Araşdırma: Beynin inkişafı 32 yaşa qədər davam edən uzun bir gənclik dövrünü əhatə edir
Cambridge Universitetinin alimləri insan beyninin həyat boyu keçdiyi inkişaf mərhələlərini geniş şəkildə araşdıraraq beynin 5 əsas dövrdən keçdiyini müəyyənləşdiriblər. Doğumdan 90 yaşına qədər olan təxminən 4 min nəfərin MRT görüntülərinin təhlili əsasında beynin nöral şəbəkələrinin zamanla necə dəyişdiyi dəqiqliklə xəritələndirilib.
Tədqiqat beynin inkişafının 9, 32, 66 və 83 yaşlarında baş verən dörd kritik dönüş nöqtəsi ilə fərqlənən beş geniş mərhələdə formalaşdığını göstərir.
Doğumdan 9 yaşa qədər: Beynin ilkin formalaşma mərhələsi
Həyatın ilk illərində beynin neyronları arasında çoxsaylı əlaqələr yaranır, lakin bu əlaqələrin böyük qismi zamanla azalır. Daha aktiv və effektiv olan sinir əlaqələri isə qorunur. Bu proses uşağın idrak və sensor inkişafının əsasını təşkil edir.
9–32 yaş: Gənclik dövrü — beynin ən çevik və dinamik inkişaf mərhələsi
Tədqiqatçılar 9–32 yaş aralığını beynin “ən yüksək funksional çeviklik dövrü” adlandırırlar. Bu mərhələdə beyin şəbəkələrinin səmərəliliyi artır, məlumat ötürülməsi sürətlənir və sinaptik dəyişkənlik maksimuma çatır.
Araşdırmanın aparıcı müəllifi Alexa Mousley bildirir:
“Bu, insanların 20 yaşlarının sonlarında uşaq kimi davrandığı demək deyil. Sadəcə olaraq, beynin inkişaf istiqaməti bu dövrdə dəyişməyə davam edir”.
32 yaşdan sonra beyin daha sabit funksional quruluğa keçərək çeviklik tempini azaldır.
66 yaş: Erkən qocalma mərhələsi
66 yaşdan etibarən beynin əlaqə effektivliyində tədricən zəifləmə müşahidə olunur. Bu dəyişikliklər yaşlanma ilə bağlı nevroloji faktorlar, damar sağlamlığı və beyin maddəsinin strukturundakı pozuntularla bağlıdır.
83 yaş: Gec qocalma mərhələsi
83 yaşdan sonra degenerativ dəyişikliklərin sürətlənməsi ilə beyin şəbəkələrinin səmərəliliyi daha da azalır. Bu dövr “gec yaşlanma” mərhələsi kimi təsnif edilir.
Elm üçün yeni perspektiv
Bu nəticələr insan beyninin inkişaf trayektoriyası haqqında daha aydın təsəvvür yaradır və nevrologiya, psixologiya, təhsil elmi və qocalma tədqiqatları üçün mühüm baza rolunu oynaya bilər.
Araşdırma Nature Communications jurnalında dərc edilib.
