İran: “Livan olmadan yekun razılaşma mümkün deyil”
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai həftəlik mətbuat konfransında Livandakı vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar verib.
O bildirib ki, Livanda atəşkəs davamlı şəkildə pozulur və bu məsələ bölgədəki ümumi müharibənin dayandırılması ilə bağlı istənilən yekun razılaşmanın əsas hissəsidir.
Bəqai vurğulayıb ki, Livandakı atəşkəs ayrıca mövzu deyil və ümumi regional təhlükəsizliklə birbaşa bağlıdır.
“ABŞ və İsraili ayrı görmürük”
İran rəsmisi ABŞ və İsraili bölgədə eyni siyasi xəttin tərəfləri kimi qiymətləndirdiklərini bildirib.
“Livanla bağlı baş verən hər prosesdə ABŞ əsas tərəflərdən biridir”, – deyə o qeyd edib.
“Danışıqlar etimadsız mühitdə aparılır”
İsmayıl Bəqai İranın ABŞ ilə danışıqlara əvvəldən ciddi şübhə və etimadsızlıq şəraitində başladığını bildirib.
Onun sözlərinə görə, tərəflər arasında mesaj mübadiləsi davam etsə də, Vaşinqtonun mövqeyindəki davamlı dəyişikliklər prosesi çətinləşdirir.
Bəqai qeyd edib ki, ABŞ rəsmilərinin ziddiyyətli açıqlamaları ya danışıqlar taktikasından, ya da Vaşinqtondakı qərarvermə böhranından qaynaqlanır.
“Nüvə məsələsi müzakirə edilmir”
İran sözçüsü Donald Trampın İranın uranı ölkədən çıxarması ilə bağlı açıqlamalarına da cavab verib.
O bildirib ki, hazırda nüvə proqramının detalları üzrə heç bir danışıqlar aparılmır.
Bəqainin sözlərinə görə, Tehran bu mərhələdə əsas diqqəti müharibənin dayandırılmasına yönəldib.
“Hörmüzdən keçən gəmilər bizim koordinasiya ilə hərəkət edir”
İran rəsmisi ABŞ-ni bölgədə atəşkəsi pozmaqda və İranın dəniz ticarətinə qarşı fəaliyyət göstərməkdə ittiham edib.
O bildirib ki, İran silahlı qüvvələri ABŞ hücumlarının başladığı nöqtələri hədəfə alıb.
Bəqai əlavə edib ki, Hörmüz boğazından keçən gəmilər İran silahlı qüvvələri ilə koordinasiya şəraitində hərəkət edir.
İran dondurulmuş vəsaitlərin azad edilməsini tələb edir
İsmayıl Bəqai açıqlamasında İranın xaricdə dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsinin Tehran üçün əsas tələb olduğunu vurğulayıb.
O qeyd edib ki, hazırda bunun həyata keçirilməsi mexanizmi müzakirə olunur.
Qətər və Pakistan vasitəçilik edir
İran rəsmisi danışıqlarda Pakistanın əsas vasitəçi rolunu oynadığını bildirib.
O əlavə edib ki, Qətər də prosesə yardım göstərməyə çalışır və İran nümayəndə heyətinin Dohaya səfəri “müsbət və faydalı” olub.
İran BMT-ni də tənqid etdi
Bəqai BMT-ni bölgədə baş verənlərə passiv yanaşmaqda ittiham edib.
O bildirib ki, beynəlxalq ictimaiyyət və qlobal qurumlar regional təhlükəsizlik və humanitar böhranlarla bağlı məsuliyyətlərini yerinə yetirməlidirlər.
