London sionist rejim işğalçıları ilə ticarəti dayandıra bilər
Britaniya hökumətinin işğal altındakı İordan çayının qərb sahilini işğal edən yəhudilər ilə mal ticarətinə tam qadağa qoymağa hazırlaşdığı bildirilir.
Britaniya mətbuatının məlumatına görə, Baş nazir Endi Börnhamın yaxın həftələr ərzində bununla bağlı qərarı açıqlaması gözlənilir.
Hazırlanan tədbirlər sionist rejimin İordan çayının qərb sahilində məskunlaşma fəaliyyətini genişləndirməsinə, xüsusilə “E1” adlandırılan ərazidə yeni tikinti planlarına cavab kimi qiymətləndirilir.
Bütün məskunlaşmaları əhatə edən qadağa müzakirədədir
Britaniya mətbuatının məlumatına əsasən, hökumət yalnız müəyyən əraziləri deyil, sionist rejimin işğal altındakı ərazilərdəki bütün məskunlaşmalarını əhatə edən ticarət qadağasını nəzərdən keçirir.
Qərar qəbul edilərsə, həmin məskunlaşmalarda istehsal olunan malların Britaniya bazarına çıxarılmasına ciddi məhdudiyyət tətbiq ediləcək.
Bu addım Londonun sionist rejim işğallaşma siyasətinə qarşı indiyədək atdığı ən sərt iqtisadi tədbirlərdən birinə çevrilə bilər.
Sionist rejimin sağçı nazirləri də sanksiya siyahısına düşə bilər
Məlumatlara görə, Britaniya hökumətinin hazırladığı tədbirlər yalnız ticarət qadağası ilə yekunlaşmaya bilər.
Rejim hökumətindəki bəzi sağçı nazirlərə, eləcə də işğal altındakı İordan çayının qərb sahilində yaşayan və zorakılıqla əlaqələndirilən məskunlaşanlara qarşı yeni sanksiyaların tətbiqi də nəzərdən keçirilir.
Britaniya mətbuatı yeni hökumətin sionist rejimə münasibətdə əvvəlki Baş nazir Kir Starmer dövrü ilə müqayisədə daha sərt xətt yürütməyə çalışdığını bildirir.
“Güclü” sanksiyaların elan ediləcəyi bildirilir
Britaniya mətbuatında yayılan məlumatlarda Leyboristlər Partiyasının rəhbərliyinin yəhudi işğalçılarına qarşı yeni və “güclü” sanksiyalar açıqlamağa hazırlaşdığı qeyd edilir.
Bu tədbirlərin hansı şəxsləri və qurumları əhatə edəcəyi hələ tam açıqlanmasa da, ticarət məhdudiyyətlərinin əsas hədəfinin işğal altındakı Fələstin ərazilərində yaradılmış sionist rejim işğalçıları olacağı bildirilir.
100-dən çox keçmiş diplomat hökumətə çağırış etmişdi
Londonun mümkün addımı Britaniya və Fransanın 100-dən çox keçmiş səfiri və diplomatının hökumətlərinə ünvanladığı çağırışlardan sonra gündəmə gəlib.
Keçmiş diplomatlar London və Parisdən sionist rejimə silah daşınmasının və işğalçı İsraildən silah tədarükünün dayandırılmasını, hərbi əməkdaşlığın məhdudlaşdırılmasını və sionist işğalçı yəhudilərə qarşı konkret tədbirlərin görülməsini tələb etmişdilər.
Onlar bu çağırışı Qəzzada baş verənlər və işğal altındakı İordan çayının qərb sahilindəki vəziyyətlə əsaslandırmışdılar.
Sionist rejimə beynəlxalq təzyiq artır
Britaniyanın nəzərdən keçirdiyi ticarət qadağası qəbul edilərsə, rejim hökumətinin məskunlaşma siyasətinə qarşı siyasi etiraz iqtisadi tədbirlərlə müşayiət olunacaq.
Xüsusilə “E1” ərazisində yeni tikinti planları beynəlxalq səviyyədə ciddi narahatlıq yaradıb. Bu ərazidə məskunlaşmaların genişləndirilməsinin Fələstin ərazilərinin coğrafi bütövlüyünə ciddi təsir göstərə biləcəyi bildirilir.
Londonun yekun qərarının yaxın həftələrdə açıqlanacağı gözlənilir. Ticarət qadağası və əlavə sanksiyalar təsdiqlənərsə, bu, Britaniya-sionist rejim ilə münasibətlərində yeni və daha gərgin mərhələnin başlanğıcı ola bilər.
