Ayətullah Seyid Əli Xamenei: “İslam Qadını Ucaldır, Qərb Onu Alətə Çevirir”

5 Dəq Oxuma Müddəti

Qadının İslamda ali məqamı

Tehranda ölkənin müxtəlif bölgələrindən gələn minlərlə qadın və qızla görüşən Ayətullah Seyyid Əli Xamenei çıxışına Həzrət Fatimə Zəhra (s.ə.) dövrünün xatırlandığı bu günlərin mənəvi önəminə toxunmaqla başlayıb. O, Həzrət Zəhranı “bütün sahələrdə ən uca xüsusiyyətlərlə bəzənmiş kamil insan” kimi təqdim edib və iranlı qadının “belə bir günəşdən dərs aldığını” vurğulayıb.

Ayətullah Seyid Əli Xamenei Fatimə Zəhranın (s.ə.) ibadət və təvazö, fədakarlıq, çətinliklər qarşısında səbr, məzlumun haqqını cəsarətlə müdafiə, həqiqətləri açıqlama, siyasi dərk, evdarlıq, ailə idarəçiliyi, övlad tərbiyəsi və İslam tarixinin həlledici hadisələrində fəal iştirakı kimi cəhətlərini xatırladaraq deyib: “İranlı qadın, Allaha şükür, Peyğəmbərin bütün zamanların bütün qadınlarının rəhbəri adlandırdığı belə bir günəşdən istiqamət alaraq onun hədəflərinə uyğun hərəkət edir.”

Ayətullah Seyid Əli Xamenei bildirib ki, İslamın baxışında qadın və kişi insanlığın həyatında və tarixində bərabər rola malikdir, hər ikisinə eyni dərəcədə mənəvi kamillik mərtəbələrinə çatmaq imkanı verilir: “İctimai fəaliyyət, ticarət, siyasi fəaliyyət, hökumət və idarəçilik sahələrinin əksəriyyətində, eləcə də fərdi və ictimai səylərdə qadının irəliləyiş yolu kişi kimi açıqdır.”

“Kapitalist və pozğun” Qərb mədəniyyətinə sərt tənqid

Ayətullah Seyid Əli Xamenei qadının ictimai mövqeyi və hüquqları məsələsində İslamla Qərb kapitalizmi arasında ciddi təzad olduğunu vurğulayaraq Qərb mədəniyyətini “tamamilə rədd edilmiş və korlanmış model” adlandırıb.

Onun sözlərinə görə, İslamda qadınla kişi “iki mütənasib və tamamlayıcı ünsür” kimi təsvir olunur; çoxlu ortaq cəhətləri, bədən və təbiətlərindən doğan bəzi fərqləri ilə birlikdə bəşər cəmiyyətini idarə etmək, nəslin davamını təmin etmək, sivilizasiyanı inkişaf etdirmək və həyat tələbatını qarşılamaq kimi sahələrdə yan-yana məsuliyyət daşıyırlar.

Ayətullah Seyid Əli Xamenei bildirib ki, İslamda qadının ləyaqətini qorumaq və “çox güclü və təhlükəli” cinsi ehtirasları nəzarətdə saxlamaq üçün qadın-kişi münasibətləri, geyim və hicab barədə qoyulan məhdudiyyətlər qadının fitrətinə və cəmiyyətin real mənafe və ehtiyaclarına tam uyğundur. O, Qərb mədəniyyətinin isə bu sahədə heç bir nəzarət tanımadığını, bunun nəticəsində qadının sadəcə “maddi alət və şəhvət obyektinə” çevrildiyini bildirib.

Ayətullah Seyid Əli Xamenei kapitalist Qərbin qadın haqqında rəsmi baxışının “qadının şəxsiyyətini kişi kimliyinin tərkib hissəsinə çevirib udmaq” olduğunu, ailə institutunun dağılması, atasını tanımayan uşaqlar, ailə bağlarının zəifləməsi, gənc qızları ovlayan cinayətkar şəbəkələr və “azadlıq” adı ilə fəsadın yayılması kimi nəticələri “son iki əsrin böyük günahları” adlandırıb.

Ailə, ədalət və qadının əsas hüquqları

İnqilab Rəhbəri ailə qurmağı qadın və kişi üçün “ən mühüm rollardan biri” kimi təqdim edərək qeyd edib ki, İslamda ailəni təşkil edən üç ünsür – qadın, kişi və övladlar – üçün xüsusi və qarşılıqlı hüquqlar müəyyən edilib.

O, qadının başlıca hüquqlarını həm cəmiyyətdə, həm də ailə daxilində “ədalətli rəftar, təhlükəsizlik, ləyaqət və hörmətin qorunması” kimi sadalayıb; eyni iş üçün bərabər əməkhaqqı, işləyən qadınlar üçün sığorta təminatı, xüsusi məzuniyyətlər və qadınların mənəvi və ictimai inkişaf imkanlarının məhdudlaşdırılmamasını vurğulayıb.

Ayətullah Seyid Əli Xamenei ailə daxilində qadının əsas ehtiyacı və haqqının “məhəbbət” olduğunu deyib, məişət zorakılığını isə Qərb mədəniyyətinin geniş yayılmış xəstəliklərindən biri kimi təqdim edib. O, İslam hədislərində kişinin həyat yoldaşına açıq şəkildə “Səni sevirəm” deməyə təşviq olunduğunu xatırladaraq, qadının evdə “işçi” deyil, “reyhanə – qorunmalı bir güldür” kimi təqdim olunduğunu bildirib.

İran qadınlarının misilsiz irəliləyişi

Ayətullah Xamenei qeyd edib ki, İslam İnqilabından sonra İranda qadınların elm, tədqiqat, siyasət, sosial fəaliyyət, səhiyyə, idman və cəbhə arxası könüllü dəstək sahələrində əldə etdikləri nailiyyətlər ölkə tarixində misilsizdir:

“İran tarixində bu qədər alim, düşüncə sahibi və söz sahibi qadın heç vaxt olmamışdı; hətta bunun yüzdə biri qədər də yox idi. Məhz İslam Respublikası qadınlara bütün əsas sahələrdə irəliləmə imkanı verdi.”

O, şəhidlərin xanımlarının, xüsusən son illərin şəhid ailələrinin fədakarlığını xüsusi qeyd edərək, bu dəstəyi olmasaydı, bir çox mücahidlərin cəbhədə bu səviyyədə mübarizə aparıb şəhadət məqamına yüksələ bilməyəcəyini deyib.

Mediaya çağırış: Qərb düşüncəsini təkrarlamayın

Çıxışının sonunda İnqilab Rəhbəri media qurumlarını qadın məsələsində Qərb kapitalist yanaşmasını təbliğ edən alətə çevrilməməyə çağırıb.

O bildirib ki, hicab, qadın geyimi və qadın-kişi əməkdaşlığı mövzularında ölkə mediası Qərb mərkəzlərinin söylədiklərini təkrarlayıb böyütməməli, əksinə, İslamın dərin, məntiqli və təsirli baxışını həm ölkə daxilində, həm də beynəlxalq tribunlarda izah edib müdafiə etməlidir:

“Bu, İslamı tanıtmağın ən yaxşı yoludur və xüsusilə qadınlar olmaqla dünyanın bir çox insanını İslama cəlb edəcək.”

Bu Xəbəri Paylaş
Şərh edilməmiş