“Haaretz” 7 oktyabrdan əvvəlki xəbərdarlığı araşdırıb
Sionist rejimin “Haaretz” nəşrinin geniş araşdırmasına görə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan 2023-cü il oktyabrın 7-də baş verən hadisələrdən təxminən bir həftə yarım əvvəl işğalçı israilin soyqırımçı Baş naziri Benyamin Netanyahunu HƏMAS-ın Qəzza zolağındakı rəhbəri Yəhya Sinvarın böyük əməliyyat hazırlaması barədə xəbərdar edib.
- “Haaretz” 7 oktyabrdan əvvəlki xəbərdarlığı araşdırıb
- “Region və İbrahim razılaşmaları üçün nəticələri olacaq”
- Bin Zayed məlumatı Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinə də çatdırıb
- Sionist rejimlə HƏMAS arasında gizli danışıqlar aparılırmış
- Sinvar danışıqlar üçün Qazi Həmədi seçib
- “Qəzza Marin” qazı da danışıqlar masasında olub
- Məhbusların azad edilməsi müzakirə olunub
- Sinvardan mesaj: “Zəlzələ gözləyin”
- “Onlara böyük sürpriz hazırlayıram”
- Xəbərdarlıq “Şabak”a sentyabrın 15-də çatdırılıb
- Misirdən də oxşar xəbərdarlıq gəldiyi iddia olunur
- “Təhlükəsizlik rəhbərlərinə bin Zayedin xəbərdarlığı deyilməyib”
- Netanyahu ofisi araşdırmanı təkzib edib
Araşdırmanın onlarla mənbə, qeydlər, sənədlər və daxili yazışmalara əsaslandığı bildirilir.
Nəşrin məlumatına görə, bin Zayed 2023-cü ilin sentyabrının son günlərində Netanyahu ilə 45 dəqiqəlik telefon danışığı aparıb və Sinvarın “mühüm hadisəyə” hazırlaşdığını deyib.
“Region və İbrahim razılaşmaları üçün nəticələri olacaq”
Araşdırmaya əsasən, BƏƏ Prezidenti mümkün hadisənin regiona və “İbrahim razılaşmaları”na təsirləri barədə Netanyahunu xəbərdar edib.
Bin Zayedin Netanyahunu təhlükəyə hazırlaşmağa çağırdığı, eyni zamanda Qəzza üçün iqtisadi həll yollarının tapılmasını və İordan çayının qərb sahilində vəziyyətin sakitləşdirilməsini təklif etdiyi bildirilir.
“Haaretz”in danışdığı mənbələrə görə, Netanyahu xəbərdarlığı sakit qarşılayıb və qiymətləndirmələrin HƏMAS-ın İordan çayının qərb sahilində hərəkətə hazırlaşdığını göstərdiyini söyləyib. O, İsrailin bütün ssenarilərə hazır olduğunu bildirib.
Bin Zayed məlumatı Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinə də çatdırıb
Araşdırmaya görə, Məhəmməd bin Zayed daha sonra Netanyahu ilə telefon danışığının və ona çatdırdığı xəbərdarlığın təfərrüatlarını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin o zamankı rəhbəri Uilyam Börnslə bölüşüb.
Börnsün də Netanyahuya çatdırılmağa çalışılan “orada nəsə partlamaq üzrədir” narahatlığını bölüşdüyü bildirilir.
Netanyahunun isə mümkün gərginliyin əsas ünvanı kimi məhz İordan çayının qərb sahilini gördüyü qeyd olunur.
Bin Zayedə yaxın müşavirlərdən biri BƏƏ Prezidentinin Netanyahunun ehtiyatlı cavabına baxmayaraq, xəbərdarlığı ciddi qəbul edəcəyinə və hərəkətə keçəcəyinə ümid etdiyini deyib.
Sionist rejimlə HƏMAS arasında gizli danışıqlar aparılırmış
Araşdırma xəbərdarlığın haradan qaynaqlandığını izah etmək üçün əvvəlki aylarda pərdə arxasında baş verən proseslərə də toxunub.
“Haaretz”in məlumatına görə, sionist rejim Netanyahunun məlumatı və razılığı ilə HƏMAS-la Qəzzada uzunmüddətli razılaşmaya yönəlmiş atəşkəs planını müzakirə edirdi.
Gizli təmasların 2023-cü ilin əvvəlində, Netanyahu hökumətinin hakimiyyətə gəlməsi ilə eyni dövrdə başladığı bildirilir.
Sinvar danışıqlar üçün Qazi Həmədi seçib
Araşdırmaya görə, Yəhya Sinvar bu proses üçün HƏMAS Siyasi Bürosunun ivrit dilində sərbəst danışan üzvü Qazi Həmədi seçib.
Həməd daha əvvəl əsir sionist hərbçi Gilad Şalitin azad edilməsi ilə bağlı gizli danışıqlarda da iştirak etmişdi.
Bundan başqa, HƏMAS ilə rejim arasında dolayı mesajları çatdırmaq üçün ivrit dilində sərbəst danışan “Fəth” rəsmisinin də prosesə cəlb edildiyi bildirilir.
Danışıqlarda əvvəlcə Qəzzaya tətbiq edilən blokadanın mərhələli şəkildə yüngülləşdirilməsi, ərzaq və xammal tədarükünün artırılması müzakirə olunub.
Qəzza ilə işğalçı İsrailin nəzarətindəki ərazilər və Misir sərhədində minlərlə iş yerinin yaradılmasını nəzərdə tutan ticarət zonalarının qurulması da təkliflər arasında olub.
Misirin Qəzza sakinlərinin Şarm əl-Şeyx hava limanına təhlükəsiz keçidinə razı olduğu və bunun onların xarici dünyaya çıxış imkanını artıracağı bildirilir.
“Qəzza Marin” qazı da danışıqlar masasında olub
Müzakirələrdə 2000-ci ildə Qəzza sahillərində aşkar edilmiş “Qəzza Marin” yatağından təbii qazın Qəzzaya verilməsi təklifi də yer alıb.
Bu təklif “Qəzza üçün qaz” adlandırılıb.
2023-cü ilin yayında iqtisadi məsələlərin hamısının demək olar ki, həll olunduğu, masada yalnız ən həssas məsələnin – sionist əsirlərin və Qəzzada saxlanılan hərbçi cəsədlərinin qaytarılmasının qaldığı bildirilir.
Məhbusların azad edilməsi müzakirə olunub
Avra Mengistu və Hişam əs-Seyidin, həmçinin Hadar Qoldin və Oron Şaulun cəsədlərinin qaytarılması müqabilində Sinvar əvvəlcə HƏMAS-a mənsub 500 məhbusun azad edilməsini tələb edib.
Araşdırmaya görə, Sinvar sonradan bu rəqəmi 250-yə, çətin danışıqlardan sonra isə 50-yə endirib.
“Şabak”ın isə işğalçı işğalçı İsrailin qəbul edə biləcəyi siyahı üzrə 20-si ömürlük həbs cəzası almış olmaqla 30 məhbusun azad edilməsinə meyilli olduğu bildirilir.
Danışıqların hazırlanmasında iştirak etmiş sionist təhlükəsizlik mənbəsi Netanyahunun 2023-cü ilin avqustunun sonunda “Şabak”ın seçəcəyi 20 ömürlük məhbus da daxil olmaqla 30 nəfərin azad edilməsinə razılıq verdiyini deyib.
Bunun üçün əsirlər və itkin düşənlərlə bağlı nazirlər komitəsinin təsdiqi tələb olunurdu. Lakin araşdırmaya görə, Netanyahu komitənin iclasını dəfələrlə təxirə salıb.
Mənbə bunun səbəbinin HƏMAS-la razılaşmanın əldə olunması və ya Netanyahunun yeni hökumətindəki ifrat mövqeli tərəfdaşların reaksiyası ilə bağlı narahatlıq ola biləcəyini bildirib.
Netanyahunun prosesi idarə edən “Şabak” nümayəndələrinə məlumatların mətbuata sızmasından narahat olduğunu dediyi və məsələnin həftələrlə həll edilmədən qaldığı qeyd olunur.
Sinvardan mesaj: “Zəlzələ gözləyin”
“Haaretz”in araşdırmasına görə, 2023-cü ilin sentyabrının əvvəlində Yəhya Sinvar danışıqlarda iştirak edən heyətlə bütün əlaqəni qəfil kəsib.
“Şabak”ın yüksək vəzifəli rəsmilərindən biri Sinvarın “radarlardan tamamilə yoxa çıxdığını” bildirib. HƏMAS-dakı mənbə isə onun İsrail tərəfinin ləng hərəkət etməsi səbəbindən səbrini itirdiyini deyib.
“Onlara böyük sürpriz hazırlayıram”
Araşdırmaya görə, Sinvar bundan əvvəl tərəflər arasında mesaj daşıyan “Fəth” rəsmisi ilə təkbətək görüşərək işğalçılara xəbərdarlıq çatdırmasını istəyib.
Sinvar sionist rejim tərəfinin irəliləyiş əldə etməyəcəyi halda “nəhəng sürpriz” hazırladığını deyib və “zəlzələ” gözləməli olduqlarını bildirib.
Təhlükənin nə dərəcədə ciddi olduğunu anlamaq üçün vasitəçinin sentyabrın ortalarında Qəzzada Sinvarla yenidən görüşməsi istənilib.
Sinvar həmin görüşdə mesajın işğalçılara çatdırılıb-çatdırılmadığını soruşub. Mənfi cavab aldıqdan sonra “sürprizlər ölkəsindən sürpriz”, “dəhşətli əməliyyat” və “qeyri-adi hadisə” hazırladığı barədə mesajın çatdırılmasını istəyib və yenidən “zəlzələ” ifadəsini işlədib.
“Fəth” rəsmisinin bu məlumatı bin Zayedin müşavirinə çatdırdığı bildirilir.
Xəbərdarlıq “Şabak”a sentyabrın 15-də çatdırılıb
Araşdırmaya görə, vasitəçi və bin Zayedin müşaviri Sinvarın “zəlzələ” və “nəhəng sürpriz” barədə mesajlarını sentyabrın 15-də sionist rejimin daxili təhlükəsizlik xidməti “Şabak”a çatdırıblar.
“Şabak”ın o zamankı rəhbəri Ronen Bar təhlükə barədə Netanyahunu məlumatlandırıb.
Sentyabrın 17-də müdafiə naziri Yoav Qallant, təhlükəsizlik və hərbi rəsmilərin iştirakı ilə müşavirə keçirilməsi qərara alınıb.
Araşdırmaya görə, toplantıda xəbərdarlığın ciddi qəbul edilməli olduğu qənaətinə gəlinib, lakin qəti qərar verilməyib.
Misirdən də oxşar xəbərdarlıq gəldiyi iddia olunur
“Haaretz” Netanyahunun Misirin keçmiş kəşfiyyat naziri Abbas Kamildən də oxşar xəbərdarlıq aldığını yazıb.
Kamilin HƏMAS-ın “qeyri-adi bir şey” və “dəhşətli əməliyyat” hazırladığı barədə danışdığı bildirilir.
Oktyabrın 1-də isə “Şabak” rəhbərinin Sinvar da daxil olmaqla HƏMAS-ın yüksək səviyyəli rəhbərlərinin öldürülməsi əməliyyatını yenidən tövsiyə etdiyi qeyd olunur.
Araşdırmaya əsasən, Netanyahu buna “Planları hazırlayın, mən nəzərdən keçirəcəyəm” cavabını verib.
“Təhlükəsizlik rəhbərlərinə bin Zayedin xəbərdarlığı deyilməyib”
“Haaretz”in araşdırmasının ən diqqətçəkən iddialarından biri də bin Zayedlə Netanyahu arasında baş verdiyi deyilən telefon danışığının işğalçı İsrailin əsas təhlükəsizlik rəhbərlərinə çatdırılmamasıdır.
Nəşrin məlumatına görə, “Şabak” rəhbəri, “Mossad” rəhbəri və rejim ordusunun Baş Qərargah rəisi bin Zayedin Netanyahuya etdiyi iddia olunan zəngdən xəbərsiz olublar.
“Şabak” rəsmilərindən biri xaricdən gələn xəbərdarlıqların təhlükəsizlik qurumlarına məlum olmasının Sinvarla əlaqəli mənbələrdən daxil olan ilkin xəbərdarlığın əhəmiyyətini artıra biləcəyini və HƏMAS-ın niyyətləri barədə tamamilə fərqli qiymətləndirməyə gətirib çıxara biləcəyini bildirib.
Netanyahu ofisi araşdırmanı təkzib edib
Sionist rejimin Baş nazirinin ofisi isə “Haaretz”in araşdırmasında yer alan iddiaları rədd edib və yayımlanan məlumatları “tamamilə yalan” adlandırıb.
Ofis Netanyahunun göstərilən dövrdə BƏƏ Prezidenti ilə danışmadığını və ondan hər hansı xəbərdarlıq almadığını bildirib.
“Şabak”ın keçmiş rəhbəri Ronen Bar və rejim ordusunun keçmiş Baş Qərargah rəisi Hersi Halevi də BƏƏ Prezidentinə aid edilən xəbərdarlıq barədə məlumatlandırılmadıqlarını təsdiqləyiblər.
“Haaretz” BƏƏ Prezidenti Məhəmməd bin Zayeddən də mövqeyini öyrənməyə çalışdığını, lakin araşdırma dərc edilənədək cavab almadığını bildirib.
