Tehran: Təhdidlər razılaşmanı ləngidir
İranın İnqilab Keşikçiləri Korpusuna bağlı “Sepah News” agentliyinə danışan məlumatlı mənbə bildirib ki, Omanla Hörmüz boğazı üzrə razılaşmanın gecikməsinin əsas səbəbi ABŞ-nin prosesə müdaxiləsidir.
Mənbənin sözlərinə görə, İrana qarşı hərbi hücum təhdidlərinin davam etməsi razılaşmanın imzalanmasını daha da yubadır.
O vurğulayıb ki, Tehran heç bir halda təzyiq və təhdid şəraitində saziş bağlamayacaq.
Yeni anlaşma sənədi hazırlanır
Məlumata görə, Pakistan və Qətərdən olan vasitəçilər yalnız Hörmüz boğazına həsr olunmuş yeni anlaşma sənədi üzərində işləyirlər.
Bildirilir ki, hazırlanan sənəd əvvəlki “İslamabad Anlaşması”na əlavə xarakteri daşıyacaq və yalnız Hörmüz boğazında gəmiçiliyin təşkili məsələlərini əhatə edəcək.
Tehran: Danışıqlar yalnız Omanla aparılır
İran tərəfi bir daha bəyan edib ki, Hörmüz boğazı ilə bağlı hazırda ABŞ ilə heç bir danışıqlar aparılmır.
Rəsmi mənbələrin bildirdiyinə görə, bu məsələ üzrə yeganə danışıqlar Tehran və Maskat arasında davam edir.
İranın “Press TV” telekanalına danışan başqa bir məlumatlı mənbə də qeyd edib ki, ABŞ və digər regional tərəflərin müdaxilələri dayandırılacağı təqdirdə İran ilə Oman arasında razılaşmanın əldə olunması mümkündür.
“İslamabad Anlaşması”nın 5-ci maddəsi nəyi nəzərdə tutur?
“İslamabad Anlaşması”nın 5-ci bəndinə əsasən, İran 60 gün müddətində Fars körfəzi ilə Oman dənizi arasında ticarət gəmilərinin təhlükəsiz hərəkəti üçün marşrut təşkil etməli, bu proses Oman və körfəz ölkələri ilə koordinasiya şəraitində həyata keçirilməlidir.
İran bildirir ki, ABŞ bu mexanizmdən kənar Oman sahilləri yaxınlığında ayrıca dəniz marşrutu yaradaraq gəmiləri həmin istiqamətə yönləndirib. Tehran isə bunun razılaşdırılmış mexanizmə zidd olduğunu hesab edir.

