Gömrükdə Böhran Siqnalı: OECD Hesabatı Azərbaycanın Geridə Qaldığını Göstərdi

3 Dəq Oxuma Müddəti

OECD hesabatı hansı məqamları ön plana çıxarır?

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun hökumətə yaxın media orqanlarına verdiyi son müsahibədə gömrük sistemində aparılan islahatlar, rəqəmsallaşma və xidmətlərin təkmilləşdirilməsi kimi mövzular geniş müzakirə olunsa da, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) bu il açıqladığı hesabatda yer alan qiymətləndirmələrə toxunulmayıb.

Söhbət OECD-nin 2026-cı ildə dərc etdiyi “İqtisadi dəhlizlər çərçivəsində əlaqələrin qiymətləndirilməsi: Trans-Xəzər Nəqliyyat Dəhlizi nümunəsi” adlı hesabatdan gedir. Sənəddə Azərbaycanın gömrük və xarici ticarət sisteminin müxtəlif istiqamətləri üzrə region ölkələri ilə müqayisəli təhlili təqdim olunub.

Şəffaflıq göstəricilərində geridə qalır

Hesabata əsasən, xarici ticarət qaydalarının əlçatanlığı və şəffaflığı üzrə Azərbaycan Orta Dəhliz ölkələri arasında Türkiyə və Gürcüstandan geri qalır.

Qiymətləndirmədə yalnız hüquqi sənədlərin internetdə yerləşdirilməsi deyil, həm də həmin qaydaların sahibkarlar üçün sadə izahı, elektron məlumat bazalarının mövcudluğu və informasiya əlçatanlığı nəzərə alınıb.

OECD-nin iki ballıq qiymətləndirməsinə əsasən, bu göstərici üzrə Türkiyə və Gürcüstan daha yüksək nəticə göstərdiyi halda, Azərbaycan siyahıda üçüncü yerdə qərarlaşıb.

Bundan başqa, xarici ticarət iştirakçılarının qərarların qəbulunda iştirakı, şikayət mexanizmlərinin effektivliyi və qərarların obyektivliyi kimi indikatorlarda da Azərbaycanın region ölkələrindən geri qaldığı vurğulanır.

Gömrük prosedurlarının sadəliyi üzrə sonuncu yer

Sənəddə gömrük rəsmiləşdirilməsi prosedurlarının mürəkkəbliyi də ayrıca qiymətləndirilib.

Bu göstərici üzrə Gürcüstan və Türkiyə 1,9 balla ilk sıralarda yer alır. Qazaxıstan 1,1 balla onları izləyir. Azərbaycan isə 1 balla sonuncu mövqedə qərarlaşıb.

Qiymətləndirmə gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin sayı və prosedurların sadəliyi əsasında aparılıb.

Rəqəmsallaşma ilə bağlı fərqli mənzərə

Dövlət Gömrük Komitəsinin rəhbəri müsahibəsində informasiya texnologiyalarının geniş tətbiqindən danışsa da, OECD hesabatında avtomatlaşdırma səviyyəsi üzrə Azərbaycanın ən aşağı nəticə göstərdiyi qeyd olunur.

Qiymətləndirmədə elektron bəyannamələr, onlayn məlumat mübadiləsi, risk əsaslı elektron nəzarət və digər rəqəmsal xidmətlər nəzərə alınıb. Bu sahədə Gürcüstan birinci, Türkiyə və Qazaxıstan isə növbəti pillələrdə qərarlaşıb.

“Yaşıl dəhliz” mexanizmi ilə bağlı suallar

Komitə sədrinin açıqladığı statistikaya görə, hazırda cəmi 774 şirkət “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edir.

Halbuki xarici ticarət əməliyyatlarında iştirak edən hüquqi şəxslərin sayı təxminən 9 minə yaxındır. Bu isə o deməkdir ki, sistemdən ümumi iştirakçıların təxminən 8–9 faizi yararlana bilir.

Ekspertlər hesab edirlər ki, “Yaşıl dəhliz” statusu sahibkarların gömrük rəsmiləşdirilməsini sürətləndirir, fiziki yoxlamaları minimuma endirir və logistika xərclərinin azalmasına şərait yaradır. Onların fikrincə, bu mexanizmdən istifadə edən şirkətlərin sayının illər üzrə dinamikası, rədd edilən müraciətlərin statistikası və proqramın xarici ticarət dövriyyəsinə təsiri barədə də ictimaiyyətə daha ətraflı məlumat təqdim olunmalıdır.

Ekspertlər daha konkret göstəricilər gözləyirlər

Müstəqil təhlilçilər hesab edirlər ki, gömrük sistemində aparılan islahatların real nəticələrini qiymətləndirmək üçün malların sərhəddə gözləmə müddətinin nə qədər azaldığı, sahibkarların logistika xərclərinin hansı həcmdə aşağı düşdüyü və rəqəmsallaşmanın iqtisadi səmərəsi kimi konkret statistik göstəricilər açıqlanmalıdır.

Onların fikrincə, beynəlxalq hesabatlarda qeyd olunan çatışmazlıqların səbəbləri və bu istiqamətdə planlaşdırılan islahatlar barədə ictimaiyyətə daha geniş məlumat verilməsi gömrük sisteminin fəaliyyətinə dair şəffaflığın artırılmasına xidmət edə bilər.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş