İran əməliyyatların dayandırıldığını açıqladı
İranın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahı sionist rejimə qarşı həyata keçirilən hərbi əməliyyatların dayandırıldığını elan edib.
Qərargahın yaydığı bəyanatda bildirilib ki, son mərhələdə işğal altındakı ərazilərdə yerləşən “həssas və strateji hədəflər” vurulub.
“İşğalçı İsrail ağır zərbələr aldı”
İran tərəfi hücumların “dəqiq və ağıllı” şəkildə həyata keçirildiyini, nəticədə sionist rejimin ciddi itkilərlə üzləşdiyini bildirilib.
Bəyanatda qeyd olunub ki, bu əməliyyatlar Livanın cənubu və Beyrutun Dahiya bölgəsinə edilən hücumlara cavab xarakteri daşıyıb.
“Yeni hücum olsa, cavab daha ağır olacaq”
Tehran eyni zamanda işğalçı İsrailə yeni xəbərdarlıq edib.
İran bildirib ki, Livanın cənubu və ya Beyruta qarşı hücumlar davam edərsə, əvvəlkindən daha sərt və dağıdıcı cavab veriləcək.
“Atəşkəs istəyi qarşı tərəfdən gəldi”
“Tesnim” agentliyinin yaydığı məlumata görə, atəşkəs təşəbbüsü qarşı tərəfdən gəlib və bu barədə ABŞ prezidenti Donald Tramp da açıqlama verib.
Məlumata əsasən, İran yeni şərtlərlə atəşkəsə razılıq verib və Livana hücumların davam etməsi halında əməliyyatların yenidən başlanacağını bildirib.
“İran geri çəkilməyəcək”
Qərargahın sözçüsü vurğulayıb ki, İran silahlı qüvvələri həm müdafiə, həm də hücum baxımından yüksək hazırlıq səviyyəsindədir.
O bildirib ki, İran və bölgədəki müqavimət qüvvələri təzyiqlər qarşısında geri çəkilməyəcək.
Bölgədə vəziyyət hələ də gərgindir
Son günlər İran və sionist rejim arasında qarşılıqlı raket hücumları, eləcə də Livanda baş verən hadisələr Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini kritik həddə çatdırıb.
Regionda nisbi sakitlik yaransa da, tərəflər arasında gərginlik davam edir.
