Hizbullahdan Vaşinqtona meydan oxuma: “Təslim olmayacağıq”

2 Dəq Oxuma Müddəti

Hizbullahdan əsas tələblər açıqlandı

Hizbullahın Şəriət Heyətinin rəhbəri Şeyx Məhəmməd Yəzbək bazar günü yaydığı müraciətdə təşkilatın əsas tələblərini bir daha açıqlayıb.

O bildirib ki, müqavimətin əsas məqsədi tam və hərtərəfli atəşkəsin təmin olunması, sionist rejimin quru, hava və dəniz hücumlarının dayandırılmasıdır.

Şeyx Yəzbək əlavə edib ki, Livan torpaqlarından sionist rejim qüvvələrinin tam çıxması, köçkünlərin öz şəhər və kəndlərinə geri qayıtması, dağıdılmış bölgələrin bərpası və əsirlərin azad olunması da əsas tələblər sırasındadır.

“Bu mövqedən geri çəkilməyəcəyik”

Yəzbək qeyd edib ki, Livanda müdafiə strategiyası və milli təhlükəsizlik məsələləri ilə bağlı dialoq aparılması da vacib məsələlərdən biridir.

Onun sözlərinə görə, Hizbullah bu mövqedən geri çəkilməyəcək və lazım gələrsə “Hüseyni müqavimət” yolunu davam etdirəcək.

Köçkünlərə müraciət etdi

Şeyx Yəzbək çıxışında Livandakı məcburi köçkünlərə də xüsusi müraciət edib.

O bildirib ki, köçkünlər göstərdikləri səbir və müqavimətlə “şərəf və ləyaqət nümunəsi” ortaya qoyublar.

“Sizinlə birlikdə bu çətinlikləri yaşayırıq və birlikdə gələcək qələbəyə doğru irəliləyirik”, – deyə Hizbullah rəsmisi vurğulayıb.

“Vaşinqtondakı təslimçilik bizi maraqlandırmır”

Şeyx Yəzbək açıqlamasında Vaşinqtonda aparılan danışıqlara da toxunub.

O bildirib ki, Hizbullah uzun müddət dövlətlə sionist rejim arasında əldə edilən razılaşmaya hörmət edib və atəşkəsə əməl edib. Buna baxmayaraq, işğalçı rejimin hücumlarını davam etdirib və nəticədə yüzlərlə insan həyatını itirib.

Yəzbək bəzi Livan rəsmilərini də tənqid edərək bildirib ki, müqavimətin “qanunsuz” göstərilməsi sionist rejim və ABŞ-nin maraqlarına xidmət edir.

Onun sözlərinə görə, Vaşinqtonda aparılan danışıqlar və “təslimçi yanaşmalar” Hizbullah üçün əhəmiyyət daşımır.

Müqavimət qüvvələrinə çağırış

Hizbullah rəsmisi çıxışının sonunda təşkilatın silahlı qüvvələrinə də müraciət edib.

O bildirib ki, müqavimət döyüşçüləri Livanın suverenliyinin qorunması üçün mübarizə aparır və onların fəaliyyəti “xalqın şərəfini müdafiə edir”.

Şeyx Yəzbək həlak olanların, yaralananların və əsirlərin ailələrinə də təşəkkür edib.

İrana xüsusi təşəkkür

Müraciətin sonunda Şeyx Yəzbək İran İslam Respublikasına və İran rəhbərliyinə də təşəkkür edib.

O, İranın Livan və müqavimət qüvvələrinə verdiyi dəstəyi yüksək qiymətləndirib və Tehran rəhbərliyinin atəşkəs və danışıqlar prosesində rol oynadığını bildirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş