Aİ-də sığınacaq sistemi dəyişib
2026-cı il iyunun 12-dən Avropa İttifaqında sığınacaq istəyənlər üçün yeni qaydalar qüvvəyə minib. Dəyişikliklər Aİ-nin Miqrasiya və Sığınacaq Paktının tərkib hissəsidir.
- Aİ-də sığınacaq sistemi dəyişib
- Aİ niyə qaydaları dəyişdi?
- İlk giriş ölkəsinin məsuliyyəti 20 aya qədər davam edir
- Sərhəddə insanı nə gözləyir?
- Biometrik məlumatlar da toplanır
- Sığınacaq müraciətinə hansı ölkə baxacaq?
- Həmrəylik mexanizmi ayrıca işləyəcək
- “Təhlükəsiz ölkə” nə deməkdir?
- Təhlükəsiz üçüncü ölkə ayrıca anlayışdır
- Adi, sürətləndirilmiş və sərhəd proseduru
- 20 faiz həddi avtomatik rədd demək deyil
- Qərar necə verilir?
- Rədd qərarından şikayət etmək mümkündür
- Aİ-dən kənarda geri qaytarma mərkəzləri yaradıla bilər
- Yeni sistemin mərhələləri
- Azərbaycan vətəndaşları üçün nə dəyişir?
- 8,2 faiz nə deməkdir?
- 8,2 faiz konkret şəxsin sığınacaq şansı deyil
- Azərbaycana qayıtmaq kimlər üçün daha riskli ola bilər?
- Siyasi fəallar və hakimiyyət tənqidçiləri də qeyd olunur
- Təqib ölkədən çıxandan sonra da davam edə bilər
- Azərbaycan niyə “təhlükəsiz ölkə” siyahısında deyil?
- Türkiyə və ya Gürcüstan üzərindən gələnlər üçün nə dəyişir?
- Əfqan Sadıqovun işi bunu necə göstərir?
- Azərbaycan vətəndaşları üçün əsas dəyişikliklər
- Aİ-yə hansı yolla gəlmək də daha vacib olub
Yeni sistem sığınacaq istəyən şəxsin Aİ-yə gəldiyi andan onun müraciətinə necə baxılacağını, hansı ölkənin bu işə cavabdeh olacağını, müdafiə alıb-almayacağını və lazım gəldikdə necə geri qaytarılacağını müəyyən edən qaydaları dəyişir.
Aİ bununla sığınacaq müraciətlərinə daha tez baxmaq, gələn şəxsin kimliyini, hansı ölkədən və hansı yolla gəldiyini daha erkən müəyyənləşdirmək istəyir. Eyni zamanda məqsəd miqrasiya yükünü üzv ölkələr arasında daha bərabər bölüşdürmək və qeydiyyatdan sonra insanların öz istəyi ilə bir Aİ ölkəsindən digərinə keçməsinin qarşısını almaqdır.
Yeni qaydalar daha çox Aİ-yə qanunsuz yollarla gələnlərə və xarici sərhəddə sığınacaq istəyən şəxslərə aiddir.
Məsələn, Aİ-yə viza ilə qanuni gələn və daha sonra ölkə daxilində sığınacaq istəyən şəxs aşağıda göstərilən bütün mərhələlərdən keçməyə bilər.
Aİ niyə qaydaları dəyişdi?
İndiyədək əsasən “Dublin sistemi” tətbiq olunurdu. Bu sistem kimin sığınacaq ala biləcəyini deyil, sığınacaq müraciətinə hansı Aİ ölkəsinin baxmalı olduğunu müəyyənləşdirirdi.
Bunun üçün əvvəlcə şəxsin ailə əlaqələri, vizası və yaşayış icazəsi nəzərə alınırdı. Başqa əsas yox idisə, onun Aİ-yə ilk dəfə hansı ölkədən qanunsuz daxil olduğu mühüm rol oynayırdı.
Məsələn, bir nəfər Türkiyədən Yunanıstana keçib, daha sonra Almaniyaya gedərək orada sığınacaq istəyirdisə, Almaniya onun işinə Yunanıstanın baxmalı olduğu qənaətinə gələ və həmin şəxsi ora geri göndərməyə çalışa bilərdi.
Yeni qaydalarda bu prinsip qalır: sığınacaq müraciətinə bir ölkə baxmalıdır və müraciət edən şəxs istədiyi Aİ ölkəsini özü seçə bilməz.
Lakin hansı ölkənin məsul olduğunu müəyyən edən qaydalar dəyişib və nəzarət daha sərt olub.
İlk giriş ölkəsinin məsuliyyəti 20 aya qədər davam edir
Yeni sistemə görə, şəxsin Aİ-yə ilk dəfə qanunsuz daxil olduğu ölkənin məsuliyyəti, bir qayda olaraq, 20 ay davam edir.
Ailə üzvlərinin harada yaşaması, hansı ölkənin viza və ya yaşayış icazəsi verməsi də nəzərə alınır. Bəzi hallarda şəxsin Aİ ölkələrindən birində təhsil alması da əhəmiyyət daşıya bilər.
Əgər şəxs Aİ ölkələrindən birində diplom və ya ixtisas sənədi alıbsa və bunun üzərindən altı ildən çox keçməyibsə, müəyyən hallarda onun sığınacaq müraciətinə həmin ölkə baxa bilər.
Bundan başqa, miqrasiya təzyiqi daha yüksək olan ölkələr üçün daimi yardım mexanizmi yaradılıb.
Digər Aİ ölkələri belə dövlətlərə müxtəlif formalarda kömək etməlidir: sığınacaq istəyənlərin bir hissəsini öz ərazilərinə qəbul edə, maliyyə ayıra və ya başqa dəstək göstərə bilərlər.
Beləliklə, Dublin sistemi tamamilə aradan qaldırılmayıb. Əsas qayda saxlanılıb, lakin üzv ölkələr arasında yükün bölüşdürülməsi və sığınacaq istəyənlərin Aİ daxilində özbaşına hərəkətinin məhdudlaşdırılması üçün yeni mexanizmlər əlavə edilib.
Sərhəddə insanı nə gözləyir?
Aİ-nin xarici sərhədini qanunsuz keçənlər üçün proses ilkin yoxlama ilə başlayır.
Bu mərhələdə şəxsin sığınacaq almağa haqqı olub-olmadığı hələ araşdırılmır.
Əsas məqsəd onun kimliyini, haradan və hansı yolla gəldiyini, təhlükəsizlik baxımından risk yaradıb-yaratmadığını və xüsusi yardıma ehtiyacının olub-olmadığını müəyyən etməkdir.
Xarici sərhəddə bu yoxlama ən çoxu yeddi gün çəkməlidir.
Əgər şəxs artıq ölkə daxilində aşkarlanıbsa və onun Aİ-nin xarici sərhədini qanunsuz keçdiyi, lakin daha əvvəl bu yoxlamadan keçmədiyi müəyyənləşibsə, proses üç günədək davam edə bilər.
Biometrik məlumatlar da toplanır
Əvvəlcə şəxsin kimliyi müəyyən edilir və ya yoxlanılır. Daha sonra onun məlumatları təhlükəsizlik bazaları ilə tutuşdurulur, ilkin tibbi müayinə aparılır və xüsusi həssas vəziyyətdə olub-olmadığı qiymətləndirilir.
Biometrik məlumatlar da toplanır.
Altı yaşından başlayaraq uşaqların da barmaq izi və üz görüntüsü “Eurodac” sisteminə daxil edilə bilər. Bu baza vasitəsilə şəxsin daha əvvəl başqa Aİ ölkəsində qeydiyyatdan keçib-keçmədiyini və ya orada sığınacaq istəyib-istəmədiyini müəyyənləşdirmək mümkündür.
Sığınacaq istəyən şəxsin məlumatları “Eurodac”da on ilədək saxlanıla bilər. Aİ-nin xarici sərhədini qanunsuz keçərkən saxlanılan şəxsin məlumatları isə beş ilədək qoruna bilər.
İlkin yoxlama zamanı sağlamlıq vəziyyəti də nəzərə alınır.
Məsələn, şəxsin təcili tibbi yardıma ehtiyacı varsa, müşayiətsiz uşaqdırsa və ya başqa xüsusi vəziyyəti varsa, bu nəzərə alınmalıdır.
Daha sonra onun Aİ-yə hansı marşrutla gəldiyi araşdırılır: haradan çıxıb, hansı ölkələrdən keçib, əvvəllər başqa Aİ ölkəsində olubmu?
Əgər şəxs ölkəsinə qayıtmaqdan qorxduğunu və müdafiə istədiyini bildirirsə, onun sığınacaq müraciəti üzrə prosedur başlayır.
Sadə şəkildə desək, ilkin yoxlama zamanı bu suallara cavab axtarılır: şəxs kimdir, haradan və hansı yolla gəlib, daha əvvəl Aİ-də qeydiyyata alınıbmı, təhlükəsizlik riski varmı, tibbi və ya başqa yardıma ehtiyacı varmı və bundan sonra onun işi hansı prosedurla davam etməlidir?
Bu mərhələdə şəxs fiziki olaraq Aİ ölkəsinin ərazisində ola bilər, lakin hüquqi baxımdan hələ ölkəyə buraxılmış sayılmaya bilər.
Sığınacaq müraciətinə hansı ölkə baxacaq?
Qeydiyyatdan sonra müəyyən edilməlidir ki, şəxsin sığınacaq işinə hansı Aİ ölkəsi baxacaq.
İlk olaraq ailə əlaqələri araşdırılır. Sonra şəxsin hansı ölkədən viza və ya yaşayış icazəsi aldığına baxılır.
Bəzi hallarda Aİ ölkəsində alınmış diplom və ya ixtisas da nəzərə alına bilər.
Başqa əsas yoxdursa, insanın Aİ-yə ilk dəfə qanunsuz daxil olduğu ölkə əsas meyarlardan birinə çevrilir.
Yeni qaydalar bir ölkədə qeydiyyatdan keçdikdən sonra başqa Aİ ölkəsinə gedib orada yenidən sığınacaq istəməyi də çətinləşdirir.
Məsələn, şəxs əvvəlcə Yunanıstanda qeydiyyatdan keçib, sonra özü Almaniyaya gedibsə, Almaniya “Eurodac” vasitəsilə onun əvvəlki qeydiyyatını görə bilər.
Əgər qaydalara görə işə Yunanıstan baxmalıdırsa, həmin şəxs yenidən ora göndərilə bilər.
Həmrəylik mexanizmi ayrıca işləyəcək
Bununla belə, Aİ ölkələrinin öz aralarında ayrıca həmrəylik mexanizmi var.
Çox sayda sığınacaq müraciəti qəbul edən ölkə digər üzv dövlətlərdən kömək ala bilər. Bu yardım bəzi insanların başqa ölkələrə köçürülməsi, maliyyə vəsaiti və ya başqa dəstək formasında ola bilər.
Ancaq bu, sığınacaq istəyən şəxsin hansı ölkəyə göndəriləcəyini özünün seçə bilməsi demək deyil.
“Təhlükəsiz ölkə” nə deməkdir?
Sığınacaq istəyən şəxsin niyə ölkəsindən getdiyi araşdırılmamışdan əvvəl başqa bir sual da yarana bilər: Aİ ümumiyyətlə bu müraciətin mahiyyətinə baxmalıdırmı?
Burada iki anlayışı bir-birindən ayırmaq lazımdır.
Birincisi, şəxsin vətəndaşı olduğu və Aİ-nin təhlükəsiz hesab etdiyi ölkədir.
Aİ hesab edə bilər ki, həmin ölkədə ümumi vəziyyət təhlükəsizdir və onun vətəndaşlarının əksəriyyətinin beynəlxalq müdafiəyə ehtiyacı yoxdur.
2026-cı ilin iyunundan Aİ-nin vahid təhlükəsiz ölkələr siyahısı var.
Siyahıya Banqladeş, Kolumbiya, Misir, Hindistan, Kosovo, Mərakeş və Tunis daxildir.
Bundan başqa, müəyyən istisnalar olmadığı halda Aİ-yə üzvlüyə namizəd ölkələr də təhlükəsiz ölkə sayıla bilər.
Lakin bu siyahıda olan ölkənin vətəndaşına avtomatik rədd cavabı verilmir.
Şəxs yenə də sübut edə bilər ki, ümumi vəziyyətdən fərqli olaraq, məhz onun üçün öz ölkəsinə qayıtmaq təhlükəlidir.
Azərbaycan bu siyahıda yoxdur.
Təhlükəsiz üçüncü ölkə ayrıca anlayışdır
İkinci anlayış təhlükəsiz üçüncü ölkədir.
Burada söhbət insanın öz ölkəsindən deyil, yolüstü getdiyi və ya başqa əlaqəsi olan üçüncü dövlətdən gedir.
Əgər həmin ölkədə ona real və effektiv müdafiə verilə bilirsə, müəyyən şərtlərlə Aİ onun sığınacaq müraciətinin mahiyyətinə baxmaya bilər.
Yəni Aİ “bu şəxsin öz ölkəsinə qayıtması təhlükəlidirmi?” sualına keçməzdən əvvəl onun başqa təhlükəsiz ölkədə müdafiə ala biləcəyini əsas gətirə bilər.
2026-cı ildə bu qaydanın tətbiq dairəsi genişləndirilib.
Şəxsin üçüncü ölkə ilə əvvəlcədən əlaqəsi ola bilər, o, Aİ-yə gələn zaman həmin ölkədən keçmiş ola bilər və ya Aİ, yaxud ayrıca bir Aİ ölkəsi həmin dövlətlə sığınacaq istəyənlərin qəbuluna dair razılaşma bağlaya bilər.
Sonuncu halda şəxsin əvvəllər həmin ölkədə yaşaması və ya oradan keçməsi vacib olmaya bilər.
Lakin bir ölkədən sadəcə tranzit keçmək həmin şəxsin avtomatik ora göndərilməsi demək deyil.
Həmin ölkə təhlükəsiz olmalı, şəxsi təqib və ya ciddi təhlükə gözləyən yerə geri göndərməməli və ona real müdafiə almaq imkanı verməlidir.
Bu səbəbdən yeni sistemdə “Aİ-yə hansı yolla gəlmisiniz?” sualı əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.
Adi, sürətləndirilmiş və sərhəd proseduru
Əgər sığınacaq müraciətinə Aİ-də baxılmalıdırsa, iş adi, sürətləndirilmiş və ya sərhəd proseduru ilə davam edə bilər.
Sürətləndirilmiş prosedurun tətbiqində şəxsin vətəndaşı olduğu ölkə ilə bağlı statistika da nəzərə alınır.
Aİ hər ölkə üzrə həmin ölkənin vətəndaşlarının neçə faizinin sığınacaq və ya başqa beynəlxalq müdafiə aldığını qiymətləndirir.
Əgər müsbət qərarların payı 20 faiz və ya daha aşağıdırsa, həmin ölkənin vətəndaşlarının müraciətlərinə, bir qayda olaraq, sürətləndirilmiş qaydada baxılır.
20 faiz həddi avtomatik rədd demək deyil
Bu qaydanın istisnaları var.
Statistika açıqlanandan sonra həmin ölkədə vəziyyət kəskin dəyişibsə, bu qayda tətbiq olunmaya bilər.
Eyni yanaşma şəxsin müəyyən qrupa aid olduğu hallarda da nəzərə alınır.
Məsələn, bütün ölkə üzrə sığınacaq alanların faizi aşağı ola bilər, lakin jurnalistlər, siyasi fəallar və ya başqa konkret qrup üçün təhlükə xeyli yüksək ola bilər.
Belə halda ümumi statistika həmin şəxsin vəziyyətini düzgün əks etdirməyə bilər.
Əgər şəxs Aİ-nin xarici sərhədində sığınacaq istəyirsə, hələ ölkəyə giriş icazəsi almayıbsa və başqa qanuni şərtlər də mövcuddursa, 20 faizdən aşağı göstərici onun işinin məcburi sərhəd proseduruna salınmasına əsas ola bilər.
Burada mühüm məqam odur ki, 20 faiz həddi insanın sığınacaq alıb-almayacağını müəyyənləşdirmir.
Bu göstərici əsasən onun işinə hansı qaydada və nə qədər tez baxılacağına təsir edir.
Sərhəd proseduru başqa hallarda da tətbiq oluna bilər.
Məsələn, şəxs milli təhlükəsizlik və ya ictimai qayda üçün təhlükə hesab edilirsə, yaxud kimliyi və vətəndaşlığı barədə bilərəkdən yanlış məlumat veribsə.
Bu prosedur zamanı şəxs adətən sərhəddə, tranzit zonasında və ya xüsusi ayrılmış başqa yerdə qalır.
Sərhəd proseduru ən çoxu 12 həftə çəkməlidir.
Bəzi hallarda başqa Aİ ölkəsinə köçürülmə olarsa, müddət 16 həftəyədək uzana bilər.
Sərhəd prosedurunda olmaq avtomatik həbs demək deyil.
Müşayiətsiz uşaqlar, ciddi xəstəliyi olanlar və xüsusi dəstəyə ehtiyac duyan şəxslər üçün əlavə təminatlar nəzərdə tutulub.
Əgər həmin şəxs üçün lazımi şərait yaratmaq mümkün deyilsə, sərhəd proseduru dayandırıla və ya ümumiyyətlə tətbiq olunmaya bilər.
Qərar necə verilir?
İlkin yoxlamalardan sonra əsas məsələ araşdırılır: şəxsin öz ölkəsinə qayıtması həqiqətən təhlükəlidirmi?
Bunun üçün onunla müsahibə keçirilir.
Şəxs başına nə gəldiyini, nədən qorxduğunu və ölkəyə qayıdacağı halda onu hansı təhlükənin gözlədiyini danışır.
O, sübut kimi məhkəmə sənədləri, təhdid mesajları, yazışmalar, yazılar, fotolar, tibbi sənədlər və başqa materiallar təqdim edə bilər.
Qurumlar onun dediklərini həmin ölkədəki vəziyyət barədə mövcud məlumatlarla müqayisə edirlər.
Əgər risk təsdiqlənirsə, şəxs qaçqın statusu və ya başqa formada beynəlxalq müdafiə ala bilər.
Əgər əsaslar yetərli sayılmırsa, müraciət rədd edilir.
Rədd qərarından şikayət etmək mümkündür
Rədd qərarından şikayət etmək mümkündür.
Lakin bəzi sürətləndirilmiş və sərhəd işlərində şikayət vermək şəxsin məhkəmə qərarınadək avtomatik olaraq ölkədə qala bilməsi demək deyil. Bunun üçün ayrıca qərar lazım ola bilər.
Rədd qərarı qüvvəyə mindikdən sonra geri qaytarılma proseduru başlayır.
Sərhəd prosedurunda olan şəxslər üçün ayrıca geri qaytarılma prosesi də 12 həftəyədək davam edə bilər.
Beləliklə, sərhəddə sığınacaq müraciətinə baxılması və sonrakı geri qaytarılma birlikdə 24 həftəyədək çəkə bilər.
Aİ-dən kənarda geri qaytarma mərkəzləri yaradıla bilər
Yeni sistem yalnız Aİ sərhədləri daxilindəki prosedurlarla məhdudlaşmır.
Artıq tətbiq olunan mexanizmlərdən biri təhlükəsiz üçüncü ölkə qaydasıdır.
Əgər şəxs başqa bir ölkədə effektiv müdafiə ala bilərsə və qanundakı şərtlər yerinə yetirilirsə, Aİ onun sığınacaq müraciətinə mahiyyəti üzrə baxmaya bilər.
Bu, Aİ ətrafında artıq sığınacaq düşərgələri yaradıldığı demək deyil.
İnsanı başqa ölkəyə göndərmək üçün hüquqi əsas olmalı və həmin ölkə təhlükəsizlik tələblərinə cavab verməlidir.
Müzakirə edilən digər mexanizm isə Aİ-dən kənarda geri qaytarma mərkəzlərinin yaradılmasıdır.
Bu mərkəzlər sığınacaq müraciətinə cavab gözləyən şəxslər üçün nəzərdə tutulmur.
Söhbət artıq Aİ-də qalmaq hüququ olmayan şəxslərdən gedir.
2026-cı il iyunun 1-də Aİ Şurası ilə Avropa Parlamenti yeni geri qaytarma qaydaları üzrə ilkin razılığa gəlib.
Razılaşmaya görə, üçüncü ölkələrdə geri qaytarma mərkəzləri yaradıla bilər. Həmin mərkəzlər insanın son göndəriləcəyi yer və ya başqa ölkəyə qaytarılmazdan əvvəl müvəqqəti məntəqə ola bilər.
Belə razılaşmalar yalnız insan hüquqları standartlarına əməl edən və insanları təhlükə ilə üzləşəcəkləri ölkəyə geri göndərməyən dövlətlərlə bağlana bilər.
Müşayiətsiz uşaqlar bu sistemə daxil edilməyəcək.
Razılıq əldə olunan vaxt sənəd hələ hüquqi-linqvistik yoxlamadan keçməli və formal şəkildə təsdiqlənməli idi.
Yeni sistemin mərhələləri
Yeni sistemdə proses ümumən belə görünür:
Aİ sərhədinə çatmaq, ilkin yoxlamadan keçmək, müraciətə hansı ölkənin baxacağının müəyyənləşdirilməsi, təhlükəsiz üçüncü ölkə məsələsinin yoxlanılması, adi, sürətləndirilmiş və ya sərhəd proseduru, şəxsin nə üçün qorxduğunun araşdırılması, qərar, şikayət və nəticədə müdafiə və ya geri qaytarılma.
Yeni qaydalar sığınacaq istəmək hüququnu ləğv etmir.
Əsas dəyişiklik ondan ibarətdir ki, Aİ qərarları daha tez vermək, şəxsin kimliyini və marşrutunu əvvəlcədən müəyyənləşdirmək və sığınacaq istəyənlərin bir Aİ ölkəsindən digərinə özbaşına keçməsini məhdudlaşdırmaq istəyir.
Bundan başqa, bəzi qərarlar şəxs Aİ-yə adi qaydada buraxılmamışdan əvvəl, elə sərhəddə verilə bilər.
Azərbaycan vətəndaşları üçün nə dəyişir?
Azərbaycan vətəndaşları üçün əsas dəyişikliklərdən biri sığınacaq müraciətlərinə sürətləndirilmiş qaydada baxılması ilə bağlıdır.
Azərbaycan Aİ-nin təhlükəsiz ölkələr siyahısına daxil deyil.
Lakin yeni sistemdə başqa göstərici var və bu, Azərbaycan vətəndaşlarına birbaşa təsir edir.
“Eurostat”ın məlumatına görə, 2025-ci ildə Azərbaycan vətəndaşlarının sığınacaq müraciətləri üzrə birinci instansiyada verilən qərarların cəmi 8,2 faizi müsbət olub.
Bu rəqəm Aİ-nin müəyyən etdiyi 20 faizlik həddən xeyli aşağıdır.
“Eurostat” bu statistikanı yeni Sığınacaq Proseduru Reqlamentinin tətbiqi üçün ayrıca hazırlayıb. Məlumatlar Danimarka istisna olmaqla Aİ ölkələrini əhatə edir.
8,2 faiz nə deməkdir?
Yeni qaydalara əsasən, vətəndaşlarının sığınacaq müraciətləri üzrə müsbət qərarların payı 20 faiz və ya daha aşağı olan ölkələrdən gələn şəxslərin işlərinə, bir qayda olaraq, sürətləndirilmiş qaydada baxılır.
Azərbaycan da bu qrupa düşür.
Məsələn, Azərbaycan vətəndaşı Aİ-yə viza ilə qanuni gəlib, daha sonra ölkə daxilində sığınacaq istəyirsə, sırf 8,2 faizlik göstəriciyə görə sərhədə geri göndərilmir.
Lakin onun müraciətinə, bir qayda olaraq, sürətləndirilmiş prosedurla baxıla bilər.
Aİ-nin xarici sərhədində sığınacaq istəyən və ya sərhədi qanunsuz keçdikdən sonra saxlanılan Azərbaycan vətəndaşları üçün vəziyyət fərqli ola bilər.
Əgər şəxs hələ ölkəyə buraxılmayıbsa və qanundakı digər şərtlər də mövcuddursa, onun işi məcburi sərhəd proseduruna yönəldilə bilər.
8,2 faiz konkret şəxsin sığınacaq şansı deyil
8,2 faiz konkret Azərbaycan vətəndaşının sığınacaq almaq şansının cəmi 8,2 faiz olması demək deyil.
Bu, bütün Azərbaycan vətəndaşları üzrə ümumi statistikadır.
Rəqəm əsasən şəxsin işinə hansı prosedurla baxılacağını müəyyənləşdirir.
Konkret insanın müdafiəyə ehtiyacı olub-olmaması isə ayrıca araşdırılmalıdır.
Qaydalarda mühüm istisnalar da mövcuddur.
Məsələn, statistika açıqlanandan sonra Azərbaycanda vəziyyət ciddi şəkildə pisləşibsə, sürətləndirilmiş prosedur tətbiq edilməyə bilər.
Yaxud şəxs elə bir qrupa daxildirsə ki, ölkə üzrə ümumi statistika həmin qrupun üzləşdiyi real təhlükəni və müdafiəyə ehtiyacını əks etdirmir, bu da nəzərə alınmalıdır.
Yəni Azərbaycan üzrə ümumi müsbət qərar faizi aşağı ola bilər, lakin konkret bir qrup üçün ölkəyə qayıtmaq riski qat-qat yüksək ola bilər.
Azərbaycana qayıtmaq kimlər üçün daha riskli ola bilər?
Azərbaycan vətəndaşlarının sığınacaq müraciətləri üzrə müsbət qərarların az olması ölkədə insan hüquqları ilə bağlı vəziyyətin pisləşdiyi dövrə təsadüf edir.
“Human Rights Watch”un “Dünya Hesabatı 2026” sənədində Azərbaycan hakimiyyətinin müstəqil mediaya, siyasi rəqiblərə və vətəndaş cəmiyyətinə təzyiqləri artırdığı bildirilir.
Təşkilat xaricdə yaşayan hökumət tənqidçilərinə qarşı cinayət işlərinin açılması və onların qiyabi məhkum edilməsi barədə də məlumat verir.
Xüsusilə müstəqil jurnalistlər və media əməkdaşlarına qarşı təqiblərin geniş şəkildə sənədləşdirildiyi bildirilir.
Son illərdə “Abzas Media”, “Meydan TV” və “Toplum TV” əməkdaşlarına qarşı cinayət işləri açılıb.
Jurnalist və media əməkdaşlarına qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və sənəd saxtalaşdırılması kimi əməllərlə bağlı cinayət təqibləri irəli sürülüb.
2025-ci ilin iyununda “Abzas Media” işi üzrə yeddi jurnalist 7 ildən 9 ilədək həbs cəzası alıb.
2026-cı il iyulun 27-də isə “Toplum TV” işi üzrə doqquz jurnalist, media əməkdaşı və vətəndaş cəmiyyəti nümayəndəsi 12 ildən 15 ilədək həbsə məhkum edilib.
“Human Rights Watch” bu hökmü müstəqil jurnalistikaya qarşı hazırkı təqib kampaniyasının başlanmasından bəri ən ağır hökm adlandırıb.
Siyasi fəallar və hakimiyyət tənqidçiləri də qeyd olunur
Digər risk qrupu müxalif siyasətçilər, siyasi fəallar və hakimiyyəti açıq tənqid edən şəxslərdir.
“Human Rights Watch” siyasi fəallara və hakimiyyət tənqidçilərinə qarşı cinayət işləri və uzunmüddətli həbs cəzaları barədə məlumat yayıb.
Məsələn, 2025-ci ildə siyasi fəal Bəxtiyar Hacıyev 10 il, müxalif siyasətçi Tofiq Yaqublu isə 9 il həbs cəzası alıb.
Təqiblərin hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti nümayəndələrinə də təsir etdiyi bildirilir.
Lakin bunların heç biri jurnalist, siyasi fəal və ya hüquq müdafiəçisinin Aİ-də avtomatik sığınacaq alacağı demək deyil.
Qurumlar hər bir şəxsin vəziyyətini ayrıca araşdırmalıdır.
Şəxsin nə işlə məşğul olduğu, hakimiyyətin onun fəaliyyəti barədə məlumatlı olub-olmadığı, barəsində cinayət işinin açılıb-açılmadığı, təhdid olunub-olunmadığı və Azərbaycana qayıdacağı halda onu hansı risklərin gözlədiyi fərdi şəkildə qiymətləndirilməlidir.
Bu səbəbdən belə şəxslər üçün ümumi 8,2 faizlik statistika real təhlükəni tam əks etdirməyə bilər.
Təqib ölkədən çıxandan sonra da davam edə bilər
Azərbaycanlı sığınacaq istəyənlər üçün başqa mühüm məqam bəzi hakimiyyət tənqidçilərinə qarşı təqibin onlar ölkədən getdikdən sonra da davam etməsidir.
2026-cı ilin iyununda “Human Rights Watch” xaricdə yaşayan azərbaycanlılara qarşı keçirilən qiyabi məhkəmələrlə bağlı ayrıca araşdırma yayıb.
Təşkilat 2025-ci ilin iyulundan 2026-cı ilin martınadək çıxarılmış səkkiz hökmü araşdırıb.
Həmin şəxslər Fransa, Almaniya, İsveçrə, Niderland, Böyük Britaniya və ABŞ-də yaşayırdılar.
Onlara qiyabi şəkildə uzunmüddətli həbs cəzaları verilib.
Qərarlarda onların internetdəki fəaliyyəti, sosial şəbəkələrdəki paylaşımları və “YouTube”da Azərbaycan hakimiyyətini tənqid edən çıxışlarından da istifadə olunduğu bildirilir.
“Human Rights Watch” bu cür halları transmilli repressiya kimi qiymətləndirir.
Bu səbəbdən sığınacaq müraciətinə baxılarkən yalnız insanın Azərbaycanı tərk etməzdən əvvəl başına gələnlər deyil, xaricdəki fəaliyyəti də nəzərə alına bilər.
Məsələn, jurnalist mühacirətdə yaşadığı vaxt müstəqil Azərbaycan mediasında işləməyə davam edə, siyasi fəal xaricdə fəaliyyət göstərə və ya şəxs ölkəni tərk etdikdən sonra hakimiyyəti açıq şəkildə tənqid edə bilər.
Əgər bu fəaliyyət onun Azərbaycana qayıdacağı halda təqib olunması riskini artırırsa, sığınacaq müraciətinə baxılarkən bu da nəzərə alınmalıdır.
Azərbaycan niyə “təhlükəsiz ölkə” siyahısında deyil?
İlk baxışdan burada ziddiyyət yarana bilər.
Əgər Azərbaycan vətəndaşlarının sığınacaq müraciətlərinin cəmi 8,2 faizi müsbət nəticələnirsə, Aİ niyə Azərbaycanı vətəndaşları üçün təhlükəsiz ölkə hesab etmir?
Səbəb odur ki, bunlar iki ayrı məsələdir.
“Vətəndaşı üçün təhlükəsiz ölkə” statusu həmin ölkədəki ümumi vəziyyətin hüquqi qiymətləndirilməsidir.
20 faiz həddi isə sığınacaq müraciətləri üzrə verilən qərarların statistikasına əsaslanır.
Azərbaycanın vəziyyətində bu iki göstərici üst-üstə düşmür.
Aİ-nin təhlükəsiz ölkələri siyahısında Banqladeş, Kolumbiya, Misir, Hindistan, Kosovo, Mərakeş və Tunis var.
Azərbaycan həmin siyahıda yoxdur.
Bununla yanaşı, 2025-ci ildə Azərbaycan vətəndaşları üzrə birinci instansiyada müsbət qərarların payı yalnız 8,2 faiz olub.
Buna görə Azərbaycan vətəndaşlarının müraciətləri, bir qayda olaraq, sürətləndirilmiş prosedura düşə bilər.
Bununla belə, hər bir şəxs yenə də sübut edə bilər ki, məhz onun Azərbaycana qayıtması təhlükəlidir.
Türkiyə və ya Gürcüstan üzərindən gələnlər üçün nə dəyişir?
Azərbaycan vətəndaşları üçün digər mühüm dəyişiklik təhlükəsiz üçüncü ölkə qaydasının genişləndirilməsidir.
Azərbaycanlıların Aİ-yə yolu, məsələn, Gürcüstan, Türkiyə və ya Qərbi Balkan ölkələri üzərindən keçə bilər.
Yeni qaydalara görə, bu marşrut sığınacaq işinə təsir göstərə bilər.
Üçüncü ölkədən tranzit keçmək Aİ ölkəsinə belə bir sual vermək imkanı yarada bilər: bu şəxs Aİ əvəzinə keçdiyi üçüncü ölkədə müdafiə ala bilərdimi?
Lakin bir insanın Türkiyə və ya Gürcüstandan keçməsi onun avtomatik şəkildə həmin ölkəyə göndəriləcəyi demək deyil.
Həmin ölkənin konkret şəxs üçün təhlükəsiz olub-olmadığı araşdırılmalıdır.
Orada onu təqib və ya ciddi təhlükə gözləməməli, həmin ölkə şəxsi sonradan təhlükə ilə üzləşəcəyi yerə göndərməməli və ən əsası, orada real müdafiə almaq imkanı olmalıdır.
Bu səbəbdən Gürcüstan və ya Türkiyənin hər bir Azərbaycan vətəndaşı üçün avtomatik təhlükəsiz üçüncü ölkə olduğunu demək olmaz.
Bu məsələ xüsusilə transmilli repressiya riski olan jurnalistlər və siyasi fəallar üçün mühüm əhəmiyyət daşıyır.
Əfqan Sadıqovun işi bunu necə göstərir?
“Azel.TV”nin baş redaktoru Əfqan Sadıqovun işi buna nümunə kimi göstərilir.
Sadıqov 2023-cü ilin dekabrından Gürcüstanda yaşayır və jurnalist fəaliyyətini orada davam etdirirdi.
2024-cü ilin avqustunda o, Azərbaycanın ekstradisiya tələbi əsasında saxlanılıb.
Avropa İnsan Hüquqları Məhkəməsi onun Azərbaycana verilməsini müvəqqəti olaraq dayandırıb.
2026-cı il aprelin 1-də Azərbaycan hakimiyyəti ekstradisiya tələbinə əsas olan cinayət təqibinə xitam verib.
Bundan sonra Gürcüstan hakimiyyəti Sadıqovu inzibati əsaslarla saxlayıb və aprelin 4-də Azərbaycana deportasiya edib.
Azərbaycana qaytarıldıqdan sonra jurnalist bir neçə dəfə saxlanılıb.
Daha sonra onun barəsində cinayət işi yenidən açılıb və iyunun 8-də məhkəmə Sadıqovun həbsinə qərar verib.
“Human Rights Watch” bu hadisələrin ardıcıllığını hakimiyyət tənqidçisinin transmilli təqibi üçün hüquqi prosedurlardan istifadə edilməsinin mümkün nümunəsi kimi qiymətləndirir.
Bu hadisə Gürcüstanın bütün hallarda təhlükəsiz üçüncü ölkə sayıla bilməyəcəyini göstərmir.
Lakin “şəxs Gürcüstanda yaşayıb, deməli, onu ora qaytarmaq olar” yanaşmasının yetərli olmadığını göstərir.
Xüsusilə jurnalist və siyasi fəallarla bağlı ayrıca araşdırılmalıdır ki, həmin üçüncü ölkə onları həqiqətən qoruya bilərmi və onların sonradan Azərbaycana göndərilməsi riski varmı.
Azərbaycan vətəndaşları üçün əsas dəyişikliklər
Azərbaycan vətəndaşları üçün iki dəyişiklik xüsusilə vacibdir.
Birincisi, 8,2 faizlik göstəricidir.
“Eurostat”ın statistikasına görə, Azərbaycan vətəndaşlarının sığınacaq müraciətləri üzrə müsbət qərarların faizi 20-dən aşağıdır. Buna görə onların işlərinə, bir qayda olaraq, sürətləndirilmiş prosedurla baxılacaq.
Xarici sərhəddə müraciət edənlər isə müəyyən hallarda sərhəd proseduruna düşə bilər.
Lakin 8,2 faiz konkret şəxsin sığınacaq almaq ehtimalı deyil.
Müstəqil jurnalist, siyasi fəal və ya başqa risk qrupuna aid şəxsin vəziyyəti ümumi statistikadan fərqli ola bilər.
Bu, xüsusilə Azərbaycanda müstəqil jurnalistlərə, siyasi fəallara və hakimiyyət tənqidçilərinə qarşı təqiblərin sənədləşdirilməsi fonunda əhəmiyyətlidir.
Aİ-yə hansı yolla gəlmək də daha vacib olub
İkinci dəyişiklik Aİ-yə hansı yolla gəlməklə bağlıdır.
Şəxs Aİ-yə başqa ölkə üzərindən gəlibsə, Aİ həmin ölkədə onun real müdafiə ala bilib-bilməyəcəyini araşdıra bilər.
Lakin sadəcə üçüncü ölkədən keçmək şəxsin avtomatik şəkildə ora qaytarılması üçün yetərli deyil.
Beləliklə, yeni qaydalar Azərbaycan vətəndaşlarının sığınacaq prosesini daha sürətli, bəzi hallarda isə daha çətin edə bilər.
Bununla belə, əsas sual dəyişmir: konkret şəxsin Azərbaycana qayıtması onun üçün real təhlükə yaradırmı?
Bu suala hər bir sığınacaq işi üzrə ayrıca cavab verilməlidir.
