İrandan ABŞ-a Yeni Cavab: Küveytdəki Strateji Bazalar Məhv Edildi

2 Dəq Oxuma Müddəti

İran ABŞ-a sərt xəbərdarlıq edib

“Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının komandanı general Əli Abdullahi bildirib ki, İran Silahlı Qüvvələri ölkəyə qarşı həyata keçiriləcək istənilən hərbi əməliyyata qəti və dağıdıcı cavab verəcək.

Onun sözlərinə görə, ABŞ-ın bölgədə hökmranlıq yaratmaq, öz iradəsini qəbul etdirmək və ya yeni hücumlar həyata keçirmək cəhdləri ağır nəticələr doğuracaq. General Vaşinqtonun əvvəlki müharibələrdə üzləşdiyi itkilərdən daha ağır bədəl ödəyəcəyini açıqlayıb.

Abdullahi həmçinin bildirib ki, İranın rəqibləri ölkə daxilində parçalanma yaratmağa çalışırlar. Onun sözlərinə görə, xalq və dövlət arasında həmrəyliyin qorunması bu cəhdlərin qarşısının alınması baxımından həlledici əhəmiyyət daşıyır.

Sonda o, İran İslam İnqilabının Ali Rəhbəri Seyid Müctəba Hüseyni Xameneinin göstərişlərinə sadiq qalacaqlarını vurğulayıb.

İran ordusu Küveytdəki ABŞ bazalarını hədəf aldığını açıqlayıb

İran ordusu yaydığı bəyanatda Küveytdə yerləşən iki ABŞ hərbi obyektinə kamikadze pilotsuz uçuş aparatları ilə hücum həyata keçirdiyini bildirib.

Açıqlamaya əsasən, hücum zamanı Ədiri hərbi düşərgəsində yerləşən ABŞ ordusunun sursat anbarı hədəfə alınıb. Bundan başqa, Əli əl-Səlim Hərbi Hava Qüvvələri bazasında yerləşən “Patriot” hava hücumundan müdafiə radarının və digər hərbi radar sisteminin vurulduğu bildirildi.

Hücumların səbəbi açıqlanıb

İran ordusu bəyan edib ki, əməliyyatlar ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumlara, ölkə vətəndaşlarının həlak olmasına, eləcə də körpülərə, infrastruktur obyektlərinə və yaşayış məntəqələrinə endirilən zərbələrə cavab olaraq icra edilib.

Bəyanatda qeyd olunub ki, Əli əl-Səlim aviabazası ABŞ-ın Qərbi Asiya istiqamətində hava daşımaları üçün əsas logistik mərkəzlərindən biri hesab olunur.

Bölgədə gərginlik davam edir

Məlumata görə, ABŞ İranın cənubunda yerləşən Hörmüzqan vilayətində hərbi əməliyyatlarını davam etdirir. İran rəsmiləri həmin hücumlar nəticəsində insan tələfatının və infrastruktur dağıntılarının qeydə alınmadığını bildiriblər.

Bununla yanaşı, İran son günlər Körfəz bölgəsi, Suriya və İordaniyada yerləşən ABŞ hərbi obyektlərinə qarşı müxtəlif əməliyyatlar həyata keçirdiyini açıqlayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş