Həbsdə olan üç ana hicab etirazlarından danışıb
“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər Aytac Tapdıq və Xəyalə Ağayeva hicablı qızlarının məktəbə buraxılmamasına etiraz etdiklərinə görə saxlanılan Nübar Həsənova, Nərgizxanım Məmmədova və Çinarə Dərgahova ilə müsahibə aparıblar.
- Həbsdə olan üç ana hicab etirazlarından danışıb
- Nübar Həsənova: “Qızım cərrah olmaq istəyirdi”
- “Qərar və qanun fərqli anlayışlardır”
- “Beş nəfər mülki geyimli şəxs üstümə hücum etdi”
- Polis bölməsində pis rəftara məruz qaldığını iddia edir
- Nərgizxanım Məmmədova: “Qızım qorxudan əlimi sıxırdı”
- Uşaqların sinfə buraxılmadığını deyir
- “Məni zorla sürüyərək maşına apardılar”
- Valideynlər gecə saatlarında məhkəməyə çıxarılıblar
- Nərgizxanım Məmmədova məhkəmədə kövrəldiyini bildirib
- Çinarə Dərgahova: “Mən İranın adamı deyiləm”
- “Videoları sildim, sonra qızımı dərsə buraxmadılar”
- “Qızımın təhsil hüququ uğrunda mübarizə aparırdım”
- Hökumət etirazların İrandan idarə olunduğunu iddia edir
- Nübar Həsənova ittihamları böhtan adlandırıb
- Məktəbdə silahlı şəxs olduğu iddiası
- Valideynlər təhsil hüququnun pozulduğunu bildirirlər
- Analar övladlarının gələcəyindən narahatdırlar
- “Qızımın gələcəklə bağlı planları alt-üst olub”
- “Öz vətənində yad kimi yaşayır”
Valideynlər övladlarının məktəbdə qarşılaşdıqları problemlərdən, etirazlardan sonra saxlanılmalarından və polis əməkdaşlarının onlara münasibətindən danışıblar.
Onlar qızlarının təhsil hüququnun pozulduğunu, hicabla bağlı məhdudiyyətlərin uşaqların gələcəyinə və psixoloji vəziyyətinə mənfi təsir göstərdiyini bildiriblər.
Nübar Həsənova: “Qızım cərrah olmaq istəyirdi”
Nübar Həsənovanın 15 yaşlı qızı oktyabrın 12-də başı örtülü olduğu üçün Bakının Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbə buraxılmayıb.
Ertəsi gün digər şagirdlər hicablı məktəb yoldaşlarına dəstək məqsədilə təhsil müəssisəsinin qarşısına toplaşıblar.
Şagirdlər və valideynlər “Hicaba azadlıq” şüarı səsləndirərək dərslərə girməkdən imtina ediblər.
Bundan sonra saxlanılmalar və təqiblər başlayıb.
“Qərar və qanun fərqli anlayışlardır”
Nübar Həsənova bildirib ki, məktəb rəhbərliyi məhdudiyyətin dövlət qərarı olduğunu əsas gətirib.
O isə Konstitusiyanın din, əqidə və vicdan azadlığına təminat verdiyini, ümumi orta təhsilin icbari olduğunu xatırladıb.
Valideynin sözlərinə görə, dövlət qərarı ilə qanun eyni anlayış deyil və uşaqların üzləşdiyi psixoloji sarsıntı nəzərə alınmalıdır.
Həsənova hesab edir ki, qanunlar və səlahiyyətli şəxslər vətəndaşlara xidmət etməlidir.
“Beş nəfər mülki geyimli şəxs üstümə hücum etdi”
Nübar Həsənova etirazdan sonrakı gün qızını məktəbə apararaq sinif otağına daxil etdiyini bildirib.
Onun sözlərinə görə, övladının dərsdən çıxarılmasının qarşısını almaq üçün məktəbin dəhlizində gözləyərkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
Polis bölməsində pis rəftara məruz qaldığını iddia edir
Həsənova bildirib ki, beş nəfər mülki geyimli şəxs onun qollarını burub, ağzını tutaraq qara avtomobilə mindirib.
Onun sözlərinə görə, əvvəlcə Binə qəsəbəsindəki 3 nömrəli polis bölməsinə, daha sonra Xəzər Rayon Polis İdarəsinə aparılıb.
Valideyn polis bölməsində onunla pis rəftar edildiyini və çantasından 45 manatının oğurlandığını iddia edib.
Həsənova hüquq-mühafizə orqanlarının vətəndaşları cinayətlərdən qorumalı olduğunu, lakin özünün polis əməkdaşları tərəfindən qanunsuz rəftara məruz qaldığını bildirib.
Nərgizxanım Məmmədova: “Qızım qorxudan əlimi sıxırdı”
149 nömrəli məktəbin həyətində saxlanılan digər valideyn Nərgizxanım Məmmədova olub.
Üçüncü sinifdə oxuyan qızının anası bildirib ki, oktyabrın 13-də telefonla canlı yayım açaraq hicablı uşaqları sinif otağına qədər müşayiət edib.
Uşaqların sinfə buraxılmadığını deyir
Məmmədovanın sözlərinə görə, müəllimlər, mühafizə əməkdaşları və direktor onların qarşısını kəsərək içəri buraxmayıblar.
O bildirib ki, qızının əlindən tutduğu zaman uşaq qorxudan əlini sıxıb.
Valideynin iddiasına əsasən, bir dərsdən sonra qızı sinifdən çıxarılaraq “psixoloji otaq” adlandırılan başqa otağa aparılıb.
Məmmədova həmin otaqda psixoloqların uşaqlara baş örtüklərini açmalı olduqlarını söylədiyini bildirib.
“Məni zorla sürüyərək maşına apardılar”
Nərgizxanım Məmmədova ertəsi gün qızını yenidən sinfə apardığını deyib.
Onun sözlərinə görə, sinif otağından çıxan kimi beş-altı mülki geyimli şəxs onu zorla avtomobilə aparıb.
Valideyn polis əməkdaşlarının ona hədə-qorxu gəldiyini və zorakılıqla təhdid etdiyini də iddia edib.
Valideynlər gecə saatlarında məhkəməyə çıxarılıblar
Nübar Həsənova və Nərgizxanım Məmmədova saxlanıldıqları gün gecə saat 23:00–00:00 radələrində Xəzər Rayon Məhkəməsinə çıxarılıblar.
Onların barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi üzrə həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Nərgizxanım Məmmədova məhkəmədə kövrəldiyini bildirib
Məmmədova hökm oxunarkən kövrəldiyini deyib.
O bildirib ki, buna səbəb həbs olunması deyil, məhkəmədə ona qarşı səsləndirilən sözlər olub.
Valideyn hakimə indiyədək heç bir qanun pozuntusuna yol vermədiyini söylədiyini və ona etiraz etdiyini açıqlayıb.
Çinarə Dərgahova: “Mən İranın adamı deyiləm”
Həbs edilən valideynlərdən biri də Çinarə Dərgahovadır.
Onun qızı Xocahəsən qəsəbəsində yerləşən 103 nömrəli məktəbin dördüncü sinfində oxuyur.
Dərgahova etiraz zamanı çəkdiyi görüntüləri sosial şəbəkələrdə paylaşan valideynlər arasında olub.
“Videoları sildim, sonra qızımı dərsə buraxmadılar”
Çinarə Dərgahova bildirib ki, məktəbdə qızının sinifdən çıxarılmayacağına dair ona verilən sözə inanaraq çəkdiyi görüntüləri silib.
Onun sözlərinə görə, məktəbin direktoru Səma müəllim heç bir görüntünün çəkilməməsini və paylaşılmamasını tapşırıb.
Dərgahova videoları sildikdən sonra evə qayıtdığını, 15 dəqiqə sonra isə qızının hicabla dərsdə oturmasına icazə verilmədiyi barədə zəng aldığını bildirib.
O, müəllimlərin də heç birinin dəyişmiş formada olmadığını qeyd edib.
“Qızımın təhsil hüququ uğrunda mübarizə aparırdım”
Çinarə Dərgahova məktəbin həyətində keçirilən etirazdan sonra həbs olunduğunu deyib.
Valideyn dördüncü sinifdə oxuyan hicablı qızının təhsil hüququnu müdafiə etdiyini vurğulayaraq İranla əlaqəsi olduğu barədə ittihamları rədd edib.
Hökumət etirazların İrandan idarə olunduğunu iddia edir
Hökumət hicabla bağlı etirazların İrandan idarə olunduğunu və aksiya iştirakçılarının iğtişaş yaradaraq qanunu pozduqlarını iddia edir.
Həbs olunan valideynlər isə bu ittihamları qəbul etmirlər.
Onlar “Hicaba azadlıq” tələbi ilə keçirilən aksiyaların dinc xarakter daşıdığını və heç bir zorakılığa yol vermədiklərini bildirirlər.
Nübar Həsənova ittihamları böhtan adlandırıb
Nübar Həsənova etirazçıların iğtişaş törətmək və zorakılıq etmək niyyətində olması barədə iddiaları rədd edib.
O, təxribat xarakterli hərəkətlərin xüsusi təyin edilmiş şəxslər vasitəsilə süni şəkildə təşkil olunduğunu iddia edib.
Məktəbdə silahlı şəxs olduğu iddiası
Həsənova bildirib ki, oktyabrın 13-də məktəbin ətrafında çoxlu mülki geyimli şəxs olub.
Onun sözlərinə görə, valideynlər təhsil idarəsinin əməkdaşı olduğunu güman etdikləri qalstuklu şəxsdən vəziyyəti izah etməsini istəyiblər.
Həsənova daha sonra şagirdlərin həmin şəxsin belində silah gördüklərini söylədiyini bildirib.
O, bu məlumatı bir neçə nəfərdən dəqiqləşdirdiyini iddia edib.
Valideyn həmin şəxsin uşaqların arasında olmasını sual altına alıb və mümkün qarşıdurmanın dindarların və İranın üzərinə atılması üçün təxribat hazırlanmış ola biləcəyini irəli sürüb.
Valideynlər təhsil hüququnun pozulduğunu bildirirlər
Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 2-ci maddəsində heç kəsin təhsil hüququndan məhrum edilə bilməyəcəyi göstərilir.
Həmin maddəyə əsasən, dövlət təhsil və tədris sahəsində öz funksiyalarını yerinə yetirərkən valideynlərin dini və fəlsəfi baxışlarına hörmət etməlidir.
Analar övladlarının gələcəyindən narahatdırlar
Həbs edilən valideynlər hicabla bağlı məhdudiyyətlərin qızlarının təhsilini davam etdirməsinə mane olduğunu bildirirlər.
Onların sözlərinə görə, baş verən hadisələr anaları övladlarından ayrı salıb: analar həbsdə, qızları isə evdə qalıblar.
Valideynlər uşaqların gələcək təhsili və yaşadıqları hadisələrin psixoloji təsirləri ilə bağlı narahatlıqlarını ifadə ediblər.
“Qızımın gələcəklə bağlı planları alt-üst olub”
34 yaşlı alman dili müəllimi Nübar Həsənova qızının məktəbdə əlaçı olduğunu və gələcəkdə cərrah olmaq istədiyini bildirib.
Onun sözlərinə görə, qızı bu il kimya fənni üzrə hazırladığı layihə ilə məktəbdə birinci yerə layiq görülüb.
“Öz vətənində yad kimi yaşayır”
Həsənova bildirib ki, hicab məhdudiyyətindən sonra qızının təhsillə bağlı ümidləri sarsılıb.
Valideynin sözlərinə görə, övladı gələcəyi üçün qurduğu planların pozulmasından narahatdır və öz vətənində özünü yad hiss edir.
O, dünyəviliyin müxtəlifliyə hörmət, dözümlülük, tolerantlıq və demokratiya mənasına gəldiyini vurğulayıb.
Nübar Həsənova qızının təhsildən məhrum edilməsini onun gələcək taleyinə müdaxilə kimi qiymətləndirib.
