İtaliya Ukrayna üçün hazırlanan planın “həddindən artıq ağır” olduğunu açıqladı
İtaliyanın müdafiə naziri Guido Krozetto ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusya–Ukrayna müharibəsini dayandırmaq üçün irəli sürdüyü 28 maddəlik sülh planı ilə bağlı kəskin açıqlama verib. Nazir “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, plan Ukrayna üçün “çox ağırdır və əsla qəbul edilə bilməyəcək maddələr ehtiva edir”.
Krozetto həm Moskvanın, həm də Kiyevin planı müzakirə etdiyini qeyd edərək, bunun danışıqlar prosesinin başlanmasına zəmin yarada biləcəyini vurğulayıb. O, planın mahiyyətcə problemli olduğunu desə də, onu “arzulanan sülhün əldə edilməsi üçün bir başlanğıc nöqtəsi” kimi qiymətləndirib.
Nazir Trampın müxtəlif məsələlərdə — gömrük tariflərindən tutmuş Qəzza və başqa regional böhranlara qədər — sərt, dəyişkən və taktiki addımlar atdığını bildirib. Krozetto qeyd edib ki, ABŞ Prezidenti Rusiyaya qarşı təzyiq mexanizmlərini müxtəlif vasitələrlə tətbiq edir və hazırda Moskvanın “çıxılmaz vəziyyətdən çıxması üçün” yol göstərməyə çalışır.
“Kimsə susursa, bu çalışmamaq demək deyil”
Krozetto Avropadan və digər ölkələrdən gələn reaksiyaların azlığını da şərh edərək bildirib ki, bu susqunluq sülh üçün ideya hazırlanmaması anlamına gəlmir:
“Ola bilər ki, hamı danışmır, amma hər kəs müharibəni bitirəcək, Ukraynaya təhlükəsiz gələcək təmin edəcək və döyüşlərin Avropaya sıçrama ehtimalını aradan qaldıracaq 28, 25 və ya 32 maddəlik bir çərçivə yaratmaq üzərində işləyir.”
Nazir son 24 saat ərzində minlərlə ukraynalı və rus hərbçinin öldüyünü xatırladaraq vəziyyətin təcili olaraq siyasi yolla həll edilməsinin zəruriliyini qeyd edib. O, planın qeyri-kamil olduğunu etiraf etsə də, “bəlkə də bu qüsurlu plan bizə bir cəhd imkanı verir; gəlin onu ədalətli və mümkün etmək üçün çalışaq” sözləri ilə dialoqa çağırıb.
Meloni: İtaliya ədalətli sülh üçün hazırdır
Cənubi Afrikada keçirilən G20 Liderlər Zirvəsində çıxış edən İtaliyanın baş naziri Corca Meloni isə Avropa və ABŞ tərəfdaşları ilə birlikdə Ukraynada ədalətli sülhün təmin olunması üçün işləməyə hazır olduqlarını deyib.
ABŞ-ın 28 maddəlik planına reaksiyalar
Tramp administrasiyasının hazırladığı 28 maddəlik sülh planı artıq Kiyevə təqdim olunub. Rusiya Prezidenti Vladimir Putin planı müzakirə etməyə hazır olduğunu bildirərək, onun “sülhün əsasını təşkil edə biləcəyini” deyib. Ukrayna Prezidenti Volodimir Zelenski isə plan üzərində işlədiklərini, lakin “milli maraqlara xəyanət etməyəcəklərini” vurğulayıb.
