Qaz ehtiyatları rekord aşağı səviyyəyə enib
Böyük Britaniyanın “The Independent” nəşri yazır ki, Avropa qarşıdakı qış mövsümündə ciddi qaz çatışmazlığı ilə üzləşə bilər.
Məlumata görə, qlobal istehsalın azalması, İrana qarşı müharibənin enerji bazarına təsiri və qaz ehtiyatlarının sürətlə tükənməsi vəziyyəti daha da ağırlaşdırır.
Araşdırmaya əsasən, Avropada təbii qaz ehtiyatları hazırda 50 faizdən bir qədər çoxdur ki, bu da ilin bu dövrü üçün tarixi minimum göstəricilərdən biri hesab olunur.
Analitiklər qiymət artımı gözləyirlər
“Wood Mackenzie” şirkətinin qaz bazarı üzrə araşdırmalar rəhbərinin müavini Massimo Di Odoardo bildirib ki, aşağı ehtiyat səviyyəsi, Asiyada yüksək tələbat və yeni mayeləşdirilmiş təbii qaz (LNG) layihələrinin məhdud olması qaz qiymətlərinin bu qış və 2027-ci ilə qədər yüksək qalacağını demək olar ki, qaçılmaz edir.
Onun sözlərinə görə, Avropanın qaz anbarlarının doluluq səviyyəsi noyabrın 1-dək ən yaxşı halda 75 faizə çata bilər. Halbuki son beş ilin orta göstəricisi qışdan əvvəl təxminən 90 faiz olub.
Avropa xarici tədarükdən asılıdır
Hesabatda qeyd olunur ki, 2025-ci ildə Avropanın qaz tədarükünün 89 faizi Avropa İttifaqı xaricindən təmin olunub.
Avropada təbii qaz ümumi enerji istehlakının 21 faizini, mayeləşdirilmiş təbii qaz isə 2024-cü ildə bu göstəricinin təxminən 40 faizini təşkil edib.
Analitiklər hesab edirlər ki, qitə yenidən enerji böhranı zonasına yaxınlaşır.
Böyük Britaniya da risk altındadır
Məqalədə vurğulanır ki, Böyük Britaniya illik qaz tələbatının cəmi 5 faizini saxlamaq imkanına malikdir və idxaldan ciddi şəkildə asılıdır.
Ölkənin qaz təminatının böyük hissəsi Norveçdən, qalan hissəsi isə əsasən ABŞ və Qətərdən gətirilən LNG hesabına təmin olunur.
Ekspertlər bildirirlər ki, Avropada ehtiyatların azalması Böyük Britaniyada da topdansatış qiymətlərinin artmasına və enerji bazarında təzyiqlərin güclənməsinə səbəb ola bilər.
Böhranın əsas səbəbləri açıqlanıb
Hesabatda Avropadakı qaz çatışmazlığının iki əsas səbəbi göstərilir.
Bunlardan biri Rusiya qazının mərhələli şəkildə bazardan çıxarılması və ilin sonunadək LNG idxalına tam qadağa tətbiq olunmasıdır.
İkinci səbəb isə Qətərin Ras Ləffan LNG kompleksinin 2026-cı ilin martında raket hücumları nəticəsində zərər görməsi göstərilir. Bildirilir ki, bu obyekt əvvəllər dünya LNG istehsalının təxminən beşdə birini təmin edirdi və onun tam bərpası bir neçə il çəkə bilər.
Enerji üzrə ekspert Cess Ralston qeyd edib ki, qaz ehtiyatlarının aşağı səviyyədə olması Avropanı yeni təchizat problemləri və sərt qış şəraiti qarşısında daha həssas vəziyyətə salır.

