İran ABŞ Bazalarına Üçmərhələli Hərbi Əməliyyat Keçirdiyini Açıqladı

3 Dəq Oxuma Müddəti

İran cavab əməliyyatı keçirdiyini açıqlayıb

İran İnqilab Keşikçiləri Korpusu bazar günü yaydığı bəyanatda ABŞ-ın ölkə ərazisinə endirdiyi zərbələrə cavab olaraq regiondakı Amerika hərbi obyektlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirdiyini bildirib.

Bəyanata görə, əməliyyat üç mərhələdə icra olunub və müxtəlif ölkələrdə yerləşən ABŞ hərbi bazaları hədəfə alınıb.

Birinci mərhələ: İordaniyadakı baza hədəfə alınıb

İnqilab Keşikçilərinin məlumatına əsasən, əməliyyatın ilk mərhələsində İordaniyada yerləşən “Əmir Həsən” aviabazasının komanda-idarəetmə mərkəzi və MQ-9 tipli pilotsuz uçuş aparatlarının saxlanıldığı anqarlar ballistik raketlərlə vurulub.

Bəyanatda həmçinin iddia olunub ki, ABŞ Hörmüz boğazının cənubunda qanunsuz dəhliz yaratmağa və Omanın qərarlarına təsir göstərməyə çalışıb.

İran tərəfi bildirib ki, ABŞ-ın ölkənin cənub sahillərində yerləşən hərbi obyektlərə və rabitə qüllələrinə endirdiyi zərbələrə qətiyyətlə cavab verilib.

İkinci mərhələ: Qətər və Hörmüz boğazı

İkinci mərhələdə İnqilab Keşikçiləri Hörmüz boğazında qaydaları pozduğu iddia edilən ikinci gəminin saxlanıldığını açıqlayıb.

Bununla yanaşı, Qətərdə yerləşən ABŞ-ın “Əl-Udeyd” aviabazasına ballistik raket zərbələri endirildiyi bildirilib.

İranın məlumatına görə, hücum nəticəsində bazanın döyüş təyyarələrinin texniki xidmət mərkəzi və komanda-idarəetmə infrastrukturu məhv edilib.

İnqilab Keşikçiləri ABŞ və sionist rejim tərəfindən hücumların davam edəcəyi təqdirdə cavab tədbirlərinin daha sərt olacağını bəyan edib.

Üçüncü mərhələ: Omanda hərbi obyektlərin vurulduğu bildirilir

Əməliyyatın üçüncü mərhələsində Omanın Duqm limanında ABŞ hərbi gəmilərinin logistik təminat mərkəzləri və aviadaşıyıcıların yanacaq doldurma platformalarının hədəfə alındığı açıqlanıb.

İran tərəfi bu hücumun ABŞ-ın bölgədəki hərbi fəaliyyətinə cavab xarakteri daşıdığını bildirib.

İran ordusu Küveyt və Bəhreyndəki obyektləri hədəfə aldığını açıqlayıb

İran ordusu ayrıca yaydığı bəyanatda pilotsuz uçuş aparatları ilə Küveytdə yerləşən ABŞ ordusuna məxsus “Patriot” hava hücumundan müdafiə sistemi, sursat anbarı və radar məntəqəsinin vurulduğunu bildirib.

Məlumata görə, Bəhreyndə də ABŞ ordusuna məxsus rabitə sistemi və radar mövqelərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

İran ordusu bildirib ki, bölgədə yaranan gərginliyə görə məsuliyyət ABŞ və sionist rejimin üzərinə düşür və yeni hücumlar olacağı təqdirdə cavab daha sərt olacaq.

Regionda hava hücumundan müdafiə sistemləri işə salınıb

İran mediasının məlumatına görə, baş verən hadisələrdən sonra İordaniyada hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

Həmçinin Küveyt və Bəhreyndə yerləşən ABŞ bazaları yaxınlığında partlayış səslərinin eşidildiyi, Bəhreyndə isə xəbərdarlıq siqnallarının işə salındığı bildirilib.

Qətərin paytaxtı Doha və Birləşmiş Ərəb Əmirliklərində də partlayış səslərinin eşidildiyini bildirilib.

ABŞ hücumları fonunda gərginlik artır

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl İran ərazisinə qarşı yeni hərbi əməliyyatların başladığını açıqlamışdı. Vaşinqton bu əməliyyatların Hörmüz boğazında ticarət gəmisinə qarşı həyata keçirildiyi iddia olunan hücuma cavab olduğunu bildirmişdi.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla qüvvədə olan atəşkəs razılaşmasının başa çatdığını elan etmiş, eyni zamanda Tehranla danışıqların davam etdiriləcəyini bildirmişdi.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş