Çin İranla bağlı mövqeyini açıqladı
Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran ətrafında yaranan münaqişə ümumiyyətlə başlamamalı idi və onun davam etməsinə ehtiyac yoxdur.
Pekin tərəfləri mümkün qədər tez tam və daimi atəşkəsə nail olmağa çağırıb.
Çin rəhbərliyi ABŞ və İran arasında problemin qısa zamanda həll edilməsinin yalnız iki ölkənin deyil, bütün region və dünya üçün vacib olduğunu vurğulayıb.
Pekin hərbi həllə qarşı çıxır
Çin rəsmiləri bildiriblər ki, müharibə region xalqları, xüsusilə İran üçün ağır nəticələr yaradıb və təsirləri getdikcə genişlənir.
Açıqlamada qeyd olunub ki, qarşıdurma qlobal iqtisadi inkişafa, təchizat zəncirlərinə, beynəlxalq ticarət sisteminə və enerji bazarına ciddi mənfi təsir göstərir.
Pekin bir daha bəyan edib ki, İran məsələsində yeganə çıxış yolu dialoq və danışıqlardır, hərbi həll isə qəbulolunmazdır.
“Dialoq qapısı bağlanmamalıdır”
Çin bildirib ki, hazırda dialoq üçün imkan yaranıb və bu fürsət itirilməməlidir.
Pekin tərəfləri gərginliyi azaltmağa, siyasi həll yolunu davam etdirməyə və xüsusilə nüvə proqramı ilə bağlı bütün tərəflərin narahatlıqlarını nəzərə alan razılaşmaya çağırıb.
Hörmüz və enerji təhlükəsizliyi məsələsi
Çin həmçinin beynəlxalq ictimaiyyətin çağırışlarına uyğun olaraq dəniz nəqliyyatı marşrutlarının tezliklə tam açılmasını istəyib.
Pekin vurğulayıb ki, qlobal təchizat zəncirlərinin və enerji daşımalarının sabitliyi qorunmalıdır.
Tramp və Şi yeni münasibət modelini müzakirə edib
ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Tsinpin Pekində keçirilən görüşdə iki ölkə arasında “strateji, sabit və konstruktiv münasibətlər” modelinin yaradılması barədə razılığa gəliblər.
Çin Xarici İşlər Nazirliyi bildirib ki, bu yanaşma qarşıdakı illərdə ABŞ-Çin münasibətlərinə strateji istiqamət verəcək.
Tramp Pekində açıqlamalar verib
Donald Tramp Pekində çıxışı zamanı Si Tsinpin“çox ciddi lider” olduğunu deyib və Çinlə əməkdaşlığın genişlənəcəyini bildirib.
O əlavə edib ki, Çin mərhələli şəkildə bazarını açacaq və ABŞ-dan daha çox kənd təsərrüfatı məhsulu alacaq.
Tramp həmçinin Çin nümayəndə heyəti ilə keçirdiyi görüşləri “çox məhsuldar və müsbət” adlandırıb.
