ABŞ Həmisi Hörmüz Yaxınlığında İran Tərəfindən Vuruldu: Yaralananlar Var

2 Dəq Oxuma Müddəti

ABŞ mediası: Gəmi İran hücumuna məruz qalıb

ABŞ-ın “Foks Nyus” telekanalı Hörmüz boğazı yaxınlığında bu həftənin əvvəlində baş verdiyi bildirilən hadisə zamanı ABŞ-a məxsus gəminin hədəfə alındığını açıqlayıb.

Telekanalın məlumatına görə, hücum dörd İran pilotsuz uçuş aparatı və ən azı bir raket vasitəsilə həyata keçirilib.

Bildirilib ki, hücum zamanı gəmini mərmilərdən biri vurub və nəticədə bir neçə nəfər xəsarət alıb.

Yaralanan şəxslərin Körfəz ölkələrindən birində yerləşən tibb müəssisəsində müalicə aldığı qeyd olunub.

Hadisənin detalları açıqlanmır

“Foks Nyus” hadisənin hansı ABŞ gəmisində baş verdiyini, gəminin missiyasını və zərərin miqyasını açıqlamayıb.

Həmçinin ABŞ Müdafiə Nazirliyi və digər rəsmi qurumlardan hadisə ilə bağlı geniş açıqlama verilməyib.

Məlumat yalnız ABŞ mediasının adı açıqlanmayan mənbələrə istinadən yaydığı xəbərə əsaslanır.

Hörmüz boğazında gərginlik artır

Hadisə bölgədə dəniz təhlükəsizliyi ilə bağlı gərginliyin artdığı bir vaxtda baş verib.

Bundan əvvəl İran İnqilab Keşikçiləri Korpusunun Dəniz Qüvvələri Hörmüz boğazının cənub hissəsində “Alqaya” adlı neft tankerinin mina ilə toqquşma nəticəsində zədələndiyini açıqlamışdı.

İran tərəfinin məlumatına görə, tanker məhdudlaşdırılmış ərazidən keçməyə çalışarkən partlayış baş verib.

İran: Hörmüz boğazı nəzarətimizdədir

İran İnqilab Keşikçiləri Dəniz Qüvvələri yanğının söndürülməsi cəhdlərinin nəticəsiz qaldığını və tankerin tamamilə yandığını bildirib.

İran tərəfi tankerin əvvəlcədən qanunsuz keçid cəhdinin təhlükələri barədə xəbərdar edildiyini açıqlayıb.

Bəyanatda Hörmüz boğazının bağlı olduğu və bölgənin “ağıllı nəzarət altında saxlanıldığı” qeyd olunub.

Gəmiçilik fəaliyyəti azalır

Hörmüz boğazı dünya enerji daşımaları üçün ən mühüm dəniz keçidlərindən biri hesab olunur.

Son dövrdə bölgədə artan hərbi gərginlik, hücumlar və qarşılıqlı təhdidlər nəticəsində boğazdan keçən gəmiçilik fəaliyyətində azalma müşahidə olunur.

Hörmüz boğazında yaşanan qarşıdurmalar yalnız regional təhlükəsizliyə deyil, eyni zamanda qlobal enerji bazarlarına və beynəlxalq ticarət marşrutlarına təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş