Dünyanın Gözü Hörmüzdə: İran və Oman Kritik Razılaşmaya Hazırlaşır

2 Dəq Oxuma Müddəti

İran və Oman Hörmüz üçün yol xəritəsi hazırlayır

İranın “Təsnim” agentliyinə danışan mənbə bildirib ki, Tehran və Oman arasında əldə olunan anlaşma Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutmur.

Mənbənin sözlərinə görə, bu razılaşma strateji su yolunun yenidən açılması üçün əsas yarada bilər.

Bildirilib ki, əldə olunan razılaşma İranın Hörmüz boğazı üzərində öz suverenliyini həyata keçirməsi istiqamətində addım kimi qiymətləndirilir.

Tehran: Boğazın açılması ABŞ-nin şərtlərdən asılıdır

İran mənbəsi qeyd edib ki, Hörmüz boğazının tam açılması Vaşinqtonun Tehranın irəli sürdüyü tələbləri yerinə yetirməsindən asılı olacaq.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai də bildirib ki, bazar ertəsi keçiriləcək görüşdə Tehran və Maskat arasında əldə olunan anlaşma memorandumu müzakirə olunacaq.

Onun sözlərinə görə, əsas məqsəd dəniz nəqliyyatı üçün müvəqqəti və təhlükəsiz marşrutların müəyyənləşdirilməsidir.

Oman görüşü gərginliyi azaltmaq məqsədi daşıyır

İranlı rəsmi əlavə edib ki, regional anlaşmanın əldə olunması Hörmüz boğazında tam və davamlı təhlükəsizliyin avtomatik təmin ediləcəyi anlamına gəlmir.

Görüşün Oman Sultanlığının sahil şəhəri Salalahda keçirilməsi planlaşdırılır.

Danışıqlarda əsas diqqətin bölgədə dəniz hərəkətinin idarə olunması və təhlükəsizlik mexanizmlərinin yaradılması məsələlərinə yönələcəyi gözlənilir.

Hörmüz boğazı qlobal enerji üçün strateji əhəmiyyət daşıyır

Britaniyanın “Faynənşl Tayms” qəzeti daha əvvəl məlumat vermişdi ki, Oman və İranın rəhbərlik etdiyi təşəbbüs Hörmüz boğazından dəniz keçidlərinin müvəqqəti idarə olunması ilə bağlı razılığa gəlmək məqsədi daşıyır.

Hörmüz boğazı dünya enerji daşımalarının ən mühüm keçidlərindən biri hesab olunur. Burada yaranan hər hansı məhdudiyyət neft bazarlarına və qlobal iqtisadiyyata birbaşa təsir göstərə bilər.

Tehran və Maskat arasındakı yeni təmaslar bölgədə artan gərginlik fonunda diplomatik çıxış yollarının axtarıldığını göstərir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş