Xəlil əl-Həyyə HƏMAS-ın yeni siyasi lideri oldu
HƏMAS hərəkatı Xəlil əl-Həyyənin təşkilatın Siyasi Bürosunun rəhbəri seçildiyini rəsmən elan edib.
Beləliklə, o, bu vəzifədə 2024-cü ilin oktyabrında Qəzzanın Rəfah bölgəsində İsrail qüvvələri ilə toqquşma zamanı şəhid olan Yəhya Sinvarı əvəz edib.
Rəsmi açıqlama hərəkatın ötən gün daxili seçkilərlə bağlı yayılan məlumatları təkzib etməsindən sonra verilib.
Xəlil əl-Həyyə kimdir?
Xəlil əl-Həyyə 1960-cı ildə Qəzza zolağında anadan olub və HƏMAS-ın qurucu simalarından biri hesab olunur.
O, 1980-ci illərin əvvəllərində islamçı hərəkat sıralarına qoşulub, 1987-ci ildə isə HƏMAS-ın yaradıldığı gündən təşkilatda fəaliyyət göstərir.
Siyasi fəaliyyəti
Xəlil əl-Həyyənin adı xüsusilə 2006-cı il Fələstin parlament seçkilərindən sonra ön plana çıxıb.
O, Qəzza şəhərində yerli rəhbər vəzifələrdən başlayaraq HƏMAS-ın sektor rəhbərliyinə, daha sonra isə təşkilatın Siyasi Bürosunda rəhbər heyətə yüksəlib.
2023-cü ilin oktyabrında başlayan müharibədən əvvəl hərəkatın xarici əlaqələrinə rəhbərlik etmək üçün Qəzzanı tərk edərək xaricdə fəaliyyət göstərməyə başlayıb.
Ailəsi dəfələrlə hücumlara məruz qalıb
Xəlil əl-Həyyənin ailəsi müxtəlif dövrlərdə İsrail hücumlarında ciddi itkilər verib.
- 2007-ci ildə Qəzza şəhərinin Şücaiyyə məhəlləsində yerləşən ailə evi vurulub və yaxın qohumları şəhid olub.
- 2014-cü ildə böyük oğlu Usamə, onun həyat yoldaşı və üç övladı hava hücumu nəticəsində şəhid olub.
- 2025-ci ilin sentyabrında Qətərin paytaxtı Dohada ona qarşı həyata keçirilən sui-qəsd cəhdi zamanı oğlu Həmmam və üç mühafizəçisi şəhid olub.
- 2026-cı ilin mayında isə digər oğlu Əzzam Qəzza şəhərində hava zərbəsi nəticəsində şəhid olub.

