İran Türkiyəyə Çağırış Etdi: İslam Ölkələri Ortaq Təhlükəsizlik İttifaqı Yaratmalıdır

2 Dəq Oxuma Müddəti

İran Türkiyəyə ortaq təhlükəsizlik mexanizmi təklif edib

İranın müdafiə naziri vəzifəsini icra edən briqada generalı Məcid ibn Rza Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə telefon danışığında bölgədəki son vəziyyəti, atəşkəsin icrası və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.

İran tərəfi bildirib ki, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması üçün İslam ölkələrinin ortaq təhlükəsizlik mexanizmi yaratması zəruridir.

“Xarici qüvvələr təhlükəsizliyi deyil, gərginliyi artırır”

Məcid ibn Rza vurğulayıb ki, bölgədə xarici hərbi qüvvələrin mövcudluğu təhlükəsizliyi təmin etmir, əksinə, etimadsızlığı və gərginliyi daha da artırır.

Onun sözlərinə görə, İran atəşkəs razılaşmasını dost və qonşu ölkələrin xahişi ilə bölgədə sabitliyin bərpasına töhfə vermək məqsədilə imzalayıb. Lakin ABŞ-ın əvvəlki öhdəliklərini dəfələrlə pozduğunu xatırladan Tehran Vaşinqtona etibar etmədiyini bəyan edib.

İran rəsmisi əlavə edib ki, ölkənin Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir və razılaşmanın istənilən pozuntusuna sərt cavab veriləcək.

“Təhlükəsizliyi bölgə dövlətləri təmin etməlidir”

İranlı general bildirib ki, Qəzza, Livan, Suriya və İranda baş verən hadisələr göstərir ki, bölgənin təhlükəsizliyi yalnız region dövlətlərinin birgə fəaliyyəti ilə qoruna bilər.

O, İran, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və digər müsəlman ölkələrinin iştirakı ilə ortaq təhlükəsizlik ittifaqının yaradılması təşəbbüsünü bir daha gündəmə gətirib.

İbn Rza həmçinin Fars körfəzinin təhlükəsizliyinin də yalnız sahilyanı dövlətlər tərəfindən təmin olunmasının vacibliyini vurğulayıb.

Türkiyə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər isə Ankara hökumətinin atəşkəsin tam icrasını və diplomatik prosesin davam etdirilməsini dəstəklədiyini bildirib.

Nazir qeyd edib ki, regional təhlükəsizlik yalnız dialoq, əməkdaşlıq və bölgə ölkələrinin birgə fəaliyyəti ilə təmin oluna bilər.

Yaşar Gülər Türkiyənin İranla terrorla mübarizə, sərhəd təhlükəsizliyi və digər regional məsələlər üzrə əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş