Eurovisionun izləyici sayı kəskin azaldı
Avropa Yayım Birliyinin (EBU) açıqladığı məlumatlara görə, 2026-cı ildə Avstriyanın paytaxtı Vyanada keçirilən Eurovision Mahnı Müsabiqəsini televiziya vasitəsilə izləyənlərin sayı ötən illə müqayisədə 35 milyon nəfər azalıb.
Məlumata əsasən, builki yarışmanı ümumilikdə 131 milyon tamaşaçı izləyib. Halbuki ötən il İsveçrənin Bazel şəhərində keçirilən Eurovision 166 milyon nəfər tərəfindən izlənilmişdi.
Bir sıra ölkələrdə ciddi eniş qeydə alındı
Ev sahibi Avstriyada izləyici sayı artsa da, bəzi Avropa ölkələrində ciddi azalma müşahidə olunub.
- Polşada izləyici sayı 3,8 milyon azalıb
- Böyük Britaniyada 3,7 milyon geriləmə qeydə alınıb
- Fransada isə 3,3 milyon nəfərlik azalma olub
Boykot və etirazlar yarışmaya təsir göstərdi
İsrailin Eurovisionda iştirakına etiraz olaraq İspaniya, Sloveniya, İrlandiya, İslandiya və Niderland yarışmanı boykot edərək geri çəkilib.
Yarışma boyunca İsrailli iştirakçı Neom Bettan səhnədə və zalda etirazlarla qarşılaşıb. Tamaşaçılar “Soyqırımı dayandırın” şüarları səsləndirib, Fələstin bayraqları açaraq Qəzza ilə həmrəylik nümayiş etdiriblər.
Etirazçılar zaldan çıxarıldı
Bəzi etirazçıların üzərində “Azad Fələstin” yazıları olduğu, səsləndirdikləri şüarlara görə təhlükəsizlik qüvvələri tərəfindən zaldan çıxarıldığı bildirilib.
Final gecəsində də İsrail nümayəndəsinin çıxışı zamanı Fələstin bayraqları qaldırılıb və zalda fit səsləri eşidilib.
Eurovisiona alternativ tədbirlər keçirildi
Yarışma ilə paralel olaraq Vyanada “Soyqırıma səhnə yoxdur” adlı alternativ konsert təşkil olunub.
Tədbirdə beynəlxalq sənətçilər, jurnalistlər və fəallar çıxış edərək İsrailin Qəzzadakı əməliyyatlarına etiraz edib və EBU-nu İsraili yarışmadan uzaqlaşdırmağa çağırıblar.

