ABŞ nümayəndə heyəti Havanada danışıqlar aparıb
Kuba hökuməti ABŞ nümayəndə heyəti ilə Havanada keçirilən görüşün detalları barədə məlumat yayıb.
Rəsmi açıqlamaya görə, görüş mayın 14-də baş tutub və ABŞ nümayəndə heyətinə Con Retklif rəhbərlik edib.
Retklif ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri kimi Kuba Daxili İşlər Nazirliyinin nümayəndələri ilə danışıqlar aparıb.
“Kuba ABŞ üçün təhlükə yaratmır”
Havana bildirib ki, görüş zamanı təqdim edilən məlumatlar Kubanın ABŞ milli təhlükəsizliyi üçün heç bir təhdid yaratmadığını açıq şəkildə göstərib.
Kuba tərəfi vurğulayıb ki, ölkənin “terroru dəstəkləyən dövlətlər” siyahısına daxil edilməsi üçün heç bir əsas yoxdur.
Rəsmi açıqlamada qeyd olunub ki, Kuba hökuməti terrorizmin bütün formalarını qətiyyətlə pisləyir və buna qarşı mübarizə aparır.
“Kubada terror təşkilatları fəaliyyət göstərmir”
Kuba hökuməti bəyan edib ki, ölkə ərazisində heç bir terror və ya ekstremist təşkilat fəaliyyət göstərmir.
Həmçinin vurğulanıb ki, Kubada xarici hərbi və ya kəşfiyyat bazaları yoxdur və Havana heç vaxt ABŞ-a qarşı düşmən fəaliyyətləri dəstəkləməyib.
Açıqlamada əlavə olunub ki, Kuba öz ərazisinin başqa dövlətlərə qarşı istifadə edilməsinə də icazə verməyəcək.
İki ölkə təhlükəsizlik əməkdaşlığını müzakirə edib
Tərəflər görüş zamanı hüquq-mühafizə və təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını da bildiriblər.
Kuba hökumətinin açıqlamasına görə, belə əməkdaşlıq həm iki ölkənin, həm də regional və beynəlxalq təhlükəsizliyin maraqlarına uyğundur.
Görüş sanksiyalar fonunda keçirilib
ABŞ nümayəndə heyətinin Havanaya səfəri Vaşinqtonun Kubaya qarşı yeni sanksiyalar tətbiq etdiyi dövrə təsadüf edib.
ABŞ Prezidenti Donald Tramp may ayının əvvəlində Kuba hökuməti və təhlükəsizlik qurumlarına qarşı əlavə məhdudiyyətlər təsdiqləmişdi.
Kuba hazırda enerji böhranı və iqtisadi sanksiyaların yaratdığı ciddi çətinliklərlə üzləşir.
