Ues Stritinq hökumətdən ayrıldı
Böyük Britaniyanın səhiyyə və sosial qayğı naziri Ues Stritinq hökumətdən istefa verdiyini açıqlayıb. O, Baş nazir Kir Starmer-in rəhbərliyinə artıq etimad göstərmədiyini bildirib.
Stritinq “X” sosial şəbəkəsində paylaşdığı məktubda Starmerə müraciətlə yazıb: “Artıq aydındır ki, siz Leyborist Partiyasını növbəti ümumi seçkilərə aparmayacaqsınız”.
Nazir əlavə edib ki, partiya deputatları və həmkarlar ittifaqları qarşıdakı müzakirələrin şəxsi və ya fraksiyalararası qarşıdurma deyil, ideyalar mübarizəsi formasında aparılmasını istəyirlər.
Leyborist Partiyasında daxili narazılıq artır
Stritinq bildirib ki, partiya daxilində genişmiqyaslı müzakirələr keçirilməli və ən güclü namizədlər prosesə cəlb olunmalıdır. O, bu yanaşmanı dəstəklədiyini və bunun həyata keçirilməsinə yardım etmək istədiyini vurğulayıb.
Bu istefa Starmer hökumətində son günlər yaşanan ilk ayrılıq deyil. Daha əvvəl Ədliyyə Nazirliyinin müavini Aleks Devis-Cons də rəhbərliyə etiraz olaraq vəzifəsindən ayrılmışdı.
Bundan başqa, qadın və qızların zorakılıqdan müdafiəsi üzrə nazir Cess Fillips də eyni səbəbdən istefa verib.
Yerli seçkilərdə ağır məğlubiyyət
Leyborist Partiyasına qarşı təzyiqlər ötən həftə keçirilən regional və yerli seçkilərdən sonra daha da artıb. İngiltərənin 136 bölgəsində keçirilən seçkilərdə partiya ciddi itkilərlə üzləşib.
Partiya əvvəllər nəzarət etdiyi 2200-dən çox yerdən təxminən 1200 mandat itirib. Bunun fonunda sağçı İslahat Partiyası əsas qaliblərdən biri olub və təxminən 1400 mandat qazanıb.
Analitiklər hesab edir ki, bu nəticələr Kir Starmerin rəhbərliyinə qarşı narazılığı daha da artıracaq və Leyborist Partiyası daxilində liderlik müzakirələrini sürətləndirəcək.
