İran Çin gəmilərinə keçid icazəsi verdi
Fars Xəbər Agentliyi məlumat yayıb ki, İran Hörmüz boğazından bəzi Çin gəmilərinin keçidinə icazə verib. Qərar İranın müəyyən etdiyi idarəetmə və təhlükəsizlik protokollarına tam uyğun şəkildə tətbiq olunur.
Məlumata görə, qərar Çin xarici işlər nazirinin və Pekinin Tehrandakı səfirinin intensiv diplomatik təmaslarından sonra qəbul edilib. Mənbə bildirib ki, bu addım İran və Çin arasında mövcud olan strateji tərəfdaşlıq və dərin münasibətlər əsasında atılıb.
Keçidlər artıq başlayıb
İran tərəfi ilə Çin arasında əldə olunan razılaşmaya əsasən, Pekinin müraciət etdiyi gəmilərin keçidinə icazə verilib və keçid əməliyyatları artıq ötən gecədən başlayıb.
Mənbə vurğulayıb ki, bu addım İran İslam Respublikasının daxili protokollarına əsaslanır və Hörmüz boğazının xarici təzyiq vasitəsinə çevrilməsinin qarşısını almağa xidmət edir.
Həmçinin qeyd olunub ki, Tehran bununla boğaz üzərində “dəqiq və ağıllı idarəetmə” modelini gücləndirməyə çalışır.
Çin neft tankeri Hörmüzdən keçib
Çərşənbə günü nəhəng Çin neft tankeri Hörmüz boğazından keçib. Bu hadisə ABŞ Prezidenti Donald Tramp-ın Pekinə səfəri və Çin Prezidenti Şi Cinpin ilə görüşü fonunda baş verib.
“MarineTraffic” gəmi izləmə sistemi bildirib ki, “Yuan Hua Hu” adlı Çin tankeri çərşənbə səhəri boğazdan şərq istiqamətində hərəkət edib.
Çin İran neftinin əsas alıcısıdır
Çin hazırda İran neftinin ən böyük idxalçısı hesab olunur. Pekin İran xam neftini ölkədəki emal zavodlarına çatdırmaq üçün geniş tanker şəbəkəsindən istifadə edir.
Analitiklər hesab edir ki, Hörmüz boğazı ilə bağlı bu qərar İran-Çin münasibətlərində iqtisadi və geosiyasi əməkdaşlığın daha da dərinləşdiyini göstərir.
