Şiə təqlid mərcəyi Ayətullah Cəvadi Amuli Quran və hədislərdə günahların kəffarəsi anlayışına toxunaraq insanların problemlərini həll etməyi, iş yerləri yaratmağı və gənclərin evlənməsinə kömək göstərməyi əxlaqi kəffarənin təzahürlərindən hesab edib.
Şiə təqlid mərcəyi Ayətullah Cəvadi Amuli Quran və sünnədə günahların kəffarəsi anlayışına işarə edərək deyib:
“Kəffarə dərman və ya qida əlavələri kimidir. Quran və sünnədə cəza xarakteri daşıyan bir sıra hökmlər mövcuddur. Lakin Quran və hədislərdə bəyan edilən kəffarə insanı islah edən xüsusiyyətə malikdir”.
Kəffarənin tərbiyəvi və əxlaqi tərəfinin də ola biləcəyini bildirən Amuli sözlərinə belə davam edib:
“Əgər bir insan günah işlədibsə, başqalarının problemlərindən birini həll etməsi onun üçün kəffarə olar. Bu kəffarə fiqhi deyil, əxlaqidir”.
Fiqhi və əxlaqi kəffarə arasındakı fərqə toxunan Ayətullah Cəvadi Amuli bildirib:
“Kəffarə iki növdür. Bunlardan biri digər ölkələrdə də mövcud olan tutmaq, bağlamaq və cəzalandırmaq formasındadır. Digəri isə tərbiyəvi kəffarədir”.
Böyük təqlid mərcəyi açıqlamalarına belə davam edib:
“Əgər insan bir gün ayağı sürüşərək səhvə yol verərsə, dərhal istehsala və məşğulluğun yaradılmasına yönəlməli, gənclərin problemlərini həll etməlidir. Əgər bir gənc evlənə bilmirsə, həqiqətən maddi sıxıntı çəkir və əziyyət içindədirsə, onun problemini həll edin. Məhz bu, sizin günahlarınızın kəffarəsidir”.
İnsanların problemlərini həll etməyin müsbət təsirlərinə işarə edən Amuli deyib:
“İnsan istehsalla məşğul olmaqdan, iş yerləri yaratmaqdan, bir gəncin iş tapıb evlənməsinə kömək etməkdən zövq alır. Həmin hadisəni hər dəfə xatırladıqda bundan sevinc duyur”.
Ayətullah Cəvadi Amuli əxlaqın kəffarəyə məhz bu cür yanaşdığını vurğulayaraq bildirib:
“Fiqhdə də əxlaqi məsələlər mövcuddur. Yoxsulu doyurmaq və oruc tutmaq bu kəffarələr sırasındadır. Lakin bir insan böyük günah işləyibsə, istehsal sahəsində mühüm bir iş görərək onun kəffarəsini ödəyə bilər”.
Açıqlamasının davamında Həzrət Əmirəlmömininin (ə) günahların kəffarəsi və insanların problemlərinin həlli ilə bağlı nurani kəlamına işarə edən Amuli bu hədisi nəql edib:
«مِنْ کَفّاراتِ الذُّنوبِ العِظامِ إغاثَةُ المَلهوفِ وَالتَّنفیسُ عَنِ المَکروبِ»
“Böyük günahların kəffarələrindən biri çarəsiz qalanın köməyinə çatmaq və sıxıntı içində olanın dərdini yüngülləşdirməkdir”.
Sıxıntıdan qurtarmaq və rahatlıq bəxş etmək mənasını verən “tənfis” anlayışını izah edən təqlid mərcəyi sözlərinə bunları əlavə edib:
“Problemi olan insan sanki nəfəsi kəsilmiş vəziyyətdədir. O, yoxsul və çətinlik içində olan, lakin bütün bunlara baxmayaraq, öz ləyaqətini qoruyan bir insandır. Siz onun problemini həll edərək nəfəs yolunu açın ki, rahat nəfəs ala bilsin. Əgər bunu etsəniz, Allah da bağışlanma üçün vasitə yaradacaq”.
Ayətullah Cəvadi Amuli sonda vurğulayıb:
“Uca ruha malik olan, fədakarlıq göstərən, mənəvi yüksəlişə can atan, istehsal və məşğulluq sahəsində çalışan insan, ümumiyyətlə, günah işləməyi düşünməz. Çünki günah şeytana tabe olmaqdır”.
