Yeni qırıcılar və zenit-raket sistemləri xidmətə qəbul edilir
İranla davam edən müharibənin yaratdığı təhlükəsizlik riskləri fonunda Azərbaycan hava məkanının müdafiəsini gücləndirmək istiqamətində mühüm addımlar atır.
Martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatının hücumundan sonra ölkə ərazisi başqa hücumlara məruz qalmasa da, rəsmi Bakı hava hücumundan müdafiə imkanlarını genişləndirməyə davam edir.
İyulun 6-da Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına daxil edilən yeni JF-17C Block III çoxməqsədli döyüş təyyarələri ilk dəfə rəsmi şəkildə nümayiş etdirilib. Daha sonra bu təyyarələr müxtəlif yüksəkliklərdə Su-25 hücum təyyarələri və L-39 təlim təyyarələri ilə birgə döyüş hazırlığı uçuşları həyata keçiriblər.
JF-17-lərin sayı 40-a çatdırılıb
Azərbaycan ilk JF-17 təyyarəsini 2024-cü ilin sentyabrında qəbul edib.
2025-ci ilin mayında isə sifariş edilən təyyarələrin sayı 16-dan 40-a yüksəldilib. Müqavilənin ümumi dəyəri 1,6 milyard dollardan 4,2 milyard dollara çatdırılıb və bu, Pakistanın müdafiə sənayesi tarixində ən böyük ixrac müqaviləsi kimi qiymətləndirilib.
Pakistan və Çin tərəfindən birgə hazırlanan JF-17C Block III təyyarələri aktiv elektron skanlı radar (AESA) kimi müasir sistemlərlə təchiz olunub və Azərbaycanın sovet dövründən qalan MiQ-29 qırıcılarını mərhələli şəkildə əvəz etməsi gözlənilir.
Çin istehsalı HQ-9BE sistemləri ilk dəfə nümayiş etdirildi
Azərbaycan ötən il ilk dəfə Çin istehsalı HQ-9BE uzaqmənzilli hava hücumundan müdafiə sistemlərini ictimaiyyətə təqdim edib.
Bu sistemlər 2025-ci il 8 Noyabr – Zəfər Günü paradında nümayiş olunub və ölkənin strateji hava müdafiəsinin əsas elementlərindən biri kimi qiymətləndirilir.
Məlumata görə, HQ-9BE kompleksləri təxminən 250 kilometrədək mənzilli zenit raketləri ilə təchiz olunub.
Hava müdafiəsi son illərin ən böyük yenilənməsini yaşayır
Ekspertlər hesab edirlər ki, JF-17C qırıcılarının və HQ-9BE zenit-raket sistemlərinin alınması Azərbaycanın son onilliklərdə həyata keçirdiyi ən əhəmiyyətli hərbi modernləşmə proqramlarından biridir.
Bundan əvvəl Azərbaycan Rusiyadan S-300 PMU-2 zenit-raket kompleksləri, Belarusdan modernləşdirilmiş “Buk-MB” sistemləri, İsraildən isə “Barak” və daha sonra “Barak MX” hava hücumundan müdafiə kompleksləri əldə etmişdi.
Beləliklə, ölkənin hava hücumundan müdafiə sistemi müxtəlif ölkələrin istehsalı olan komplekslərdən ibarət çoxşaxəli müdafiə şəbəkəsinə çevrilib.
Yeni təhlükələrə qarşı hazırlıq gücləndirilir
Məlumata görə, İranla müharibə başlamazdan qısa müddət əvvəl Azərbaycanın hava hücumundan müdafiə qüvvələrinin döyüş hazırlığı yoxlanılıb.
Müharibənin ilk günlərində isə İranla sərhəd istiqamətində əlavə hərbi qüvvələr və hava müdafiə vasitələri yerləşdirilib.
Beynəlxalq hərbi analitiklər hesab edirlər ki, gələcəkdə Azərbaycan pilotsuz uçuş aparatlarına qarşı daha effektiv mübarizə aparmaq üçün yeni texnologiyalar və sistemlər əldə etməyə davam edə bilər.
Hazırkı proseslər göstərir ki, Azərbaycan dəyişən regional təhlükəsizlik mühitini nəzərə alaraq hava məkanının müdafiəsinə böyük maliyyə vəsaiti ayırır və silahlı qüvvələrin modernləşdirilməsi siyasətini davam etdirir.

