Britaniyada Azərbaycanəsilli Şəxs Casusluq Şübhəsi İlə Saxlanılıb

2 Dəq Oxuma Müddəti

Metropoliten Polisi rəsmi məlumat yayıb

Böyük Britaniyanın Metropoliten Polisi iyulun 31-də yaydığı məlumatda 44 yaşlı Rəşad Sultanovun İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) üçün casusluq fəaliyyətində şübhəli bilindiyini açıqlayıb.

Məlumata görə, Britaniya və Azərbaycan vətəndaşlığına malik olduğu bildirilən Sultanov iyulun 17-də Kipr hakimiyyəti tərəfindən saxlanılıb və ekstradisiya prosesi davam etdiyi üçün həbsdə saxlanılır.

İddialar RAF Akrotiri bazası ilə bağlıdır

Polisin məlumatına əsasən, istintaq 2025-ci il mayın 11-dən iyunun 22-dək Kiprdə yerləşən RAF Akrotiri hərbi bazasında baş verdiyi bildirilən hadisələrlə əlaqədar aparılır.

İstintaq çərçivəsində Rəşad Sultanovun bazada müşahidələr apardığı və topladığı məlumatları sonradan SEPAH-a ötürmək niyyətində olduğu iddia edilir.

Metropoliten Polisi qeyd edib ki, bu, Böyük Britaniyanın Milli Təhlükəsizlik Aktı çərçivəsində ölkə hüdudlarından kənarda aparılan ilk istintaqdır.

Terrorla mübarizə polisi açıqlama verib

Londonda terrorla mübarizə polisinin rəhbəri Helen Flanaqan bildirib ki, bu iş Böyük Britaniyanın hərbi obyektlərinə yönəlmiş xarici dövlət fəaliyyətlərinə qarşı Milli Təhlükəsizlik Aktının ölkə xaricində də tətbiq oluna biləcəyini göstərir.

Son aylarda oxşar iddialar da səsləndirilib

Məqalədə qeyd olunur ki, bu, son aylarda İranın xeyrinə casusluq iddiaları ilə saxlanılan Azərbaycan əsilli şəxslərlə bağlı ilk hadisə deyil.

Bildirilib ki, 2026-cı ilin martında Yunanıstan hakimiyyəti Gürcüstan vətəndaşı olan etnik azərbaycanlını ABŞ-ın Krit adasındakı Suda hərbi-dəniz bazasını izləməkdə şübhəli bilərək saxlamışdı. Daha əvvəl isə Kritdə Azərbaycan vətəndaşı olan başqa bir şəxs də oxşar iddialarla saxlanılmışdı.

Yunanıstan mediasının məlumatına görə, hüquq-mühafizə orqanları həmin şəxslərin eyni casusluq şəbəkəsi ilə əlaqəli olub-olmadığını araşdırır.

Qeyd edək ki, Böyük Britaniya polisi tərəfindən irəli sürülən ittihamlar hazırda istintaq mərhələsindədir və məhkəmə tərəfindən hüquqi qiymət verilməyib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş