Vergi borcları altı ayda 22,4 faiz artıb
2026-cı ilin birinci yarısının yekunlarına əsasən, Azərbaycanda dövlət büdcəsinə olan vergi borclarının ümumi həcmi 4 milyard 50,4 milyon manata çatıb.
Bu barədə Maliyyə Nazirliyinin yarımillik hesabatında məlumat verilib.
Hesabata əsasən, dövlət büdcəsinə ödənilməli ümumi borcun həcmi ilin əvvəli ilə müqayisədə 741,6 milyon manat və ya 22,4 faiz artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə vergi borclarında 556,7 milyon manat və ya 15,9 faiz artım qeydə alınıb.
Rəqəmlər vergi öhdəliklərinin yerinə yetirilməsində yaranan gecikmələrin miqyasının böyüdüyünü göstərir.
Ekspert artımı iqtisadi fəallıqla əlaqələndirir
İqtisadçı Natiq Cəfərli vergi borclarının 4,05 milyard manata çatmasını iqtisadiyyat üçün narahatedici göstərici hesab edir.
Ekspertin fikrincə, borclular arasında dövlət şirkətləri də əhəmiyyətli yer tutur. Bununla belə, onun diqqət çəkdiyi əsas məsələlərdən biri özəl şirkətlərin vergi borclarının da artmasıdır.
Cəfərli hesab edir ki, özəl müəssisələrin vergi öhdəliklərini vaxtında yerinə yetirməkdə çətinlik çəkməsi onların dövriyyə və gəlirlərinin azalması ilə əlaqəli ola bilər.
İnvestisiya və yeni iş yerləri məsələsi
İqtisadçının qənaətinə görə, müəssisələrin gəlirlərinin azalması investisiya imkanlarının zəifləməsinə, bunun nəticəsində isə yeni iş yerlərinin yaradılmasının və ümumi iqtisadi fəallığın yavaşlamasına gətirib çıxara bilər.
O, mövcud vəziyyəti iqtisadi artımın zəifləməsi və əlavə dəyərin daha aşağı səviyyədə yaranması ilə əlaqələndirir.
Ekspert vergi, rüsum və cərimə siyasətinin, eləcə də iqtisadi fəallığı təşviq edən mexanizmlərin yenidən nəzərdən keçirilməsinin vacibliyinə diqqət çəkib.
Hesablama Palatası da xəbərdarlıq edib
Hesablama Palatası “2025-ci il dövlət büdcəsinin icrasına dair rəy”ində vergi öhdəliklərinin tam və vaxtında yerinə yetirilməməsini problem kimi göstərib.
Qurumun məlumatına əsasən, 2025-ci ilin sonunda dövlət büdcəsinə ümumi vergi borcu 3 milyard 308,8 milyon manat təşkil edib. Bu, həmin ilin əvvəli ilə müqayisədə 139,5 milyon manat və ya 4,4 faiz çox olub.
Borcun 58,7 milyon manatı neft-qaz sektorunun, 3 milyard 250,1 milyon manatı isə qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin payına düşüb.
Özəl şirkətlərin borcu 2 milyard manatı ötüb
2025-ci ilin yekunlarına görə, özəl şirkətlərin dövlət büdcəsinə vergi borcu 2 milyard 43,2 milyon manat təşkil edib.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin borcları isə 67,3 milyon manat və ya 10,5 faiz artaraq 706,1 milyon manata yüksəlib.
Dövlət şirkətlərinin vergi borcu 238,1 milyon manat olub. Bu göstərici əvvəlki illə müqayisədə 9,6 faiz artıb.
Bələdiyyə, xarici və birgə mülkiyyətə, həmçinin beynəlxalq təşkilatlara aid vergi ödəyicilərinin borcları isə 33 faiz artaraq 321,4 milyon manata çatıb.
Dörd ildə vergi borcları 70 faizdən çox artıb
Hesablama Palatasının məlumatları vergi borclarının son illərdə davamlı şəkildə yüksəldiyini göstərir.
2021-ci ilin sonunda dövlət büdcəsinə ümumi vergi borcu 1 milyard 941,4 milyon manat olduğu halda, 2025-ci ilin sonunda bu rəqəm 3 milyard 308,75 milyon manata çatıb.
Beləliklə, cəmi dörd il ərzində vergi borclarında təxminən 70,4 faiz artım qeydə alınıb.
Palata borcların yüksəlməsini xüsusilə əlavə dəyər vergisi, hüquqi şəxslərin mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi və əmlak vergisi üzrə hesablanmış öhdəliklərin müəyyən edilmiş müddətdə tam ödənilməməsi ilə əlaqələndirir.
Neft-qaz sektorunda borc 12,8 dəfə artıb
Diqqətçəkən göstəricilərdən biri də neft-qaz sektorunda qeydə alınıb. Bu sahədə fəaliyyət göstərən şirkətlərin vergi borcları 2024-cü illə müqayisədə 12,8 dəfə artıb.
Hesabatda bu artım əsasən “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə hesablanmış öhdəliklərin icra edilməməsi ilə əlaqələndirilib. Layihə üzrə 2025-ci ilin sonuna ödənilməmiş borcun 55 milyon manat olduğu göstərilib.
Digər tərəfdən, iyulun 1-nə dövlət büdcəsinə edilmiş artıq ödənişlərin həcmi 2 milyard 861,1 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artıb.
