Boluda İtkin Düşən 10 Uşaq və 3 Əməkdaş Tapıldı

3 Dəq Oxuma Müddəti

Boluda itkin düşən uşaqlardan sevindirici xəbər

Türkiyənin Kocaeli vilayətindəki Uşaq Evləri Kompleksində yaşayan 14–17 yaşlı 10 qız uşağı və onları müşayiət edən üç əməkdaşın olduğu avtomobil Bolunun Yedigöllər bölgəsinə təşkil edilən ekskursiyadan qayıdarkən itkin düşüb.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı nəticəsində avtomobilin tapıldığını və bütün uşaqların, eləcə də onları müşayiət edən əməkdaşların səhhətinin yaxşı olduğunu açıqlayıb.

Nazir bildirib ki, avtomobil bataqlıqda ilişib qaldığı üçün hərəkətini davam etdirə bilməyib.

Axtarış əməliyyatına 178 nəfər cəlb olunub

Mahinur Özdemir Göktaş axtarışların 30 kilometrlik ərazidə aparıldığını, əməliyyata birbaşa 178 nəfərin cəlb edildiyini bildirib.

“Qurudan və havadan axtarış əməliyyatı həyata keçirildi. Şükürlər olsun ki, az əvvəl sevindirici xəbəri aldıq. Avtomobil bataqlıqda ilişib qalıb. Uşaqlarımızın vəziyyəti çox yaxşıdır”, – nazir qeyd edib.

Göktaş hadisəni yaxından izləyən və uşaqlar üçün dua edən Türkiyə xalqına təşəkkürünü bildirib.

Uşaqlar tibbi müayinədən keçiriləcəklər

Nazir uşaqların bir neçə saat açıq havada qaldıqlarını nəzərə alaraq onların tibbi müayinədən keçiriləcəklərini açıqlayıb.

“Onlar bizim övladlarımızdır. Çox şükür ki, hər şey qaydasındadır. Onları tibbi müayinədən keçirəcəyik. Hava şəraiti mövsümə uyğun olaraq həddindən artıq əlverişsiz deyildi”, – Göktaş bildirib.

Ailə və sosial xidmətlər naziri axtarışlar davam edərkən bölgəyə gedərək Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Əlaqələndirmə Mərkəzində Bolu valisi və vilayətin jandarma komandanı ilə birlikdə əməliyyatı izləyib.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi də axtarış işlərini izləmək məqsədilə bölgəyə yollanıb.

Avtomobillə əlaqə necə kəsilib?

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin noyabrın 27-də yaydığı məlumata görə, uşaqlar və əməkdaşlar üçün Yedigöllər və Gölcük Təbiət Parkına birgünlük ekskursiya təşkil edilib.

Ekskursiyadan qayıdarkən avtomobillə əlaqə kəsilib və aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Kocaeli Vilayət Jandarma Komandanlığının saat 19:10 radələrində Bolu AFAD-a göndərdiyi bildirişdə avtomobildən saat 15:00-dan etibarən xəbər alınmadığı qeyd olunub.

Avtomobilin peyk vasitəsilə mövqeyini müəyyənləşdirən sistemindən son siqnal Yedigöllərin Kapankaya müşahidə meydançası ərazisində qeydə alınıb.

Bundan sonra bölgəyə jandarma, AFAD, təcili tibbi yardım və Milli Tibbi Xilasetmə Qrupunun əməkdaşları göndərilib.

Bölgəyə 11 mobil baza stansiyası göndərilib

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlunun göstərişi ilə mobil rabitə operatorları axtarış aparılan ərazidə rabitə imkanlarının genişləndirilməsi üçün səfərbər olunublar.

Bölgəyə səkkizi “Türk Telekom”, üçü isə “Türksell” şirkətinə məxsus olmaqla ümumilikdə 11 mobil baza stansiyası göndərilib.

Bununla yanaşı, Bolu Valiliyində böhran mərkəzinin yaradılması istiqamətində tədbirlər görülüb.

Axtarışlara pilotsuz uçuş aparatları da qoşulub

Axtarış-xilasetmə əməliyyatına Türkiyə Hərbi Dəniz Qüvvələrinə və “Baykar” şirkətinə məxsus üç pilotsuz uçuş aparatı cəlb edilib.

Qurudan və havadan əlaqələndirilmiş şəkildə həyata keçirilən əməliyyat nəticəsində itkin düşən 13 nəfərin hamısının yeri müəyyənləşdirilib.

Avtomobilin hansı səbəbdən bataqlığa düşdüyü barədə isə ətraflı məlumat açıqlanmayıb.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş