətin fasiləsiz hazırlığını tələb edir.

Hərbi ekspert Möhsün Xudadad da açıqlamasında bildirib:

“Bəhreyndə ‘Patriot’ radarlarının hədəfə alınması ABŞ-nin bu regiondakı hava hücumundan müdafiə imkanlarının bir hissəsinə təsir göstərə bilər. Məhz buna görə ölkəmizin Silahlı Qüvvələrinin bu qətiyyətli addımı son dərəcə böyük əhəmiyyət daşıyır”.

O xatırladıb ki, Bəhreyndə iki “Patriot” radarının hədəfə alınması və SEPAH-ın İranın müdafiə sahəsindəki qırmızı xətləri barədə açıq xəbərdarlığı bir daha göstərir ki, ABŞ-nin regionda hərbi qüvvə və avadanlıq yerləşdirməsi onları İrana qarşı hücumların nəticələrindən sığortalamayacaq.

Bu açıqlamalarla yanaşı, SEPAH da öz bəyanatında vurğulayıb ki, İran İslam Respublikasının hava məkanının hər hansı ölkə və ya hücum edən qüvvə tərəfindən pozulması sərt və qətiyyətli cavabsız qalmayacaq.

Bu mesaj hücumlara cavab vermək və regiondakı hücum edən qüvvələrə bunun bədəlini ödətdirmək strategiyasının davam etdirildiyini göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş